Londonda 1-4 iyul tarixlərində keçirilən ənənəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çatıb.
Tezadlar.az-ın məlumatına görə, Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində mümkün olub.
II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya hər gün təqdim olunub.
Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nümayiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyimində arenaya çıxan “Sərhədçi” rəqs ansamblının möhtəşəm çıxışları, süvarilərimizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanmış, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırmışdır.
Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisinin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekranlarda nümayiş etdirilən füsunkar görüntüləri ilə müşayiət olunmuşdur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunmuşdur.
“Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləşmiş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyətimizlə görüşmüş, xatirə fotoşəkili çəkdirmiş, Azərbaycan təmsilçilərinin çıxışını möhtəşəm adlandırmış, bu çıxışlardan hər zaman məmnun qalmasını bildirərək Azərbaycan nümayəndələrinin gələcək atçılıq tədbirlərinə də qatılacaqlarına ümidvar olduğunu vurğulamışdır.