…Son 3 ildə bu və ya digər rəsmi və ya qeyri-rəsmi(statusu olan) vəzifələrə təyin edilənlərin tərcümeyi-halına baxıram,
hamısının xarici ölkələrdə təhsil aldığı məlum olur. Olsun! Dövlət Neft Fondunun və SOCAR-ın xətti ilə milyonlarla vəsait xərclənir ki, gələcəyimizin vəzifəliləri xaricdə oxusun! Bu tendensiya indi də davam edir. Sanki xaricdə təhsil almaq vəzifələrə təyinatlarda ən vacib şərtdir.
Bəs bizim Təhsil Nazirliyinə və universitetlərimizə nə olub?
Bu arada bizim milli universitetlərin də dünya reytinqinə baxıram, ən nüfuzlumuz olan BDU Dünya reytinqində hardasa 800-cü yerdədir. Yaxşı, hər il Dövlət büdcəsindən milyardları xərclədiyimiz (dəxli yoxdur ki, bu pul pullu və ya pulsuz təhsilə xərclənir. Əsas odur ki, bir istiqamətə gedir) universitetlərimizin aqibətini niyə düşünən yoxdur? Bu yolla hara gedirik? Məcburam deyəm, Sovet təhsil sistemində alaçıqda, sınıq-salxaq məktəblərdə oxuyanlarımız sonradan dünyada tanınan alimlər oldular. Bəs indi???
Budur, dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq Agentliyinin siyahısında yalnız Bakı Dövlət Universitetinin adına rast gəlirik. “QS World University Rankings 2020”nin açıqlamasına görə, BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb. Bundan əvvəlki ildə də olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet BDU olmuşdur. Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınmışdır.
Böyük Britaniyanın QS Reytinq Agentliyi də universitetlərimizin reytinqini müəyyən edib və…
Araşdırmalarımızda daha bir reytinq göstəricisinə rast gəlirik: Böyük Britaniyanın QS Reytinq Agentliyi iki il əvvəl 2021-ci il üçün “QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlini (QS EECA University Rankings 2021) açıqlamışdır. Reytinqə Avropa və Mərkəzi Asiyanın 85 inkişaf etməkdə olan ölkəsindən 400 ali təhsil müəssisəsi daxildir. Universitetlərin aparıcı yerlərinə Rusiya, Türkiyə, Qazaxıstan, Polşa, Ukrayna, Rumıniya, Çexiya və Macarıstan daxildir. Azərbaycan bu reytinqdə 7 universitetlə təmsil olunub – Bakı Dövlət Universiteti (211-220-ci yer), Azərbaycan Dövlət İqtisad Universiteti (221-230-ci yer), Xəzər Universiteti (241-250-ci yer), “ADA” Universiteti (301-350-ci yer), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti reytinqdə eyni mövqedədir (351-400-ci yer).
Bəs dünya elmində Azərbaycanın hansı universitetinin məzunları yer alır???
…İndi sual verməkdə yəqinki haylıyam: belə çıxır ki, Azərbaycanı dünya təhsil reytinqində cəmi 7 universitet təmsil edir? Bəs yerdə qalanların «istehsal» etdiyi məzunları «zay məhsul» hesab etmək olarmı?!
Niyə Azərbaycan təhsilinə cavabdehlər bu məsələni nəzərə almırlar? Üstəlik, bəs görəsən dünya elminin reytinq siyahısında Azərbaycanın hansı universitetinin məzunları yer alır? Axı elm təhsildən başlayır. Yuxarıda dedim, qoy məzunlarımız xarici universitetlərdə təhsil alsın. Amma dünya elmində bu məzunların xüsusi çəkisi nə qədərdir, bunu bilən varmı?
Gəlin bir az da ətraflı düşünək: bəyənmədiyimiz Sovetlər zamanında Azərbaycanın ən kasıb görkəmli məktəblərini bitirən məzunları sonradan Azərbaycanın ali məktəblərini bitirirdilər və onların sırasından dünya elmində tanınan alimlər vardır. İndiə n nüfuzlu universitetləri bitirənlərimizin hələki dünya elmində hansısa kəşfinə, dünyaya səs salan ixtirasına rast gəlmirik. Bilən varsa, söyləsin. Deməli, hələki istər orta, istərsə də ali təhsilimizdə problemlərimiz yetərincədir.
SONDA: belə çıxır ki, xaricdə ali təhsil almağın heç də dünya elmində nüfuzlu iz qoymağa heç bir aidiyyəti yoxdur. Bunun üçün mühit lazımdır. O mühiti isə indi adında «ELM» sözünü də yaşadan Təhsil Nazirliyimiz və nazir Emin Əmirullayev etməlidir.
Asif MƏRZİLİ
P.S.İndi vəziyyət belədir: AMEA-nın hansısa institununun akademiki Emin Əmirullayevə məktub y1azmalıdır ki, bizə 10 ədəd dəftər və qələm lazımdır, xahiş edirik, vəsait buraxılmasına icazə verin…