Mingəçevir şəhərində 21 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Onların əksəriyyəti demək olar ki, bərbad vəziyyətdədir.
Həmin yararsız vəziyyətdə olan məktəbəqədər təhsil müəssisələrindən biri də 9 №-li “Sevinc” körpələr evi-uşaq bağçasıdır.
9 №-li “Sevinc” körpələr evi-uşaq bağçası M.Maqomayev prospekti 91 ünvanındadır. Müdiri Məmmədova Roza Heybət qızıdır. Bağçanın adı “Sevinc” olsa da, burada çalışan işçilərin üzündə, körpələrin nur saçılan çöhrəsində sevincdən əsər-əlamət yoxdur.
Sosial şəbəkədə yayılan videoda bağçanın qəzalı vəziyyətdə olduğu, normal bir şəraitin olmadığı aydın görünür. Məsələ ondadır ki, sözügedən müəssisənin müəllimləri də bağçadakı şəraitsizlikdən şikayətlənir: “İndi yay fəslidir, yenə uşaqları həyətə çıxarırıq. Əgər buna bağçanın həyəti demək mümkünsə. Bu səbəbdən bağçanın həyətinə də uşaq buraxmaq çox təhlükəlidir. Bağçanın qəzalı vəziyyətdə olduğuna görə qazı kəsilib. Elektrik xətləri də o qədər nasaz vəziyyətdədir ki, əgər bir uşağın bilmədən əli toxunsa, həmin an qəza qaçılmazdır. Bağçanın müəllimələri bu vəziyyətdə uşaqlara hansı xidmət göstərsinlər? Hamamı, mətbəxi, uşaqların yatdıqları otaqlar insanı heyrətə gətirir”.
Bağçanın müdiri Roza Məmmədova bildirib ki, Fövqəladə Hallar Nazirliyi bağçaya baxış keçirib: “Rəy də verilib ki, bura təhlükəli vəziyyətdədir. Ona görə də bağçanın qazını kəsiblər. Amma elektrik xətlərinə heç baxan yoxdur. Bağçanın həyətində uşaqların əylənməsi üçün heç bir şəraitdən söhbət gedə bilməz”.
E.ŞİRİNOV