BMT-nin Komissiyası Azərbaycanı fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsinə malik ölkələr sırasında təqdim edib

BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) Siyasət icmalı (Policy Brief) üzrə növbəti  buraxılışında fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələrin adını açıqlayıb. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin  nəticələri əsasında Azərbaycan həmin sahədə müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilib. Layihə yaşlıların rifah halının yaxşılaşdırılması, fəal və sağlam həyat tərzinin təmin edilməsi, fəal yaşlanmanın təbliği məqsədilə aparılan dövlət siyasətinə dəstək məqsədi daşıyır.

UNECE-nin Siyasət icmalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) birgə icra etdiyi bu layihə çərçivəsində yaşlı insanların tənhalıq və sosial təcriddən uzaq olmaları üçün bir sıra tədbirlər həyata keçirildiyi bildirilir. 

Layihə üzrə xüsusilə yaşlı nəslin rəqəmsal xidmətlərə çıxışına nail olunması üçün aparılan işlərdən bəhs olunur. Onlayn məlumat və xidmətlərdən faydalanmaları üçün əsas rəqəmsal bacarıqlara yiyələnmələri məqsədilə təlimlərin təşkil olunduğu, yaşlı insanlara lazımi İT avadanlıqları və internet imkanı verilməsi və s. kimi tədbirlər qeyd edilir. Görmə imkanları məhdud yaşlılar üçün onlayn kitabxananın yaradıldığı diqqətə çatdırılır.

COVID-19 pandemiyası dövründə yaşlı insanların koronavirusdan qorunmaları üçün məlumatlandırılması, sosial təcrid şəraitində asudə vaxtlarını səmərəli keçirmələri üçün layihə əsasında onlayn müstəvidə aparılan işlərdən də bəhs olunur. Sağlam həyat tərzi, qidalanma, fiziki və zehni sağlamlığı, ruhi stabilliyi qorumaq, eləcə də yaşlı insanların maraq və ehtiyaclarına uyğun digər mövzularda onlayn sessiyaların,  zoom vasitəsilə fiziki məşq və həkimlərlə birgə xüsusi seansların, psixoloqlarla qrup seanslarının, məsləhətləşmələrin təşkil edildiyi, yaşlıların iştirakı ilə silsilə həvəsləndirici videoçarxların, tövsiyə xarakterli çarxların hazırlandığı və s. vurğulanır.

Qeyd edək ki, UNECE-nin Siyasət icmalında fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olduğu açıqlanan ölkələrin sırasında Azərbaycanla yanaşı, Avstriya, Belçika, Kanada, Çexiya, Finlandiya, Almaniya, İrlandiya, İsrail, İtaliya, Lüksemburq, Malta, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ yer alır.

***

Xatırladaq ki, layihənin əsas hədəf qrupu 65 yaşdan yuxarı olan şəxslərdir. Bu günlərdə isə  “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşlılar üçün "Nə? Nə vaxt? Harada?" intellektual turnir keçirilib.

Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial siyasətində  yaşlı nəslin rifah halının yaxşılaşdırılmasının, fəal və sağlam həyat tərzinin təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin də ölkəmizdə bu sahədə aparılan işlərə dəstək olduğunu bildirib.

A.Kərimov ötən dövrdə layihə çərçivəsində yaşlı insanların rifahının təşviqi, tənhalıq və sosial təcriddən uzaq olmaları, onların fəal həyat tərzi keçirmələri üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb.

O, hazırda layihə çərçivəsində yaşlılar arasında təşkil edilən “Nə? Harada? Nə vaxt?” intellektual oyununun da yaşlı insanların fəal və sağlam həyat tərzi keçirmələrinə, asudə vaxtlarının mənalı təşkilinə töhfə vermək məqsədi daşıdığını qeyd edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN