Məlum olduğu kimi, son illər bəzi məktəb direktorları qalmaqallı mövzularla gündəmə gəlirlər.
Gah onların rüşvət tələb edən səs yazıları yayılır, gah direktor adına yaraşmayan hərəkətləri, gah da rəhbərlik etdikləri məktəblərdə baş verən özbaşınalıqlar, düzgün qurulmayan şagird-müəllim, şagirdlərarası münasibətlər fonunda zorakılıq halları və s. görüntüləri.
Bəs kimlər məktəb direktoru seçilməlidir, yaxud həmin şəxslər hansı xüsusiyyətlərə malik olmalıdır, namizədlərdə daha çox nəyə diqqət yetirmək lazımdır, test suallarına cavab vermək kifayətdirmi?.
Bu mövzuda suallar çoxdur...
Təhsil eksperti Elşən Qafarov da direktorların seçim qaydasından narazıdır. Onun sözlərinə görə, direktorlar peşəkar müavinlər sırasından seçilərsə, daha effektiv olacaq.
"Praktika sübut edir ki, müəllim peşəsindən birbaşa direktorluğa gələnlər çox böyük çətinliklərlə üzləşir. Əksər hallarda onlar işlərini qura bilmirlər. Məktəb direktoru, yaxud direktor müavini müsabiqələrində onların komunikativ bacarıqlarını yoxlamaq üçün ilk növbədə sənəd qəbulu zamanı esse formasında məktəbin idarəedilməsi ilə bağlı konkret mövzular verilməlidir”,-deyə ekspert təklif verib.
O, qeyd edib ki, müsahibədə uğur qazananlar ən azından üç, altı ay əlavə təhsilə cəlb olunmalı, onlara nəzəri və praktik biliklər öyrədilməli və daha sonra məktəbə təyin olunmalıdırlar.
Elşən Qafarov hazırki formatın özünü doğrultmadığını və bu sahədə müzakirələrə böyük ehtiyacın olduğunu da düşündüyünü bildirib.
JASMİN