ÜÇRƏNGLİ BAYRAĞA SEVDALI ŞAİR
...Mən onu böyük məmnuniyyət və qürur hissi ilə poeziyamızın bayraqdarı, hətta İstiqlalımızın ilk sevdalısı adlandırıram.
...Mən onu böyük məmnuniyyət və qürur hissi ilə poeziyamızın bayraqdarı, hətta İstiqlalımızın ilk sevdalısı adlandırıram.
Hörmətli Asif Mərzili! Bu ədəbi oçerki yeni nəşr ediləcək “Ədəbiyyat tarixi” üçün yazmışam. Hələ ki, heç bir yerdə dərc edilməyib. Ənvər Əhmədin haqq dünyasına qovuşduğu hamımızı kədərləndirdi. Təsəlli üçün bu ədəbi oçerki (həcmi böyük olsa da...) dərc etməyinizi xahiş edirəm! Hörmətlə: Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas.
17.02 2022.
(Əvvəli ötən saylarda)
Bu əsərlərdən göründüyü kimi, Ənvər Əhmədin xalqına, millətinə məhəbbəti yüksəkdir, millilikdən, xəlqilikdən, milli mənafedən kənar nə varsa onun diqqətindən kənardadır və ya bir lirik kimi təhnizindədir... Yəni lirik mətnin alt qatında, mətnin gizli kodunda bu təhniz ortaya çıxır, lap, ifşaedici ovqatda... Burda ikili standartlara yer yoxdur. Və bu lirik təhnizdə satira səviyyəsində nifrət və öldürücü atəş də görmək mümkündür ki, əslində bu ayıq oxucunun, psixoloji cəhətdən həssas oxucunun işidir...
Həmçinin bu hiss və duyğular xalqa, millətə, vətən övladına məhəbbətdən irəli gəlir... Vətənpərvərlik və vətəndaşlıq tendensiyası - poetik-bədii tendensiya da buradan irəli gəlir. Bu xətti yaradan cəhət isə xalqa, millətə böyük, sarsılmaz məhəbbət idi və xalqı biganəlik, susqunluq, görməməzlik girdabından çıxararaq işıqı sabahlara aparmaq, sosial ədalət bərqərar olmuş cəmiyyətdə yaşamaq istəyi, arzusudur... Ənvər Əhməd bü cür ülvi arzularla oxucusunu “şair əllərinin” (qələminin) açdığı qapıdan keşirə bilir:
Bir küləyin açdığı qapı var,
Bir ölümün açdığı qapı var,
Bir şair əllərinin açdığı qapı var...
Ənvər Əhməd Azərbaycanın tanınmış şairi və mədəniyyət xadimidir. Uzun illər Təhsil sahəsində çalışmışşdır, Ali məktəb rəhbəri olmuşdur. Ölkəmizin erməni işğalçılarına qarşı apardığı mübarizədə Ənvər Əhmədin qələmi kənarda qalmamışdır. Ənvər Əhməd bu gün də gənclik eşqi ilə yazır, yaradır...
Ənvər Əhmədin epik yaradıcılığı olduqca vüsətli, əhatəli, mövzu və tematika cəhətdən rəngarəngdir. Onun yuxarıda adlarını çəkdiyimiz poemalrı ilə yanaşı “Xarı bulbul”, “Şəhriyara salam”, “Daş qanı”, “Bu yara göz bağlamaz”, “İttiham”, “Vətən”, “Qobustan möcüzəsi”, “Torpağın işığı”, “Süleymn və Bilqeyis dastanı və yaxud, Quş sümüyündən saray” və s. poemaları vardır. Bunların , demək olar ki, hamısı Qarabağ mövzusunda yazılıbdır.
Ənvər Əhmədin bu əsərlərində müxtəlif taleli insanı bir amal yaşadır - vətən, torpaq, ailə qarşısında mənəvi dəyərlərimizə, əxlaqi keyfiyyətlərimizə sadiq qalmaq, onu gələcək nəsillərə xeyirxah nümunələrlə aşılamaq.
Müəllifin toxunduğu mövzular olduqca müxtəlifdir. Qələmə aldığı poemalarda Ə.Əhməd nəinki tariximizi, mədəniyyətimizi eləcə də ibrətamiz düşüncələri bədii boyalarla, dərin təhlillərlə, incə yumorla oxucunu özünə cəlb edir. Onun lirik-epik qəhrəmanı qarşına çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdrət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirir və müəllifin öz obrazı ilə - poeportreti ilə harmonik əlaqə qurur, biri digərini tamammlayır... Ənvər Əhmədin indiyə qədər yaşadığı məsuliyyətli və gərgin şair həyatının, məşğul olduğu bədii, ədəbi-elmi fəaliyyətin real həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, bu reallığın özü onun milliliyə xidmət edən fəaliyyət dairəsini şərtləndirir.
Ənvədə millilik son dərəcə sosiallaşmış formatda təqdim edilir... Ənvər Əhməd məsuliyyətini dərk edən bir şair kimi siyasi proseslərə, ölkənin taleyüklü problemlərinə öz mövqeyini ifadə etməli, neqativ hallara qarşı çıxmalı olduğunu dərk edən ziyalılarımızdandır . Beləliklə də, o, öz məsuliyyətini anlayan bir millət qğləm əhli olaraq həm mənəvi, həm də qanuni vəzifəsini yerinə yetiririr.
Onun bir sıra şeirlərində sanki qutsal kosmoqonik akt baş verir, içindəki boşluq poeziya havası ilə dolur... Yaxşı olan budur ki, onun şeirləri filoloji fikir məkanına daxil olub orada məskunlaşa bilir... Əsas sosial problemlərdən biri də dövlətin millətləşməsi ilə bahəm, millətin də dövlətləşməsidir... Dövlətləşmiş millətə kənar, yad, yabançı ünsürlər yeritmək qeyri-mümkündür, o, bütün cinahlarda yabançılaşma təhlükələrinə müqavimət əzmindədir. Poeziyada bu pozitiv tendensiyanın təbliği aparıcı olmalıdır... Poeziya - ədəbiyyat şərəfli millət uğurunda mübarizənin öncül müsəlləhi olmalıdır. Ədəbi sima konkret dövrdə filoloji fikrin möhtac olduğu dərinliklərdə iş görməyə çalışar. Ənvər Əhməd klassikanın modern təfəkkürünə qoşularaq (beyinəqoşulma) ənənəvi milli təyinediciləri bərpa edə bilir... İlk baxışda bu normativ fon kimi görsənsə də, dərinə varanda bu normativlikdə Ənvərə məxsus bir özgürlüyün, özünəməxsusluğun yeniliyini sezirsən... Poetik mətndə məxsusi deyim-leksikası meydana gəlir. Poetik əsər, poetik mətn zaman və məkan dəyişikliyinə uğrayaraq yenilənir... Başqa sözlə, Ənvər haradasa ədəbi ənənələri mükəmməlləşdirməklə də məşğul olur və onun üslubunun novatorluğunun bir çaları da elə buna bağlıdır... Belə olan tərzdə onun poeziyası ədəbi mühitdə - oxucuda hörmət, simatiya, rəğbət doğurur...
Vətənpərvərlik və vətənsevərlik motivi əsas xəttin seqmentidir və fəlsəfi-teoloji-sosial məzmun daşıyır. Poeziyanın ruhundan ötürülən energetik infomasiya -müəllif-oxucu münasibətində birləşərək dramatik-duyğusallıqla spontan, təhtəlşüuri meydana çıxır...
Ənvər Əhmədin yaradıcılığ milli məzmunlu poetik konstruksiyalra malikdir. Bu əsasən bədii obraz, bənzətmə və ifadələrdə ortaya çıxır. Bütün bunlar milli lirik xarakterin ortaya çıxması üşün poetik-bədii fənddir və məna-məzmun social status qazanır...
Müəllif monotonluğun, etinasızlığın mənəvi-psixoloji yorğunluğunu daşıyan, münasibətlərində böhran yaşayan insan həyatına milli-ideoloji rakursdan baxaraq dayanıqlı vətəndaşlıq formulunu təklif edir... Bu isə poetik ideyanın stimullaşdırılması müstəvisində sosial-siyasi məzmunda və fərdin işıqlı duyğularına pozitiv-instinktiv planda baxışdır...
Ənvərin poeziyasında məna və məzmuna uyğun pafos müşahidə olunur, məsələn, necə ki, Səməd Vurğunun poeziyasında çılğın mili əsasda olan ehtirasları göstərmək bacarığı buradakı pafosu doğruldur və nəinki doğruldur, o pafos səni ələ alır, çünki süni yox, təbiidir, bu dərəcədə ehtiras, çılğınlıq elə bu cür də təqdim olunmalıdır... Bu onun əsasən dramatic əsərlərinə - pyeslərinə daha çox şamil etmək mümkündür. Onun pyesləri poemaları qədər monumentallığı ilə diqqəti çəkir. Həm təhkiyəsinə, arxitektonikasına, həm də məzmunun zənginliyinə, mənalılığına, milli təəssübkeşlik miqyasına görə bu əsərlər püxtə qələmlə yazılıb... Burada latentlik, demək olar ki, yoxdur, aşkarlıq və reallıq boya-boydur... Ənvərin poeziyası XX əsr 70-80-ci illər Azərbaycan poetic realizm manerasındadır.
