Binqədi rayon sakini Xəyalə Abdullayeva ölkə KİV-lərinə müraciət edərək çalışdığı 3 nömrəli Xüsusi Təhsil məktəbinin direktoru Nüşabə Heydərovadan şikayətçi olduğunu bildirib.
X.Abdullayeva direktorun evdə təhsil üçün hər uşağa onlardan pul aldığını iddia edir. Şikayətçi onu da qeyd edir ki, sözügedən məktəbin direktoru bir neçə ildən sonra ona verilmiş uşaqları başqa müəllimə pul müqabilində verir. Bu azmış kimi, valideynlər də bilərəkdən öyrədilərək müəllimə qarşı qaldırılır: "On beş ildir ki, Nizami rayonunda yerləşən 3 nömrəli Xüsusi Təhsil məktəbində çalışıram. İşlədiyim gündən bu məktəbdə uşaqlar “pulla satılır”. Bir uşaq 600 manata verilir. Mənə verilən 3 uşağın hərəsi üçün 600 manat pul vermişəm. Ancaq məktəbin direktoru bütün bunlarla kifayətlənmir. Bizə “satdığı” uşağı, özünə uşaq lazım dolanda və başqa müəllimə verilməsi üçün bizim adımızdan çıxarıb başqasının adına keçirdir. Yəni bir uşağı 2 nəfərə “satır”. Bunu etmək üçün əvvəldən valideynlər öyərdilir. Valideynlərə tapşırıq verilir ki, müəllimi hərəkətləri ilə bezdirsin və müəllim də uşaqdan imtina etsin. Yəni müəllimi qapıda qoysun, telefonu açmasın, sonra da desin ki, müəllim gəlmir. Müəllim bezib imtina etdikdə isə valideyni çağırıb şikayət ərizəsi yazdırır. Müəllimi danışdırmadan, məsələni araşdırmadan və cavab ərizəsi almadan uşağı onun adından çıxardıb, özünə lazım olan müəllimə verir. Müəllimə buna dözməyib, haqqını tələb etdikdə və pulunu geri istədikdə isə onu borclu çıxarmağa çalışırlar. Hətta müəllimin o biri valideynləri də öyrədilir və müəllimdən şikayət etmək tələb edilir. Ya ələ almaq, ya da qorxutmaq yolu ilə hədə-qorxu gəlirlər".
X.Abdullayeva əldə olan faktlarla bağlı aidiyyəti orqanlara müraciət edib. Lakin heç bir nəticəsi olmayıb. Məsələ ictimailəşəndən sonra direktora şiddətli töhmət verilib. Bundan hiddətlənən direktor isə ondan şikayətçi olan Xəyalə Abdullayevaya da şiddətli töhmət verib: "Mən bütün bunlara dözməyib, işlə bağlı polisə və məhkəməyə müraciət etdim. Ancaq nə polis, nə də məhkməyə bu işə baxdı. Yalnız direktorun məni təhqir etməsi işinə baxacaqlarını bildirdilər. Ancaq polis bu işə də baxmadı. İş məhkməyə gedəndən sonra təhqirlə bağlı polisdən mənə zəng gəldi. Artıq 15 gün keçmişdi. Polisə bildirdim ki, bu cür işə baxmaq mənə lazım deyil. Məhkəmə də direktorla bağlı iddiamı qəbul etmədi. Məsələ barədə Bakı Şəhər Təhsil İdarəsinə bildirdim. İzahat götürüldü, sonra işə baxılmadı. Sosial şəbəkəyə veriləndən sonra Bakı Şəhər Təhsil İdarəsindən qərar gəldi. Direktora şiddətli töhmət, müəllimi cəzalandırmaq üçün də direktora əmr verildi. Burdan belə çıxır ki, onlar bir-biri ilə əlaqəli iş görürürlər. Hazırda direktorun sifarişi ilə mənə də əsassız olaraq töhmət verilib. Belə çıxır ki, əziyyət çəkən, təhqir olunan, pulu əlindən alınan müəllim haqqını tələb etdiyinə görə şiddətli töhmət alır. Hazırda direktor mənim ixtiyarımda olan iki uşağın valideyni də öyrədir ki, gəlib şikayət etsinlər. Hazırda əlimdə səs yazılar var. Mənə verdiklər şiddətli töhmət sənədini ay yarımdan sonra veriblər. 14.04.2022-də qəbul edilib. Mənə isə 03.06.2022 tarixndə verib imza etdiriblər. Mən bildirəndə ki, tarix qoymaq istəyirəm, buna icazə vermədilər".
Şikayətdən belə çıxır ki, direktor vəzifə səlahiyyətlərini aşaraq dövlətin məktəbini özünün biznesinə çevirib. Ümid edirik ki, hər zaman qüsurlu uşaqlara daim xüsusi diqqət göstərən Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva faktla bağlı tədbir görülməsi istiqamətində xüsusi göstərişlər verəcək və ədalət bərpa olunacaq.
E.ŞİRİNOV