“Türk lirəsinin dəyərinin ucuzlaşması dolayı yolla manata təsir göstərəcək proses deyil”.
Bunu Türkiyəli analitik Engin Özer türk lirəsinin ABŞ dollarına nisbətən ucuzlaşmasının ölkələrimizin iqtisadiyyatına təsirindən danışarkən bildirib.
Onun sözlərinə görə, türk lirəsinin ucuzlaşması Azərbaycana gələn türk mallarının qiymətinin aşağı düşməsinə səbəb olur və bu, ölkəmizdə inflyasiyanın azalmasına təsir edə bilər. Analitik vurğulayıb ki, ucuz malların alınması Azərbaycan iqtisadiyyatına, sözsüz ki, müsbət təsir göstərir:
“Türk lirəsinin dəyərinin ucuzlaşması dolayı yolla manata təsir göstərəcək proses deyil, çünki Azərbaycana daşınan mallar birbaşa bizim ölkədə istehsal olunur və təbii ki, Azərbaycanda istehsal olunan mallarla rəqabətə girmir. Digər tərəfdən, neftin qiymətlərindəki artım manatı daha da möhkəmləndirir. Məlumdur ki, Avropa Birliyində Azərbaycan qazına çox böyük tələbat var və bu manatın dəyərinin sabit saxlanılması üçün mühüm bir xarici təsirdir”, - deyə Engin Özer vurğulayıb.
Y.MƏMMƏDLİ