Obrazların düşüncələri və düşüncələrindəki təbəddülat, mülahizələri elə detallarla, şair müşahidələri ilə qələmə alınıb ki, təbii inam və inandırıcılıq aşkar olur... Ənvər Əhmədin poeziyası tale poeziyasıdır. İnsan taleyinin özü də, onun ətrafındakıların xisləti də bəşəri hiss-həyəcanlardan, bəşəri dəyər və naqisliklərdən ibarətdir - sevgi və nifrət, vəfa və vəfasızlıq, mərdlik və xainlik, sevinc və kədər, bayram və matəm, sədaqət və xəyanət və s. və i.a. Bədi əsərin kolliziyasını əslində bunlar təşkil edir... Tale poeziyası olduğundandır ki, “Məbəd” şeirində belə siqlətli bədii, belə dəruni mətləbli misralar qələmdən süzülür:
Bu torpağın altı mənəm,
Üstü sən!
Bu sevdanın alovu mən,
Tüstü sən!
Ehh... Ömrümün ölüsü mən,
Büstü sən!
Qarışıbdı çiçək gülə,
Dönmüsən Xarı bülbülə!
Və yaxud, “Tarix” şeirində:
Bir qarışqa ömrü ilə,
Qaya çapdım, dağ aşırdım.
Bu dünyanı tutub dilə,
Onu qəbrimə daşıdım.
Ənvər Əhmədin otuza qədər kitabı çıxıb. Bunların arasında həm şeir, poema, həm də dram əsərləri var. Bu əsərlərin əksəriyyətində bu cür orjinal deyimli, poetik obrazlı, hissi-emosional məzmunlu şeirlər çoxluq təşkil edir.
Ənvər Əhməd müsahibələrinin birində deyir: “Biz içimizi təmizləyib, qeyrətimizi oxvarlayıb, ən azından işğaldan qabaqkı mənəviyyata qayıtmalıyıq. Mənim bu mövzuda bir şeirim var. “ Bu qılınc qınında pas ata bilməz” adlanır. Orada yazmışam:
“...Qardaş, Qarabağsız ruhumuz qandı,
İçək Göyçə andı, Zəngəzur andı!
Qələbə tarixin yazılmayıbsa,
Düşmənin məzarı qazılmayıbsa,
Əgər qəbir-qəbir itirsə vətən...
Əgər bu millətin oğlusansa sən,
Bu qılınc qınında pas ata bilməz.
Əgər Ələsgərin ruhu yandısa,
Əgər dünya səniu belə dandısa,
Əgər ucalmırsa qeyrət heykəli,
Əgər əsirdirsə neçə qız-gəlin...
Bu qılınc qınında pas ata bilməz!”
Bununla bərabər, sənin mənəviyyatın da pas atmamalıdır. Qılıncdan, tüfəngdən, topdan qabaq millətin mənəviyyatı ovxarlanmalıdır. Mənəviyyat qayıtmasa və bunun fonunda vətənpərvərlik hissi güclənməsə, Qarabağı qaytara bilməyəcəyik. “Azərbaycan” şeirində deyildiyi kimi:
... Baş qoyaraq dizin üstə,
Tarix boyu can vermişik.
Qətrə-qətrə doğranmışıq,
Araz-Araz qan vermişik.
Sızlayanda ürəyimiz,
Ağ günə güman vermişik.
Dərdlərimiz hamilədir,
Qeyrət doğar Azərbaycan!
Bu dünyanın gözlərindən,
Heyrət doğar, Azərbaycan!
Bu, şairin müqəddəs arzularından, istəklərindəndir. O, vətəni bütöv görmək, dünyanı heyrətləndirmək ümidini heç vədə itirmir. Ənvər bu arzuda ikən, o taylı, bu taylı Azərbaycanı bütöv görmək istərkən, Qarabağ dərdi ilə dərdimizin üstünə bir dərd də gəldi. Bildiyimiz kimi, bizim təkcə Qarabağ yox, həm də Dərbənd, Göyçə, Zəngəzur, Borçalı, Araz, Təbriz ağrılarımız var:
“Oxudum “Arazbarı”
Araz dərdimə barı.
Dərdimi nərdivan et,
çıxım Allaha sarı.
Soruşum, hanı mənim
Bütöv Vətənim?”
Ənvər Əhmədin “Qara qutu” adlı, ibrətamiz, simvolik poeması var. Təyyarənin qara qutusunu nəzərdə tutmuşdur. Orada deyir ki, Azərbaycan qəzaya uğramış təyyarə kimi parça-parça olub. Amma bu qəzanın səbəbini öyrənmək üçün qara qutunu tapa bilmirik.
Ənvə Əhməd “Çanaqala” şeirində Türk qövmünün mübarizə əzminin ruhunu, əbədiliyini, ölməzliyini qeyri-adi bir şair fəhmi ilə verə bilibdir. Bu gün Qarabağ yaylalarında, dağlarında elə həmin Çanaqqala döyüşləri geir. Şeir belə qurtarır:
Əvət, dünya üzündə bir türk oğlu türk qala,
Yenə, yenə basılmaz o məğrur Çanaqqala!
Türkiyə türk adlanan məğrur bir millətindir,
O əyilməz, o ölməz, o məğrur, o mətindir!
Bir bayraq yoğrulubsa türkün qanından,
O bayraq enməmişdir, enməyəcək heç zaman!!!
Onun şair, ziyalı əqidəsi və amalı dürüstdür, millidir və özü dediyi kimi inamı bu mətləbə bağlıdır: “Azərbaycanın torpağını daşıyıb lap Ayın üstünə də apara bilərlər, amma onun mənəvi ruhunu, şerini, poeziyasını, muğamını, sazını, milli ləyaqət və qeyrətini, namusunu, kökünü-köməcini heç kəs, heç nə tərpədə bilməz. Hər şeyi zaman öz yerinə qoyacaq. ...Ona görə də mən bu günün gəncliyinin gələcəyindən narahat deyiləm və Qarabağı azad edə biləcək çox vətənpərvər gənclər yetişib, hələ yetişəcək də!!” Şair fəhmi ilə, uzaqgörənliyi ilə deyilən və milli mənafeyə yönəlik bu sözlər bu günümüzdə reallığa, həqiqətə çevrilir...
Onun 2019-cu ildə dərc etdirdiyi “Bu zülmü mənəm ki, çəkirəm, ana”, “Gəlmişəm”, “Ağlayır”, “Bilmirəm”, “Sən olum”, “Çəkinə-çəkinə”, “İtir”, “Kimi”, “Yolçu”, “Üşüyür”, “Barışdı”, “Dedilər, ölübdür, üçüdür bu gün”, “Ömrümə” qəbildən şeirlərində də, illər öncə yazdığı poetik nümunələr kimi təsirlidir, yenidir, insani hiss və duyğuların zənginliyi, həyati detalların poetik mənalndırılması ilə diqqəti cəlb eləyir, “ağlayır” şeirində olduğu kimi:
Ötsün asta-asta segah, şikəstə,
Od yağdı Vaqifin qəbrinin üstə,
Dağıldı yurd-yuva, torpağı xəstə,
Qan sızır yaramdan, gözüm ağlayır.
Yas tutdu Natəvan, hönkürdü Bülbül,
Olub Qaryağdının naləsi dil-dil,
Yoxdur Qarabağım, fəryad et könül,
Sönüb od-ocaöım, közüm ağlayır.
Gəzdiyim oylaqlar geyinir qara,
Çəkildim Şuşada gözümdən dara,
Vuruldu sinəmə əbədi yara,
Bulaqlar üstündə izim ağlayır.
Ay Ənvər, fələyin min-bir oyunu var,
Hanı gürşad səsli, qartallı dağlar,
Elə bil yoxumuş o gözəl çağlar,
Uçdu qəsri-qalam, sözüm ağlayır.
Bu, pessimizm deyil, vətənsizliyin, Qarabağsızlığın yaratdığı həsrət ovqatıdır...
Şuşanın bir adı da Qaladır və qəsri-qalası düşmən əlində uçub dağılan şair-vətəndaşın sözü ağlaya-ağlaya, mənanın alt qatında əsgərə, süngüyə dönür, azadlıq çağırışına çevrilir, həsrət gözlərin ümid çırağını yandırır... Təsadüfi deyildir ki, onun həmkarı, qəlm dostu, istedadlı şair-publisist Ramiz Məmmədzadə Ənvər Əhmədin yurd həsrətinə, vətən sevgisinə həsr edimiş əsərlərin “şair Ənvər Əhmədin “Qarabağnaməsi” adlandırıbdır. Professor Nizami Taöısoy isə Ənvər Əhmədin poeziyasını müasir Azərbaycan ədəbiyyatının mühüm qollarından biri hesab edibdir... Onun Azərbaycan Respublikasının Ali baş komandana xitabən 03.03.2006-cı ildə yazdığl “Ali Baş Komandanın əmrinə müntəzirik” şeirinin ideya-siyasi qayəsi 2020-ci ilin sentyabr ayının 27-dən bəri reallaşması şair fəhminin öncəgörüm ecazına ehtiram doğurur, şeir elə bil bu günlərdə yazılıbdır:
Ali baş komandanım, əmrinə müntəzirik,
Hər bir əsgər mərd, mətin, ilan başı əzirik.
Yarası göz-göz olan vətən ağrı çəkirdi,
Məkirli yağı düşmən qan toxumn əkirdi.
Üçrəngli bayrağımı bağrım üstə sıxıram,
Qarğa qonan zirvəyə qartal kimi çıxıram.
Ey ərən oğlu, ərən, haydı, deyin: qana qan,
Tətik çəkən əlindən öpəcək Azərbaycan!
