Qida mənşəli zoonoz xəstəliklər adətən mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir. Avropa Birliyi ölkələrində hər il yüz minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxma halı qeydə alınır. Bir faktı qeyd etmək kifayətdir ki, zoonoz xəstəliklərin insan sağlamlığı baxımından nə qədər təhlükəli olduğu barədə təsəvvür yaransın: hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsullar, ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri vasitəsilə ötürülür. Qarayara törədicilərinin transmissiv ötürülməsində qansoran həşəratlar da müəyyən rol oynayır.