Aprel ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 537 152 şəxs 927 254 dəfə müraciət edilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat verib.

Qeyd edilib ki, 63 şəhər və rayondan edilən müraciətlər ölkə üzrə qeydə alınan bütün müraciət sayının 59 %-ni təşkil edir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 2 083 951 olub və bu göstərici də bütün tibbi xidmət sayının 60 %-ni təşkil edir.

Vətəndaşlara daha çox  tibbi xidmət göstərmiş tibb müəssisələri isə  Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Xaçmaz, Yevlax, Abşeron, Quba, Balakən və Şəki rayon mərkəzi xəstəxanaları olub.

Həmçinin aprel ayında dövlət tibb müəssisələrinə ümumilikdə 849 726 şəxs 1 571 809 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 448 090 olub.

Təkcə Bakı  şəhərindən 329 213 şəxs 644 555 dəfə müraciət edilib.

Paytaxtda vətəndaşlara ən çox tibbi xidmət göstərmiş tibb müəssisələri isə Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Xəzər Tibb Mərkəzi, Binəqədi Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi olub.

 Göründüyü kimi, təkcə aprel ayı ərzində İcbari Tibbi Sığortadan 3 milyondan çox insan yararlanıb. Agentliyin xidmətindən istifadə edənlərin sayı isə günbəgün artır.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Agentlik 15 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilib.

Agentliyin əsas missiyası zamanından və məkanından asılı olmayaraq sığorta olunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN