Tanınmış şair-qəzəlxan Şahin Fazil “Yaşıl dünya naminə həmrəylik ili“ ilə əlaqədar kitabxanaya yeni yazdığı şeirini təqdim etdi...
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin üzvü, professor, şair-qəzəlxan Şahin Fazil kitabxanya yeni şeir təqdim etdi.
“İstəyirəm daş dövrünə qayıdaq” şeirində müəllif müharibəli, qəzalı, fəlakətli, ekoloji tarazlığı pozulan, faydalı qazıntıları istismar edilən, çox ağrının, göynəyin yuvası olan dünyamızın halına acıyır. Cahanın təkamülünün tənəzzül olduğunu vurğulayan, inciyən təbiətin fəryadına dözməyən şair daş dövrünə qayıtmaq istəyir.
ŞAHİN FAZİL, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, AYB-nin üzvü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu
İSTƏYİRƏM DAŞ DÖVRÜNƏ QAYIDAQ
Salamatdı dərə, təpə, qaya, dağ...
Daş dövründə bomba-filan yox idi.
İstəyirəm daş dövrünə qayıdaq,
Daş dövründə belə talan yox idi.
Zəhərlərin yoxdu hələ sorağı,
Dava-dərman görməmişdi bağça-bağ,
Mavi idi asimanın qucağı,
İstəyirəm daş dövrünə qayıdaq,
Daş dövründə boz asiman yox idi.
Tər-təmizdi suyu çayın, ümmanın...
Arala bax, Xəzərə bax, Kürə bax...
Tənəzzülmüş təkamülü cahanın,
İstəyirəm daş dövrünə qayıdaq,
Daş dövründə belə cahan yox idi.
Halal əmək, halal yemək, halal su...
Əyri adam olunardı daşqalaq.
Daş var idi, yoxdu daş-qaş arzusu,
İstəyirəm daş dövrünə qayıdaq,
Daş dövründə rüşvət alan yox idi.
Kim görmüşdü torpaq yana, daş yana?
Daş-ox idi, balta idi, daş-bıçaq.
Müftə idi daş, yox idi karxana,
İstəyirəm daş dövrünə qayıdaq,
Daş dövründə daşı satan yox idi.
Get Azıxa, bəlkə yenə çənə var?
Qobustanda Qavaldaşa yenə bax.
Uzaq başı daş-daş oynayardılar,
İstəyirəm daş dövrünə qayıdaq,
Daş dövründə raket atan yox idi.
Bərabərlik üstün idi, baş idi.
Harda vardı bu cah-cəlal, təmtəraq?
Silahları sapand idi, daş idi,
İstəyirəm daş dövrünə qayıdaq,
Daş dövründə gülləbaran yox idi.
Yuvasıyıq çox ağrının, göynəyin,
Gün-güzəran gah qaradır, gah da ağ.
Qocalmamış möhtacıyam eynəyin,
İstəyirəm daş dövrünə qayıdaq,
Daş dövründə eynək taxan yox idi.
Təqdim etdi: Y.Məmmədli