"Bəzi qəzetlərin tirajına maliyyə yardımı düşmürdü. Buna görə də onların tiraj sayı saxta arayışlarla çoxaldılırdı”
...Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə şahid qismində KİVDF-də aparıcı məsləhətçi vəzifəsində işləmiş Samir Mustafayevin dindirilməsi davam etdirilib. Müdafiəçilərin suallarını cavablandıran Mustafayev sabiq icraçı direktorun ona qanunsuz tapşırıq vermədiyini deyib: "Onu deyə bilərəm ki, təkliflərlə bağlı zərflərə iclasda baxılmayıb. Şərtlər, imzalanan müqavilələr, onlara düzgün riayət olunub-olunmaması ilə bağlı məsələlərdən mənim xəbərim olmayıb. Fondun on işçisindən beşi tender komissiyasında olub. İştirakçılar da eyni şirkətlər olub. Biz yalnız işçi idik. Nəyəsə müdaxilə edə bilməzdik. Vüqar müəllimə qarşı qərəzim yoxdur. İşdə mühasib gəlib deyirdi ki, tədbirlərlə bağlı sənədlərə qol çəkmək lazımdır, mən də qol çəkirdim".
Hakimin suallarını cavablandıran şahid deyib ki, jurnalistlərə tikilən binalarla bağlı tenderdən kənar şirkətlərlə müqavilələr imzalanıb: "Həmin şirkətlər Prezident Aparatının İctimai siyasi şöbənin rəhbərinə yaxın olub. Tenderdən kənar şirkətlərlə müqavilələr bağlanıb. Tender komissiyası yaranana kimi artıq iki binanın təməli qoyulmuşdu. Ümumiyyətlə, tenderlərdə hansı şirkətin qalib olmasını Əli Həsənov özü razılaşdırırdı. Mənzillərin kimlərə verilməsinin Vüqar müəllimlə bağlığı yoxdur. Seçimə ictimai-siyasi şöbə baxıb, sonra bizə göndərilib. Qəzetlərə maliyyə yardımı normal qaydada həyata keçirilib. Həmin siyahı da Əli Həsənovun şöbəsində razılaşdırılırdı. Maliyyə yardımı ayrılan qəzetlər gündəlik ictimai-siyasi və idman qəzetləri idi. Bəzi qəzetlərin tirajına maliyyə yardımı düşmürdü. Buna görə də onların tiraj sayı saxta arayışlarla çoxaldılırdı”.
Məhkəmə prosesi noyabrın 30-da davam edəcək.