Bildiyimiz kimi, artıq uzun illərdir ki, örta məktəb şagirdləri dərsdən sonra repetitorların yanına üz tuturlar.
Ən dəhşətlisi budur ki, repetitorların yanına hazırlığa gedənlər arasında ibtidai sinif şagirdləri də çoxluq təşkil edir. 10 və 11-ci sinifdə isə şagirdlərin mütləq əksəriyyəti repetitor xidmətindən istifadə edirlər. Əlbəttə, bu da böyük maddi vəsait tələb edir...
Bəs hər il ali məktəblərə, magistraturaya... daxil olan minlərlə gəncin qazandığı nəticəyə görə kimə borcluyuq – orta məktəb direktorlarına, müəllimlərə, yoxsa repetitorlara?
Qeyd edək ki, təhsil eksperti Nabatəli Qulamoğlu bu işdə yalnız kursların, repetitorların əməyinin yüksək olduğunu bildirib.
“Burada sual yaranır ki, hazırda istər rektor, istərsə də məktəb direktoru olsun, hansı dövlət təhsil müəssisəsinin rəhbərini təhsilalanların dərslərini yaxşı, yaxud pis oxuması maraqlandırır? Sadəcə, hər hansı bir məktəbdən müəyyən sayda şagirdin universitetə qəbul olmasını nümunə göstərəcəklər. Halbuki, həmin göstəricinin o məktəbin fəaliyyətinə aidiyyəti yoxdur. Bu uğur hazırlıq kursları və repetitorların fəaliyyətinin nəticəsidir”, - deyə ekspert vurğulayıb.
JASMİN