...Ali baş komandanım, bu tarixdir, yazılır,
Tökdüyü qan içində, düşmən qəbri qazılır.
Məğlublar tarixini tərsinə yazır yağı,
Onlara bax, beləcə çəkirik biz göz dağı.
Döyüşə hər atılış, hər vuruş haqdır indii,
Ey vətən, o torpağın hər zərrəsi sənindi,
Cahangirlər böyüdən bu ulu xalq mətindi,
O yer, o yurd, o dağlar bizim məmləkətindi.
... Elə bu an, bu saat vətən andı içilir,
Düşmənin öz kəfəni öz qanından biçilir.
Daş qəfəslər əriyir, nəfəsinin odundan,
İgid komandirlərim, şeirimizin adından
Sizə alqış deyirəm,
Qələbə istəyirəm, qələbə istəyirəm.
Çıxarıb ürəyimi yolunuza atacam,
Hey ucalıb, ucalıb, allahıma çatacam,
... Arxaya yol yox daha, hər şey bizdən öndədir,
Hər şey ürəkdən, candan, hər şey gözdən öndədir.
Qaldır bayrağımızı göylərədək ucalsın,
Orda tarix diz çöküb bircə anda qocalsın!..
Gedir, gedir ordumuz, hücum əmri qətidir,
Qarabağ başdan-başa vətənin cənnətidir.
Ali baş komandanım, son sözü sən demisən,
Dünyanı silkələyib, haqqını istəmisən,
Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir.
Bu haqqın son çağırışı qələbə təntənəsidir.
Bu yolda ölüm-itim, bu yolda hər şey olar,
Bu hücumun zorundan yeni vətən doğular.
On üç bənlik bu şeir-monoloq, çağırış, aşağıdakı misralarla bitir və, ulu Səməd Vurğunun “Müsəlləh əsgərəm...” harayına qoşulur: “Mən də bir əsgər kimi döyüşməyə hazıram, Bu şeirimlə düşmənə ölüm hökmü yazıram!..” Poeziyanın əbədiyaşar ruhu, sehri beləcə reallaşır, Ali Baş Komandan İlham Əliyev 500 il əvvəldə qalmış Azərbaycanın hünər tarixini yazdığı anı şair Ənvər Əhməd 4 il bundan qabaq duymuş, hiss etmiş, daha dürüstü isə şair fəhmi və vəhi ilə görmüşdür...
Bundan əvvəl şair Qarabağ dərdinin qandonduran soyuğunun ağrılı sızıltısında üşəndiyini, üşüdüyünü bildirərək “Üşüyür” şeirində, Qarabağ işğalını “tanrı qarğışı”, “ömrün qışı”adlandırarq bütün mənəviyyatının, ruhunun üşüdüyünü deyir. Əslində bu işğal əzabının “qışına”, “sazağına” bütün millət üşüyür:
Bu bir tanrı qarğışıdı,
Dərdim canımın yaşıdı,
Dondum, ömrümün qışıdı
Əzabım, cəbrim üşüyür.
Batmamışam günahıma,
Allahım batar ahıma.
Alov tökün görgahıma,
Yetimdi, qəbrim üşüyür.
Boğdu məni bu dərd-ələm,
Nəsə yaman tələsirəm.
Qultək dərdimə əsirəm,
Tələsir, səbrim üşüyür.
Lakin otuz il buz bağlayan, qütüb buzlaqlarına dönən bu “işğal buzlağı” Ali Baş Komandanın “Qarabağ Azərbaycanındır! Nidası ilə əriyir və şair bu qələbə yürüşünün, nidasının səsini dörd il bundan əvvəl eşidərək yazmışdı:
İldırım tək gurlayır, yüksəlir cəngi səsi,
Xan oxuyur Şuşada “Qarabağ şikəstəsi”!..
Odur pişvaza çıxır, saçları qan Natəvan,
Qucaqlayır oğlunu, Azərbaycan Natəvan!
Dərələrdən od çıxır, göylərdən gurşad yağır,
Düşmən içir qanını, hey bağırır, çığırır.
Ağdam külü üstündə qovrula bilməzdi, yox,
Bu döyüş erməninin köksünə sancılan ox!
Təxminimizcə bu şeirin mətninin alt layından boy çəkən belə bir məna və mahiyyət oxunur: “ Qarabağ qələbəsindən sonar Böyük Üzeyir bəyin vahid Azərbaycan himni oxunacaq. O himnin şaqraq sədaları əcdadlarımızın müqəddəs beşiyi sayılan bütün Azərbaycanımızın daşına, torpağına, havasına, suyuna və nəhayət, məğrur Vətən övladlarının qanına və iliyinə hopacaq! Onda şəhidlərin də ruhu qızıl qərənfillər kimi pardaqlanacaq. Qardaş və bacılarımız! Ata və analarımız! Yolunda qan tökdüyünüz ulu Qarabağınız və ümumən o taylı-bu taylı bütün Azərbaycanımız Xilaskar Sizə - Ali Baş Komandan İlham Əliyevə əbədiyyət evinədək şükranlıqlarını və minnətdarlıqlarını saxlayacaq, əbədi qəhrəmanlıq salnamələri yaradacaqlar...
