(Zaur Ustac hücrəsinə qiyabi səyahət)
Bu dəfə bir az fərqli baxmaq istədim çox sevdiyim sözə. Həmişə ərkyana döydüyüm qapıya bir ayrı məqamla gəlmək istədim bu dəfə. Dostluğu, yoldaşlığı da qoydum bir kənara. Sözün işığı çağırdı məni. Axı külün altında qoru görənlərdənəm. Odu söndürüb külüylə oynayanları sevmirəm. Ürəyimin istisinə bütün dünya qızına bilər deyə elə bütün ürəklərin də günəş tərəfində dayanmaq istəmişəm həmişə. Sazaq mənlik deyil.
…Zaur Ustac ürək qızdırdığım, günün hansı vaxtında olur-olsun ərklə qapısını (simvolikdi) çaldığım dostlardandır. Baxmayaraq ki, dostluğumuzun yaşı elə də çox deyil, bununla belə aramızda min illik hörmətimiz və ehtiramımız var. Arxalandığım şair həmkarlarımdandır. Sözündən tanıyıram. Hər yazar özünü sözüylə ələ verir. Zaur Ustacın sözü heç vaxt adamı incitməz. Qorxar incitməkdən.
Şairliyi də özünə bənzəyir. Hay-küysüz, utancaq…
Adam onun böyük səmimiyyətindən utanar. Göndərdiyimiz bütün materialları öz balası kimi əzizlər, qoruyar, muğayət olar. Hələ ürəkdolusu minnətdarlığı ilə adamı özünə borclu etməyi də var. Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən demirəm. Zənnimcə, onu tanıyan hər kəs mənim dediyimlə razılaşar. Bu ürəklə yaşamağa nə var ki..
Layk (bəyənmə) azarkeşi deyil. Öz hücrəsində, öz səssizliyindədi həmişə. Sakitliyində də özüdü. Kiməsə bənzəməyi də sevməz. Qəribə nizam-intizamı var. Verdiyi sözü həmişə tutar. Bəlkə bu onun vaxtilə ordu sıralarımızdakı xidmətindən irəli gəlir. Axı uzun illər Zaur Ustac vətənə sədaqətlə xidmət edib. Bəlkə sözə bu qədər sadiqliyi də burdan başlayır:
Yurdumun dörd yanını
Hürr görmək istəyirəm.
– deyən şairin arzuları yavaş-yavaş çin olur.. Bundan böyük, müqəddəs arzumu var? Kim bilir adam bu arzuya çatmaqçün neçə qat göynəkdən keçib bu çağacan:
Vətəndə əbədi nəğməyə döndün ,
Xudayar, zəfərli çağın mübarək…
Payızda vətənə bahar gətirdin,
Şəhadət ətirli bağın mübarək.
Bu sətirlərdə sevinci dolu-dolu yaşaya bilməyən şair ürəyinin həsrətini duyursan... Olumla ölümün, həqiqətlə yalanın mübarizəsində İlahi qələbənin nəfəsi duyulur bu sətirlərdə. Bu qalibiyyətdən, bu zəfərdə şairin də böyük payı var. Qanın-qadanın içindən keçmiş qalibiyyət özü də... Amma özü bu narahatlığından heç nə demir. Sadəcə yazır. Ütüsüz, boyasız, rəngsiz. Ağ-qara yazılarında bir özüdü, bir də çox sevdiyi azadlığı.
Üstündən yüz Araz axsın,
Torpaq bizim torpağımız.
Güney, Quzey – fərq eləməz,
Oylaq bizim oylağımız.
Canı torpaq, amalı Bütöv Azərbaycandı Zaur Ustacın. Tanrı muradını versin. Bütün yazılarına ürək qoyan yazardı. Hər sətrində qəlbinin odunu, alovunu duyursan. Şeirlərində qızına bilirsən şairin. Bu da bir ayrı bəxtəvərlikdi.
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş,
De, heç vaxtın oldumu, pəncərədən baxmağa.
- deyir Zaur Ustac. Yorğunluğunu sözündən tutursan Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şair dincəlməyə vaxt tapmasa da, qələmi yerə qoymur.
Onun şeirləri əhvaldan doğan şeirlərdi. Ağına-bozuna baxmadan yazanlardandı həm də. Söz əhvalının hansı səmtinə tuş gəlirsə, elə də yazır. Əsas odur ki, hamısında qəlbinin çırpıntıları var. Əsl şeirlər də səmimiyyətdən doğan şeirlərdi.
Gəzdim qarış-qarış doğma torpağı,
Hər dağda, dərədə izim var mənim.
Hələ keçilməmiş uca dağların
Uca zirvəsində gözüm var mənim!
Vətənə əsgər sevgisi var bu sətirlərdə. Üstəgəl, vətəndaş sevgisi. Əsas ürəyindən keçənləri dilə gətirməkdi. Bir də söz deməyə cəsarət də lazımdı. Şeir cəsarətlə yazılmalıdı. Sözü buxovlamaq olmaz.
Bəzən baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı – hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə “ölü şeirlər” deyirəm. Amma Zaur Ustacda həmişə bir cəsarət görürəm. Düşündüyü kimi yazır. Sözü boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də qaçmır. Bilir ki, uğura gedən yol tənqiddən keçir. Əlbəttə, əsl tənqiddən. Qərəzdən uzaq.
Zaur Ustacın bir “Yazarlar” yükü də var. Yazılarımızı onun rəhbərlik etdiyi jurnalın səhifələrində görmək xüsusi zövq verir bizə. Çox vaxt özümüzdən xəbərsiz dərc olunuruq. Bu sarıdan da böyük ürəyi var Zaur Ustacın. Çalışqanlığı və yeniliyi ilə seçilənlərdəndir. Həm də sözə məqsədsiz yanaşanlardan. Zaur Ustac özünə və sözünə arxalanan yazardır. Tanrı qorusun! Bu yazı da belə doğuldu. Birnəfəsə. Boyasız, bərsiz-bəzəksiz. Elə şairin özü və sözü kimi..
Təranə DƏMİR,
AYB-nin üzvü