…Dünəndən Gədəbəyin Söyüdlü kəndindəki süni göl ətrafında baş verən hadisələrdan hamı danışır, yazır, şərh verir, izahlayır… Amma danışmalılar susur, susmalılar danışır.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyevin qısa bir açıqlamasını oxudum. Deyir: «…bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb…».
Bəli, Gədəbəydən olan dostlarımın söylədikləri ilə E.Hacıyevin bildirdiyi eynilik təşkil edir.
İndi kimi deyir ki, guya bu qadınlar xarici kəşfiyyata işləyir, kimi də yazır ki, ortada 5-ci kalonun barmağı, yaxud müxalifətin əli var və s.
Amma mən sual verirəm: bəs rayon rəhbərliyinin özü və əli hardadır? Qadınları, kənd sakinlərini başa düşürük, onlar kənd ərazisində yaradılan süni gölün gələcəkdə yarada biləcəyi ekotəhlükələrdən narahatdır. Amma…
***
Yeri gəlmişkən, az-çox savadı olan anlayır ki, bulaqlar yüksəkliklərə yağan yağış və qarın… süzülüb aşağı axan suyundan yaranır. Yüksəklikdəki bu su yerin alt qatında özünə yol tapıb aşağıya axaraq bulağa, çaya, gölə çevrilir.
İndi ekoloqlar daha yaxşısını deyə bilər ki, Söyüdlüdə yaradılan bu süni gölün suyu yeraltı torpaq qatı ilə haralara axacaq? Qızıl yatağından axıdılan fiziki-kimyəvi maddələrlə zəngin suyun təmizlənməsi necə mümkündür? Bəlkə bu sular təmizlənib gölə axıdılsın, axıdılıb sonra təmizlənməsin ki, sonradan havayı yerə miylonlar da xərclənilməsin… Ki, vəziyyəti düzgün anlamayan sadə camaat da süni göl ətrafında qalmaqal yaratmasın və s.
Uzun sözün qısası, şəxsən mən də anlayıram ki, hansısa şirkət bu işə yatırım edib, qərarlaşıb ki, ən sadə yol dağın sinəsində süni göl yaradılması ilə problemi həll etmiş olacaq və s. İndi iki tərəf problemlərdən çıxış yolu axtarır. Üzə düşmə var, rəsmilər camaatın ayağı yer almasın deyə, geri çəkilmək, əhali isə məğlub olmuş duruma düşməmək üçün kənara durmaq istəmir.
Necə deyərlər, bir «dəli» bir gölə daş atıb, indi min ağıllı o «daşı» süni göldən çıxarmaq barədə baş sındırır.
Amma mən vəziyyətdən ortaq məxrəcə çıxışın yolunu təklif edirəm. Bu barədə Gədəbəydən olan dostlarla da müzakirə etmişəm. Deməli, belə: qızıl yatağından ayrılan suyu borularla lap aşağı, tamamilə fərqli yerə axıdaraq çirkab suları üçün anbar yaradılır, orada bu suyu kimyəvi-fiziki təmizləmədən keçirərək axar çaylara buraxırlar… Bununla da nə Söyüdlülər təbiətin korlanmasından narahat olar, nə də qızıl çıxaranlar gələcəkdə kənd camaatının daim onları qaralayan tənqidinə tuş gələrlər!
Məsələ belə sadə!
Amma belə bir sadə məsələni mürəkkəbləşdirməyə qəti eyhtiyac yox idi. Sıravi polislərə əliçəlikli qadınların üstünə gözyaşardıcı qaz balonu ilə getməyi əmr edən məsul şəxs də qəti düzgün iş tutmayıb, süni gölün ətrafında mürəkkəb problemə imza atıb… Bunun cəzasını nazir verər.
İkincisi, rayonun İcra başçısı Prezidentin Gədəbəydəki rəsmi və səlahiyyətli nümayəndəsidir. Həm də yaşından asılı olmayaraq rayonun ağsaqqalı-söz və necə deyərlər, yük və tənqidgötürəni! Başçı bu məsələdə fəal olmayıb. Onun cəzasını isə yəqinki Prezident verər!
Bu da aydındır. Amma aydın olmayan budur ki, sosial mediada «Prezident hara baxır, hakimiyyət niyə susur???» və s. kimi çağırışlar da var.
Prezident rayonun-Gədəbəyin hakimiyyəti deyil! Prezidentin işi-gücü Paşinyanla problemləri yoluna qoymaqdır, Söyüdlü camaatının süni göl problemini araşdırmalı deyil… Rayonun hakimiyyəti icra başçısıdır, yerli kənd soveti və bələdiyyədir! Niyə kimlərəsə meşə qırağında, bulaq başında… kafe, restoran, çayxana yeri paylayanlar indi həmin kəndin problemlərinə şərik olmurlar? Onlar hardadır???
Onların harda olması bəllidir. Amma ortada süni gölün Azərbaycanın beynəlxalq və ictimai imicinə yaratdığı elə süni də problemləri var. Gəlin biz də var olaq, 30 illik işğala son qoymuş indinin alnı açıq Azərbaycanın adına hansısa lazımsız problemlərin yazılmasına imkan verməyək. Yəqin ki, Aşotun, Araikin… mediası yazır və ya yazacaq ki, «Baxın, bir kəndin süni problemlərini qaz balonu ilə həll edən Azərbaycan biz ermənilərin təbii problemini necə həll edəcək…» və s. kimi sarsax yalanlar…
İndi gəlin düz danışmaq üçün əyri oturmayaq və düşünək: süni gölün problemini həll etmək üçün ortada mürəkkəb nə məsələ var ki?! Və gəlin nəticəni yox, səbəbləri araşdıraq, aydınlaşdıraq və problemi kənd camaatı ilə birlikdə başabəla süni gölün sərin suyunda da dəfn edək…
Asif MƏRZİLİ