Ənvər Əhmədin yaradıcılığında mənzum dramın öz məqamı var. O, bu sahədə Hüseyn Cavidin, Səməd Vurğunun ənənələrini layiqincə davam etdirir. Onun epik poemalarının süjetində, strukturunda qabarıq görsənən dramatik cizgilərin davamı olaraq mənzum dramlarının yaranması təbii haldır, məntiqi yaradıcılıq aktıdır. Ənvər Əhməd müxtəlif illərdə üç mənzum pyes yazıbdır: “Baharın göz yaşları” (1986), “Qanlı torpaq” (1992) və “Ruhların fəryadı” (2013). Bu mənzum pyeslərin mövzuları tarixi faktlardan götürülərək poetik sözün gücü ilə nikbin, ümidli və müdrikliklə yoğrulmuş tarixi sıhnələri canlandırmışdır.. Bu əsərlərin mahiyyəti və cazibəsi əsasən, şairin parlaq poetik idrakla, zəka ilə milli varlığımızın əsas faktlarını və məqmlrını əhatə edən tarixi faktların, tarixi gerçəyin vəhdətində üzə çıxır.
“Baharın göz yaşları” mənzum pyesinin süjetinin əsasında görkəmli yazıçı Mir Cəlalın “Bir gəncin mnifesti” əsərinin motivləri dayanır. Burada romanın obrazlarından olan Azərbaycanlı ananın - Sonanın məğrurluğu və yenilməzliyi ilə, Baharn, Mərdanın mərhəm, milli xarakterləri ilə tamamilə başqa rakursda, yeniləşmiş dramatik-poetik obrazlarla qarşılaşırıq.
“Qanlı torpaq” mənzum pyesinin mövzusu Qarabağ xanlığının tarixi fonunda XVIII - XIX əsrdəki bütün Azərbaycan tarixi bədiiləşdirilərək mənzum pyesin pərdələrində canlandırılmışdır. Əsər altı pərdə, on beş şəkildən ibarət monumentall səhnə əsəridir...
Ənvər Əhməd bu əsəri yazmaq üçün Azərbaycanın XIX əsr maarifpərvər tarixçiləri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin, salnaməçilərdən Mirzə Rəhim Fənanın, Baharlının, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin, Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerklərindən, həmçini Tehrandan, Təbrizdən, Ərdəbildən əldə etdiyi tarixi mənbələrdən istifadə edərək tarixi faktlara və gercəkliklərə uyğun şəkildə, heç bir təhrifə yol vermədən xarakterik tarixi obrazlar silsiləsi yaratmışdır. Bu səhnələrdə Ağa Məhəmməd şah Qacar, İbrahimxəlil xan Cavanşir, Fətəli xan Qubalı, Kəlbəli xan Kəngərli, Kərim xan Kəlbəli, Hacı Çələbi xan, Hacı Məhəmməd xan, Ağası xan və möhtəşəm Cavad xan kimi tarixi şəxsiyyətlərin obrazları poetik sözün təsirli imkanarı ilə canlandırılmış, demək olar ki, müəllifin təxəyyülü tarixi həqiqətlərə mümkün qədər müdaxilə etməmişdir.
Ənvər Əhməd üçüncü mənzum əsəri olan “Ruhların fəryadı” pyesində bədii üsul kimi mistik bir formatda Şuşa şəhərində - Qarabağın paytaxtında yaşayıb-yaratmış, tarixi şəxsiyyətlər kimi fəaliyyət göstərmiş, artıq haqq dünyasında qərarlaşmış dahi insanların ruhlarını işğal olunmuş şəhərdə görüşdürərək olduqca təsirli, ibrətamiz lövhələr yaradır. Burada bədii təxəyyüllə, tarixi həqiqətlər çuğlaşaraq təsirli mətləbləri, mənaları müasirlik ladında ortaya gətirir... Bu əsərlər Ənvər Əhmədi yaradıcı dramaturq kimi ortaya çıxarır, mənzum dramın hələ də tükənmədiyini sübut edir...
Ənvər Əhmədin pyeslərinin obrazları çoxşaxəli və polifonik tarixi yaddaşa malikdir, bəzən, bir söz, bir ifadə böyük bir təsvir planını əvəz edir, deyilişdə elə bir intonasiya seçilir ki, sözün özü artıq görünür, konkret misalda sanki sözlə deyil, təəssüflə, ötüb-keçən günlərin ürəkdə qalan ahı, min illərin kirpikdən düsməyən göz yaşı... ilə üz-üzə gəlirsən. Dialoqlar elə qurulur ,sual elə verilir, mükalimələr elə qurulur ki, təbiiliyin sehrinə düşürsən...
