Rektor Vilayət Vəliyev: "Biz öz sənaye işimizi tam beynəlxalq istiqamətdə qurmaq istəyirik və bu səbəbdən hədəflərimiz çoxdur, amma əməkdaşlıq üçün hədəf seçdiyimiz əsas Türkiyə, Almaniya, Ruminya, Macarıstan və İspaniya universitetləridir"

İyunun 23-də Azərbaycan Texniki Universitetdə (AzTU) imtahanların gedişini izləmək üçün jurnalistlərdən ibarət mediatur təşkil edilmişdi. Mediaturda jurnalistlərdən əlavə, tələbələrin valideynləri, AzTU-nun İctimai Şurasının üzvləri də iştirak edirdi.

Məlumat üçün qeyd edək ki, AzTU-da 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 3-də başlayıb və iyulun 5-nə kimi davam edəcək. Üç növbə üzrə keçirilən imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səs yazma cihazları ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib.

Qiyabi  təhsil alan tələbələr üçün isə imtahan sessiyası iyunun 22-dən, iyulun 1-nə kimi keçiriləcək. Qiyabi təhsil alan I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılır. Sessiya müddətində bakalavriat səviyyəsində 5922 tələbə, magistratura səviyyəsində isə 1000 nəfərin imtahanlarda iştirakı nəzərdə tutulur. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə sessiya bitdikdən sonra, imtahan vermək üçün şərait yaradılacaq.

Sonuncu kurs tələbələrinin (bakalavriat səviyyəsi üzrə 2000, magistratura səviyyəsi üzrə 500 tələbə) Yekun Dövlət Attestasiyası və Dissertasiya müdafiəsi iyunun 22-dən başlanıb, iyulun 5-nə kimi davam edəcək. Onu da diqqətə çatdıraq ki, imtahan sessiyasının təşkili ilə əlaqədar Universitetdə Qərargah və Apellyasiya Komissiyası yaradılıb.

Jurnalistlərin imtahanın gedişatın izləməsindən əvvəl Universitetin rektoru professor Vilayət Vəliyev, tədbirə dəvət olunmuş, sayt, qəzet və televiziya əməkdaşlarını çay süfrəsi arxasında salamladı. Tədbirin məqsədi barədə məlumat verəndən sonra jurnalistləri imtahanın getdiyi otaqlara dəvət etdi. İqtisadiyyatdan imtahan verilən zalda, hər bir tələbənin qarşısında qoyulmuş kompüter diqqətimizi çəkdi. Bu, tələbələrə elmi bilikləri öyrətmək üçün yaradılan şəraitin bariz nümunəsi idi. Tələbələrə yaxınlaşıb imtahanın suallarının çətin olub, olmaması barədə sorğular da etdik. Təbii ki, cavablar müxtəlif idi, amma bu tələbələrin gözündə imtahan qorxusunu hiss etmədik. Deməli, imtahana hazırlaşıb gəliblər. Sonra başqa bir imtahan otağında da belə bir mənzərənin şahidi olduq. O da maraqlı idi ki, tələbələrin mobil telefonlarının hamısı yığılıb bir tərəfdə qoyulmuşdu. Yəni ki, burada hər hansı şparqalka və ya telefondan istifadə etmək mümkünsüz idi.

Tədbirdə iştirak edən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz və Milli Məclisin üzvü, təhsil eksperti və AzTU-da İctimai Şuranın üzvü olan Etibar Əliyev bəzi tələbələri sorğu-suala çəkdilər. Tələbələr verilən suallara olduqca sərbəst və mükəmməl cavab verdilər.

Kompüter şəbəkələri mühəndəsliyi ixtisası üzrə imtahan verən tələbələr Osman Gündüzün internet resursları barədə suallarını doğru, düzgün cavablandırdılar. Mülki müdafiə ixtisası üzrə imtahan verən tələbələr isə, millət vəkili Etibar Əliyevin suallarına hər tərəfli cavab verməklə diqqəti çəkdilər. Bu cavablardan Osman Gündüz və Etibar Əliyev razı qaldılar.

Bu sətirlərin müəllifi olaraq mən də bəzi tələbələrə müxtəlif suallarla müraciət etdim. Hiss etdim ki, tələbələrin heç bir qorxusu yoxdur və cavab verməkdə də çətinlik çəkmirlər. Daha sonra bir neçə imtahan otaqlarında olduq, hər birində şəffaflıq təmin olunub, tələbələrin şifahi və test imtahanlarını verməsi üçün tam şərait yaradılıb. Adından da göründüyü kimi Texniki Universitetdə texniki təchizatlar yüksək səviyyədə təşkil edilib.

İmtahanların gedişini izlədikdən sonra yenidən çay süfrəsi arxasında yığışdıq. AzTU-nun rektoru professor Vilayət Vəliyev jurnalistlərə tələbələr üçün yaradılan şəraitdən, onların elmi biliklərə mükəmməl yiyələnməsi üçün müasir texnologiyanın imkanlarından istifadə edilməsi və digər planları barədə ətraflı məlumat verərək dedi: “Biz dərslərin sayını və keyfiyyətinin artırılması və dərslərin bu günkü əmək bazarına, fənləri dinləmək bacarığına uyğun seçilməsini tamamilə olmasa da, iki yanaşma kimi təmin etməyi bacardıq. Magistratura səviyyəsində demək olar dərslərin sayı iki dəfə aşağı düşüb, bakalavr səviyyəsində universitetlərə verilmiş 60 kreditin ortada optimal təsdiqi var. Hardasa bu, 10-15 dərs olmaqla, bunlar hazırda 30 dərsdən çox idi, iki dəfədən çox azalıb. Eyni zamanda başa düşürük ki, əmək bazarına müvafiq olaraq, bizim Texniki Universitetin xüsusiyyəti nəzərə alınmaqla, bloklara bölünəcək və kifayət qədər burada tədrisin keyfiyyətinin artırılması ilə bağlı imkanlar ortaya qoyulacaq. Bu, bizə imkan verir ki, dərslərin sayını kifayət qədər azaldaq. Proseslər hələ axıra çatmayıb, amma onu demək olar ki, dərslərin sayı üç dəfə aşağı düşəcək. Onu da ürək ağrısı ilə demək istəyirəm ki, biz həqiqətən də belə vəziyyətlə dərslərin keyfiyyətində yüksək nəticə əldə edə bilmişik. Bu, nə ilə bağlıdır? Məsələn, bir müəllim orta hesabla 5-6 dərs deyir, bu isə həm müxtəlif fənlərin eyni dərəcədə demək keyfiyyəti aşağı olur, həm də fiziki imkanları aşağı düşür. Diqqətinizə onu da çatdırmaq istəyirəm ki, növbəti illərdə bizim magistratura səviyyəsində olan tədrisimiz bakalavr səviyyəsində olan tədrisimizdən ayrı fəaliyyət göstərəcək. Bu, ona imkan verəcək ki, bizim tədqiqat institutlarımız, tədqiqat proseslərinə daxil olsunlar. Yüksək səviyyədə olan tədqiqatar da bu istiqamətə yönlənəcəkdir və biz burada artıq tədqiqata ciddi önəm verəcəyik. Bu da həm bakalavr, həm də magistratura səviyyəsində rəqabəti artıracaq. Bununla bağlı bir məqamı da sizin diqqətinizə çatdırmaq istəyirəm. Ola bilər sizə ayrı-ayrı məlumatlar gələ və sizə pis şəkildə çata bilər. Ona görə də istəyirəm bunu mənim özümdən eşidəsiniz. Söhbət ondan gedir ki, bizim universitetdə komanda şəklində dissertasiya işlərinin yerinə yetirilməsi artıq 2-ci ildir ki, fəaliyyət göstərir. Bu il az da olsa, artıq effekt əldə etmişik. Burada əsas nəticə ondan ibarətdir ki, komanda işi ortaya qoyulub. Biz başa düşürük ki, mühəndis hazırlığının yüksək səviyyədə olması üçün komanda işinin formalaşması planı önəmlidir. İkincisi, kommunikasiyanın artırlması, üçüncüsü isə, kritik, məntiqi düşüncə ortaya qoyulmalıdır. Onu da deyim ki, mən əvvəllər bütün dissertasiya işlərini oxuyurdum. Bu il heç bir dissertasiya işini oxumadım. Xüsusi plagiat proqramı ilə bağlı icazə verdik ki, bunları yoxlasın və bununla bağlı ilkin müzakirələrin nəticəsi dünən başa çatıb. Dünəndən özümə söz vermişdim ki, maraq üçün dissertasiya işlərinə bir-bir baxacağam. Deməli, dissertasiya işlərinə müdaxilə eləmişəm və kifayət qədər problemlərin olmasını gördüm. Burada çox tanınmış professorlar bu barədə öz sözlərini deyiblər. Komissiyada bu işlərə bir-bir baxılıb. 160 dissertasiya işi nəzərdən keçirilib. Əvvəllər yüzlərlə dissertasiya işi yazılırdısa, indi bu say xeyli aşağı düşüb. Bu, o deməkdir ki, biz Texniki Universitetdə çox ciddi tədqiqat işlərinə şahid oluruq və gələcəkdə də bu yöndə işlərimizi davam etdirəcəyik”.

