Hər dəfə kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsindəki nöqsanlarla bağlı xəbər oxuyanda, nədənsə, “Uşaqlığın son gecəsi” filimindəki Davudla Murad arasında olan maraqlı dialoq yadıma düşür:
– Sən yaxşı oğlan deyilsən, Murad.
– Niyə, Davud?
– Sən harada işləyirsən? Ət kombinatında. Heç bir dəfə demisən ki, adə Davud köppeyoğlu ala səninçün sosiska gətirmişəm. Söhbət sosiskada deyil e, söhbət vinimatelni olmaqdadı. İstəsəm alaram da, pulum da var. Sən gətirsən deyərəm, hə, dostum məni sayıb dəə.
– Fikir eləmə, inşallah səninçün sosiskanın lap əlasın gətirərəm.
– Hə, bu başqa məsələ, indi daha gətirməsəndə olar...
Vallah, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsindəki nöqsanlarla bağlı xəbərləri oxuyandan sonra adam fikirləşir ki, marketlərdəki soyuducularda aşıb-daşan mənşəyi bilinməyən bu kolbasa və sosiskaları daha yeməsək də olar...
Doğrudur, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Amma...
AQTA-dan Tezadlar.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M. Əliyev küçəsi 24/10, məhəllə 526/3 ünvanında fəaliyyət göstərən, “Delikat” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub. Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllığa və mal qonşuluğu prinsipinə riayət olunmadığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, məhsulların markalanmasında istifadə olunan etiket məlumatlarının reseptura ilə uyğunsuzluq təşkil etdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müayinələrin aparılması üçün istehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Araşdırmalar davam edir.
Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
E.ŞİRİNOV