Ənvər Əhməd bir alim-tədqiqatçı, tərcüməçi, publisist, redaktor kimi də səmərəli fəaliyyət göstərib. Onun M.Ə.Sabir yaradıcılığının poetikasına həsr etdiyi samballı monoqrafiyalar, elmi-nəzəri məqalələr, ictimai-siyasi, ədəbi məzmunlu publisistikası, qələm dostlarının yaradıcılığına həsr etditi ədəbi-tənqidi fraqmentlər, redaktoru olduğu, ön söz yazdığı, tərtib etdiyi poetik, ədəbi kitablar onun bu sahədəki işlərinin maraqlı faktlarındandır.
Ənvər Əhmədin yaradıcılığında ilk şeirlərindən etibarən poetik fikrin müntəzəm hərəkəti, inkişaf dinamikası həmişə müşahidə edilibdir. Onun lirikasındakı daxili dinamikanın, “lirik “mən”in” rəngbərəng yaşantılarının əsas hədəfi həmişə ümummilli əhval-ruhiyyəni, ümumxalq kədərini əks etdirməkdir...
Şair, dramaturq, alim-tədqiqatçı, publisist Ənvər Əhmədin bütöv yaradıcılığı öz ampulasında çevrələnən ideya-estetik amalı, mətləb və kredosu ilə milli məfkurəyə, dövlətçiliyə, müstəqilliyə - Türkçülük və Azərbaycançılığa, gələcəyin milli strategiyasına xidmət edən və öz zamanının, dövrünün gerçəkliyindən nəşət tapan, ədəbi-bədii söz çələngindən ibarət poetik düşüncələrdir..
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
...8 aprel - xalqımızın görkəmli sənətkarı Yaqub Zurufçunun dünyaya gəldiyi gündür
...Ayrılıqlar da, qovuşmalar da taleyin və zamanın qismətidir. Tale Yaqub Zurufçunun qismətinə illərlə həsrətində olduğu doğma Azərbaycana “Ayrılıq” mahnısı ilə qovuşmaq qismət eləmişdi. Həyatda hər kəsin, hətta torpağın, daşın, quşun, yarpağın, dənizin, bulağın da öz nəğməsi var, deyirlər. Hərə öz dilində oxuyur nəğməsini. Yaqub Zurufçu da hələ qürbətdə ikən özünün təkrarsız və bənzərsiz nəğməsi ilə milyonlarla azərbaycanlının qəlbində əbədi yuva qurdu. Sonra Yaqub Zurufçunun “Ayrılıq”ından xalqımızn bir araya yığışdığı məkana - Azadlıq meydanına intizar, həsrət, göz yaşları yağdı. İnsanlar bu nəğmə yağışının altında keçmişdən gələcəyə, bu taydan o taya ümidlə boylandı.
Daha sonra “Ayrılıq” Azərbaycanın milli-mənəvi dirçəlişinə təkan verdi, “el arası çəpər olmaz” məntiqi ilə bütün ayrılıqlara son qoymağa, müqəddəs torpaqlarımıza göz dikən yağı düşmənlə savaşa ruhlandırdı.
Əbəs yerə Yaqub bəy demirdi ki, “Ayrılıq”ı oxumaq üçün, ya gərək aşiq olasan, ya da ki, vətənpərvər. “Mən onu vətənpərvər kimi oxumuşam.” Müğənninin tale və sənət yollarına silsilə məqalələr həsr etmiş Əməkdar jurnalist Rəhman Orxanın təbirincə desək, “Yaqub Zurufçu Vətən həsrətli-eşqli qəlbini “Ayrılıq”dan qopardıb, bütün dünyanı dolaşaraq, onu yalnız Azərbaycanda tapındıra, ovundurub-sevindirə bilib”.
Qeyd edək ki, görkəmli sənətkar 65 illik ömründə dünyanın çox olkələrinə səfər etmişdi.
***
...7 yaşında Təbriz şəhərinin Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub Zurufçu elə həmin illərdə Təbriz radiosunun uşaq proqramında iştirak edərək, şövqlə oxuduğu “Cücələrim” mahnısı ilə bütün İranda tanınmış, dillər əzbəri olmuşdu. 15 yaşında isə Təbriz Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De, gülüm gəlsin, ay nənə”, “Dilbər” mahnısını ifa edən müğənni bu istedadını və oxumaq istəyini atası Qulu kişinın uzun müddət Bakıda yaşaması və doğma xalqının musiqisinə olan sonsuz sevgısi ilə əlaqələndirdi.