Bundan sonra AzTU-nun rektoru, professor Vilayət Vəliyev jurnalistlərin müxtəlif suallarını cavablandırdı. “Təzadlar”ın əməkdaşı olaraq həm universitet barədə fikrimi bildirdim, həm də bir sual ünvanladım. Fikrimi bildirərkən qeyd etdim ki, Vilayət Vəliyev bu Universitetə gələndən burada təhsilin səviyyəsi yüksəlib, Universitet geniş nüfuz qazanıb. Əvvəllər Bakı Dövlət Universitetini flaqman adlandırırdılar. İndi birmənalı şəkildə demək olar ki, Vilayət Vəliyevin sayəsində Texniki Universitet, universitetlərin flaqmanıdır. Burada toplaşan prorektorların, Nurəli Yusifbəylinin, Rəşad Əliyevin, Rəşad Kazımovun, Kamran Rəsulovun, eyni zamanda dekanların, kafedra müdirlərinin, professor və müəllim heyətinin başlıca məqsədi yalnız tələbələrə elm öyrətməkdir. II Qarabağ savaşında iştirak edən döyüşçü tələbələrə rektor səviyyəsində göstərilən qayğı və diqqət isə tamam başqa bir söhbətin mövzusudur. Bu isə, rektor Vilayət müəllimin vətənini, dövlətini, xalqını necə dərindən sevməsinin bariz nümunəsidir. Universitetdə yaratdığınız bu gözəl ab-havaya görə Vilayət müəllim, sizə hədsiz dərəcədə minnətdaram. Bunları deməyi özümün vətəndaş borcum bilirəm. Sualım isə bundan ibarətdir: -Sizin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova çox çalışqan və fəal işlədiyindən Universitetdə baş verən bütün məlumatlar qısa zamanda və operativ şəkildə jurnalistlərə çatdırılır. Təbii ki, biz də onları dərc edirik. Elə bu məlumatlardan görünür ki, Texniki Universitet son illər bir çox beynəlxalq qrumların üzvü olur, xarici universitetlərlə əməkdaşlıq edir. Ona görə də bilmək istəyirəm, Texniki Universitetin beynəlxalq arenada daha yaxşı tanınması və reytinq qazanması üçün gələcəkdə hansı planlarınız və hədəfləriniz var?

\

- Universitet haqqında dediyiniz xoş sözlərə görə çox sağ olun. Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, Türkiyə və Almaniya ilə əlaqələrimiz çox yaxşıdır. Bu ölkələrlə mübadilə proqramlarımız, ikili diplomlar imkanlarımız var. İkili diplomlardan önəmli, mübadilə proqramlarını daha çox inkişaf etdirməyi hədəf götürmüşük. Bunu artıq Almaniya ilə sınaqdan keçirmişik. Hədəf olaraq hansı universitetlərin bizim üçün önəmli olduğunu seçmişik. Qardaş Türkiyə universitetləri ilə çox sıx əlaqələrimiz var. Bundan başqa, Avropada Almaniya, Ruminya və Pakistan universitetlərini də əlaqə üçün seçmişik. İspaniya universitetləri ilə də əlaqələrimiz var. Amerika universitetləri ilə əlaqəmiz var, amma onları yaxından tanıdığımdan deyə bilərəm ki, bu əlaqələri genişləndirməyi hələ yaxın zamanların məqsədi kimi hesab etmirik. İndi beynəlxalq bir proqram var: “Öyrən, dizayn et, yarat və işlət!”. Bu baxımdan tələbələrimizi həmin proqram əsasında daha çox əmək bazarına hazırlamaq və onlarla bağlı fikirlər ortaya qoymaq istəyirik. Belə fikirlər var ki, subakalavrlar bir az zəifdir, bakalavrlar güclüdür və s. Biz bununla bağlı xarici yanaşmaları ortaya qoymaq istəyirik. Açığı subakalavrların xarici təcrübəsi ilə bağlı başqa fikirlərimiz var. İstəyirik daha çox təcrübəsi olan tələbələri sertifikat proqramlarına cəlb edək. Əmək bazarına hazırlamaq üçün onlara texniki peşələri daha tez öyrədək. Beynəlxalq münasibətdə bunlar bizim üçün önəmlidir. Ona görə də burada xarici təcrübəni əsas götürmək məqsədimizdir. Əsas məsələlərdən biri də, adını çəkdiyim universitetlərin timsalında daha ciddi mərkəzlərin formalaşması və bu universitetlərin bizim tələbələrin də iştirakı ilə hazırladığı məhsulların xarici bazara çıxarılmasıdır. Biz öz sənaye işimizi tam beynəlxalq istiqamətdə qurmaq istəyirik. Bu səbəbdən hədəflər çoxdur. Tiblisi, Kanada universitetləri ilə əlaqələr var. Təzəlikcə Özbəkistanın bir universiteti bizimlə əməkdaşlığa qoşulub. Belə universitetlər çoxdur. Amma əməkdaşlıq üçün hədəf seçdiyimiz əsas Türkiyə, Almaniya, Ruminya, Macarıstan və İspaniya universitetləridir.

Mən bizim İctimai Şuranın üzvlərinə, tədbirdə iştirak edən valideynlərə, dəvətimizi qəbul edib gələn hörmətli jurnalistlərin hər birinə minnətdarlığımı bildirirəm və hər birinizi axşam olacaq məzun gününə dəvət edirəm.

Bununla da AzTU-da imtahanların gedişatını izləmək üçün təşkil edilmiş Mediatur başa çatdı. Biz də öz növbəmizdə dəvətə görə Universitetin rəhbərliyinə və dəyərli ziyalı, bütün jurnalistlərin yaxın dostu, Mətbuat Xidmətinin rəhbəri Sevinc İsgəndərovaya təşəkkürümüzü bildiririk.

Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN