Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik“ layihəsinə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi,
filologiya elmləri doktoru Esmira Fuad “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa”, “44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında” və “Qarabağ Zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” topluları hədiyyə edib. Kitabxanadan "Təzadlar"a bildirildi ki, “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamının icra olunması ilə əlaqədar nəşr olunub.
Esmira Fuad kitaba “Salam Şuşam, Uluyurdum mənim...” adlı ön söz yazıb. Kitabda Azərbaycanın tanınmış yazıçı və şairlərin yaradıcılığı və Şuşa, Qarabağ, 44 günlük Vətən müharibəsi, şəhidlər, Vətən qəhrəmanları haqqında yazdıqları əsərlər nəşr olunub. Kitabda klassik Azərbaycan şairləri ilə birgə, Cənubi Azərbaycandan olan yazarların da əsərləri yer alıb. Nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşiddir.
***
“44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında” adlı topluda “II Qarabağ savaşının Güney ədəbiyyatına yansıması”, “Həmid Əhmədzadə Telimxan”, “Nadir Paşa”, “Bəhmən Ələmdarlı Ələm” və s. yazılar verilib. Kitabın tərtibçi-müəllifi Esmira Fuad, baş məsləhətçisi Rəsul Qədiri, redaktor Səadət Şıxıyevadır. Kitabda Güney şairlərinin Vətən müharibəsi və Şuşa haqqında yazdığı əsərlər toplanıb. Topluda iyirmi yeddi Güney Azərbaycan şairi haqqında qısa bioqrafik məlumatlar və Vətən müharibəsinə ithaf olunmuş şeirlər və poemalar var. “Qarabağ Zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” topluda iki imperiya dövləti – İran və Rusiya arasında bölüşdürülmüş Azərbaycanımızı heç deyilsə, ədəbi müstəvidə birləşdirmək amacı ilə həm Güney, həm də Quzey yazarlarının qələmə aldıqları Qələbə ətirli, şəhid qoxulu əsərlərdən seçmələr toplanmışdır.
Topluda N.Həsənzadə, S.Rüstəmxanlı, R.Yusifoğlu, F.Əzizbəyli, K.Hacı ilə yanaşı, əslən Güney Azərbaycandan olan və ürəyi Qarabağda baş verən tarixi olaylardan, alnımızdakı 28 illik qara ləkəni öz rəşadətləri, qeyri-adi igidlikləri ilə silən və Zəfərə öz qütsal qanları ilə möhür vuran ərənlərimizin bütün dünyaya göstərdikləri unikal döyüş taktikasından güc alaraq qələmə sarılan K.Qəhrəmanoğlu, B.M.Elçibəy, R.Qədirli, Ə.Fəxr, K.Xiyavin əsərləri dərc olunub. Yazarların qələm nümunələrində “Dəmir yumruq”, Azərbaycan – Türkiyə – Pakistan dostluq və qardaşlığını yansıdan İlham Əliyev, R.T.Ərdoğan və İmran Əmir xan Niyazi dastanı ilə yanaşı, Vətən uğrunda şəhidlik sevdasına tutulan mərd oğulların, “General Polad”ın, “Mübariz”in adına dibsiz sevgi ilə bağlanan Azərbaycan ədəbiyyatında yeni səhifə açdığının şahidi oluruq.
JASMİN