***
....Gənc yaşlarında Tehran opera teatrının xorunda öz musiqi fəaliyyətini davam etdirən sənətkar 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra Almaniyaya köçdü. Lakin Təbrizdən başlayan sənət uğurunu sonralar qürbətdə davam etdirərək bütün dünyada, xüsusilə müsəlman aləmində, Şərq dünyasında böyük şöhrət qazandı. Onun Almaniya, ABŞ, Latın Amerikası və Avropa ölkələrində təşkil olunan ənənəvi konsertləri millətindən və dinindən asılı olmayaraq, bütün dinləyicilər tərəfindən həmişə sevilərək, rəğbətlə qarşılandı.
Hansı ölkədə yaşamasından asılı olmayaraq Yaqub Zurufçunun ürəyi həmişə Azərbaycan eşqi ilə döyünürdü... İki il öncə müsahibələrinin birində deyirdi ki, bu il Can Azərbaycana gəlişimin 30 ili tamam olur. “Çox xoşbəxtəm ki, Gülağa Məmmədovun dəvəti ilə 1989-cu ilin əvvəllərində Azərbaycana gəldim və illərlə həsrətində olduğum Vətən mənə doğma anam kimi qucaq açdı, bağrına basdı. Bu, həmin illər idi ki, Azərbaycan xalqı böyük bir imperiyaya qarşı azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı. Xoşbəxtəm ki, “Ayrılıq” mahnısı xalqımız tərəfindən sevildi... Və xoşbəxtəm ki, Vətənimin müstəqillik tarixində mənim də adım, mənim də payım var”.
Yeri gəlmişkən qeyd edək ki, dünya şöhrətli məşhur Azərbaycan və Türkiyə müğənnilərinin ifa etdikləri “Ayrılıq” Yaqub bəyə qədər bəzən xalq mahnısı hesab olunurdu. Sonralar məlum odu ki, “Ayrılıq” və eləcə də “Sizə salam gətirmişəm” mahnılarının musiqisi Bakıda doğulan, lakin Stalin repressiyası zamanı İran təbəələri kimi ailəsi ilə birgə ora sürgün edilən mərhum bəstəkar Əli Səlimiyə məxsusdur. Hər iki mahnı kövrək və həsrətlə ifa olunsa da, sanki Azərbaycanın cənubunu və şimalını mənən və ruhən qovuşdurur...
***
...İctimai Televiziyada işləyəndə Yaqub Zurufçu Təbrizə getdi və “Təbriz həsrəti” adında klip çəkdirdi. “Təbriz üçün çox darıxmışdım. 26 ildən sonra Təbrizə getdim və doğma şəhərimi tanımadım, əgər bura - Azərbaycan olmasaydı, mən çox tez dünyadan gedərdim. Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi həmişə mənə dəstək olub.” İranda Azərbaycan dilində təhsilin olmadığını dilə gətirən müğənni ürək yanğısıyla deyirdi ki, orada mənim özümün gül kimi dilim var, amma onu nə yaza, nə də oxuya bilirəm. “Niyə axı? Niyə belə olmalıdır?”
Təqribən 22-23 il qabaq Yaqub Zurufçunun bizim doğma Masallıya gəlişini xatırlayıram. Məni onun ifasından da çox heyrətləndirən, rayonda uşaqdan böyüyə hamının tanıyıb sevdiyi, cəddinin möcüzələri barədə sağlığında əfsanəvi söz-söhbətlər gəzən Seyid Sadıq ağanı ziyarət etməsi oldu. Viləşçay dəryaçasının sahilində Seyid Sadıq ağa ilə yadigar şəkil çəkdirən müğənni ondan xeyir-dua istədi...
***
...2009-cu ildə Yaqub Zürufçu həm Azərbaycan vətəndaşlığı aldı, həm də “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görüldü.
Ötən ilin sentyabrın 15-də qəlbi hər zaman Azərbaycanla döyünən Yaqub Zurufçu azərbaycanlı sənətsevərlərin çiynində “Qurd qapısı” qəbiristanlığında son mənzilə yola salındı. Sənətkarın dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etdilər. Həmin gün Yaqub Zurufçunun canlı ifasını dinləyənlər üçün olduqca kədərli gün idi. Ancaq onun ifasında təkrarsız gözəlliyi, ürəyəyatımlılığı ilə seçilən, qəlb oxşayan melodik Azərbaycan mahnılarını dinləmək bizə - qalib ölkənin musiqisevərlərinə həmişə böyük sevinc bəxş edəcək.
Allah Yaqub bəyə rəhmət eləsin!
Nurəddin Muğanlı
(Xüsusi olaraq “Təzadlar” üçün)
Azərbaycanda ilk muzey 1920-ci ildə yaradılıb.
Bir çox insanlar bilmir ki, "5 aprel Beynəlxalq Şorba Günü"dür.