Bu dəfə hadisə Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbində baş verib.

Belə ki, sözügedən təhsil ocağının  9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızı artıq 1 aydır məktəbə getmir. Səbəbini şagirdin valideyni KİV-lərə göndərdiyi şikayət məktubunda bildirib. Valideyn İlqar Məmmədovun sözlərinə görə, övladının məktəbə getməməsinə səbəb onun Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva tərəfindən döyülərək şiddətə məruz qalması, telefonunun sındırılması və sinif yoldaşları arasında təhqir edilməsidir: “Direktor Çinarə Atayeva 26 aprel 2022-ci il tarixində əsəbi vəziyyətdə 9a sinfinə daxil olmuş, şagird Gülnar Məmmədliyə geyim forması ilə bağlı kobud şəkildə irad bildirərək əynindəki gödəkçəni çıxamasını tələb etmişdir. Bu zaman gödəkçənin cibində mobil telefon olduğunu gördükdə həmin telefonu şagirddən alıb, yerə vuraraq sındırmış və Gülnar Məmmədlini bir neçə dəfə divara çırparaq təhqir etmişdir. Bununla da əsəbi soyumayan Çinarə Atayeva şagirdi otağına aparmış, pəncərənin pərdələrini və qapını içəridən bağlayaraq Gülnar Məmmədlini döyərək fiziki şiddət göstərmişdir.

Direktor Çinarə Atayeva tərəfindən törədilmiş bu hadisə bundan qabaq bir neçə dəfə başqa şagirdlərə qarşı da törədilib. Saytlarda bununla bağlə kifayət qədər məlumat əldə etmək mümkündür.

Baş vermiş hadisəni müvafiq dövlət orqanlarından gizlətmək məqsədilə həmin sinifin şagirdlərinə təlimat keçirilməsi barədə Çinarə Atayeva tərəfindən sinif rəhbəri Şəfaqət Balcanovaya tapşırıq verilib. Şəfaqət Balcanova tərəfindən sinfin vatsap qrupuna atdığı səs vasitəsilə şagirdlərə baş vermiş hadisə ilə bağlı məlumat verməmək tapşırığı verilmişdir.

Şagird Gülnar Məmmədli artıq 1 aydır ki, psixoloji sarsıntı keçirməsi, məktəb direktoru Çinarə Atayevadan və sinif rəhbəri Şəfaqət Balcanovadan qorxduğu üçün məktəbə gedə bilmir”.

Şikayətdə bildirilir ki, davamlı olaraq Gülnar Məmmədlinin ailəsinə direktora yaxın şəxslər tərəfindən psixoloji təzyiqlər olunur. Şagird Gülnar Məmmədlinin ciddi narahatlıği səbəbindən ailəsi tərəfindən psixoloqa müraciət edilib.

Baş vermiş məsələ artıq araşdırılması məqsədilə Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Buna baxmayaraq, Təhsil Nazirliyi tərəfindən direktor barədə heç bir tədbir görülməyib…

İddia olunanlarla bağlı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbindən münasibət öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN