Məlum olur ki, Bakıda istismar olunan hər bir avtomobilə vur-tut 8,62 kv.m. yol sahəsi düşür…

Azərbaycan Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi hər səhər sürücü və sərnişinlərə tıxacla yüklü yolların siyahısını təqdim edir. Və sürücülərə tövsiyyə olunur ki, alternativ yollardan istifadə etsinlər. Siyahıya baxanda isə məlum olur ki, Bakı küçələrində alternativ yol yoxdur, hamısı tıxacla yüklüdür… Bəs niyə Bakıda alternativ yol qalmayıb???

Bakının 2 əsas girişi və çıxışı varsa…

 Bakı şəhəri Abşeron yarımadasında yerləşir. Əlavə izaha ehtiyac yoxdur ki, yarımada- üç tərəfdən su ilə əhatə olunan, digər tərəfdən isə quruya bitişik quru sahəsi deməkdir.

 Araşdırma apardım, məlum olur ki, yer kürəsində ən böyük yarımadalar bunlardır: Ərəbistan (3,23 mln. kv.km), Hindistan (2,07 mln kv.km.), Hind-Çin (1,93 mln kv.km.), Somali (1,88 mln kv.km.), Labrador (1,39 mln kv. km.), Skandinaviya (0,75 mln kv.km.), Balkan (0,66 mln kv.km.), Pireney (0,58 mln kv.km.), Koreya (0,22 mln kv.km.), Florida (0,17 mln kv.km.) və s.   Azərbaycanda isə Xəzər dənizində Abşeron ən böyük yarımada hesab olunur. İspaniya, Portuqaliya, İtaliya, Cənubi Koreya, KXDR, Yunanıstan, İsveç, Norveç, Finlandiya, Hindistan, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Tailand, Myanma, Vyetnam, Malayziya, Kamboca, Türkiyə və bir sıra başqa ölkələr də yarım adaya malikdir. Amma onların demək olar heç biri paytaxtı 3 tərəfdən su ilə əhatə olunmuş yarımadada seçməyiblər. Məsələn, 15 milyon nəfərdən çox əhalisi olan İstanbul Türkiyənin ən böyük ticarət və sənaye, liman şəhəri olsa da, 5,1 milyon nəfər əhalisi olan Ankaranı paytaxt seçiblər… Çünki hər bir dövlətin paytaxtı strateji məqsəd daşıyır və təhlükəsizlik, xarici təcavüz, nəqliyyat intensivliyi  və s. şərtlər paytaxt seçimində mütləq nəzərə alınır. Portuqaliyanın paytaxtı Lissabon da Avropanın ən sonuncu qərb nöqtəsindəki paytaxt şəhəridir. Amma paytaxt Pireney yarımadasının cənub-qərb hissəsində, daha əlverişli bir ərazidə yerləşir…

 ***

 Bütün bunları deməkdə məqsədimiz var: İstanbul ən böyük sənaye mərkəzi olsa da, Türkiyənin paytaxtı Ankaradır… Sankt-Peterburq daha qədim və tanınmış şəhər olsa da, strateji baxımdan Rusiyanın paytaxt kimi ölkənin mərkəzində yerləşən Moskva şəhəri seçilib və s. Qısası, paytaxt- dövlətin düşünən beynidir, idarəetmə mərkəzidir. Ona görə də paytaxtın coğrafi cəhətdən ölkənin mərkəzində yerləşməsi əsas sayılır. Məsələn, İspaniyanın paytaxtı Madrid şəhəri də Pireney yarımadasının kənarında deyil, tam mərkəzində yerləşir. Elə bu prinsiplə də, məsələn, Braziliya hökuməti 1961-ci ildə paytaxtı çoxmilyonlu Rio de Janeyro-dan ölkənin mərkəzindəki Braziliya şəhərinə dəyişdirməli oldu…

***

 Qayıdıram Bakıya: şəhərin əhalisi təxminən 2,6 milyondur. Lakin tikinti qayda, qanun və tikinti mədəniyyətinə riayət olunmadan daxilə tikilməsi bu gün yarımadada yerləşən, 3 tərəfi su ilə əhatələnmiş paytaxtı çətin duruma salıb. Bir neçə ildir ki, paytaxtın yollarında tıxaclardan qurtulmaq çarəsiz kimi görünür. Niyə? Hətta bəziləri bunun günahını intizamsız sürücülərdə görürlər. Əslində isə vəziyyət tamam başqadır, yazıq sürücüdə günah yoxdur. 44 günə, ardınca 24 saata 30 illik işğal problemini həll edən millətin sürücüsü niyə də nizamsız olmalıdır axı?!…

tixac1693915736

Paytaxtın giriş-çıxış yolları necə olmalıdır?

 İndi də yuxarıda adlarını sıraladığım paytaxt şəhərlərə qayıdıram: hansı ölkənin paytaxtı Bakı şəhəri kimi yarımdananın ucqarında-dəniz sahilində yerləşirsə, oxşar problemlər qaçılmaz sayılıb. Ona görə də paytaxt seçimində bu məsələ önə çəkilib. Üstəlik, hər bir ölkədə paytaxtın hərəkət trayektoriyası necə olmalıdır, bu mülki-sənaye tikintiləri aparılarkən mütləq nəzərə alınır. Məsələn, əhalisi Bakıdan ən azı 7 dəfə çox olan İstanbulun yollarında Bakıdakı kimi tıxac olmur… Bəlkə əhalisi qonaqlı-qaralı 16,9 milyonu ötən Moskvada belə tıxaclarla qarşılaşmısınız? Əhalisi 15 milyon olan Tehranda şəxsən özüm 2,6 milyonluq Bakıdakı kimi tıxaclara rast gəlməmişəm.

 İnternetin imkanlarından istifadə edərək əhali sayı təxminən 38 milyon olan Tokioda, 35,5 milyonluq Dehlidə, 34,9 milyonluq Şanxayda, 25 milyonluq Pekində, nə də 24 milyonluq Nyu-Yorkda, 20,5 milyonluq Qahirədə, 14,2 milyonluq Londonda… Bakıdakı kimi tıxacların olması barədə məlumatlara rast gəlmədim. Daha dəqiq desəm, «X şəhərinin yollarında tıxac» sözünü çin, yapon, ərəb, ingilis və s. dillərinə tərcümə edərək Google-də aidiyyəti ölkələr üzrə axtarışa verdim. Həmin şəhərlərin heç birində Azərbaycanda olan kimi, media resurslarında «Bakının bu yollarında sıxlıq-Siyahı» kimi məlumatlara rast gəlmədim. Amma bu ifadəni internetdə axtarış verəndə yüzlərlə xəbər qarşımıza çıxır. Bakıda artıq hər gün yol polisi sürücüləri və ictimai nəqliyyatı yollara növbə ilə buraxır. DİN-nin İntellektual İdarəetmə Mərkəzi isə səhərin gözü açılan kimi Bakı yollarındakı tıxaclı yolların siyahısını təqdim etməklə, sürücülərə alternativ yollar təklif edir, amma hamı bilir ki, gedilməli yollarda alternativlik yoxdur! Səhər də belədir, axşam da…

Bəs Bakı yollarının tutumu istismarda olan avtomobillərin sayına uyğundurmu?

Yenə də xarici mənbələrə və nəqliyyatın idarə edilməsində mövcud dünya təcrübəsinə istinadlar etdim. Bakı yeganə şəhərdir ki, vur-tut iki girişi və paralel olaraq da iki çıxışı var. Məsələn, Bakıya cənub istiqamətindən gələn avtomobillər (ölkənin cənubundakı rayonlardan və xarici ölkələrdən) paytaxta Bayıldan daxil olur və gedəndə də paralel olaraq Bayıldan keçib gedir.

 Şimal və qərb istiqamətindən isə Bakıya yenə də gələnlər (həm ölkənin həmin istiqamtdə olan rayonlarından, həm də xaricdən -Rusiya, Gürcüstan, Türkiyə, eləcə də Avropanın digər ölkələrindən və s.) paytaxta Biləcəri istiqamətindən daxil olur, gedəndə də eyni yolla-paralel olaraq getməyə məcburdurlar.

Niyə Bakının 3 və ya 4 deyil, bir-birinə paralel olan cəmi 2 girişi və 2 çıxışı olmalıdır?

Bax elə bu yarımbaşlıqda olan sualın da cavabı yazının girişində toxunduğumuz məsələlərdə vardır… Çünki Bakı paytaxt olaraq Abşeron yarımadasının dənizlə təmas nöqtəsində seçildiyi halda, onun mülki və sənaye tikintiləri mərkəzdən kənara doğru deyil, mərkəzə doğru aparılmışdır, bu gün də elədir… Bakıda 1 və ya 2, 3, 4, 5 mərtəbəli köhnə yaşayış binaları sökülür, yerində 18-24 mərtəbəli yaşayış binaları tikilir. Paytaxt faktiki olaraq kənarda yaşayan insanların süni surətdə mərkəzə doğru daşınmasına məcbur edilir…

tixac-2

Bəs Bakının 100 kv.m. faydalı yol sahəsinə neçə avtomobil düşür?

Bəzən deyirlər ki, Bakıda avtomobillərin sayı  çoxdur, yollar normadan artıq yüklənib və s. Bu qətiyyən belə deyil. Bakıda avtomobil çox deyil, avtomobilin getməli olduğu yol sahəsi azdır! Çünki faydalı yol sahələri göydələnlərlə, digər ticari və iaşə obyektləri ilə zəbt edilib, darlaşdırılıb, yüklü edilib. Yolun ötürücülük qabiliyyəti bununla da minimuma endirilib. Yol polisi isə şəhərin əsas çıxış yollarında sürət həddini ciddi əsas olmadan 60 km-saat-a qədər endirərək bu ötürücülüyü bir az da məhdudlaşdırıb.

 Daha bir vacib məsələ: Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, Azərbaycanda hazırda 1,7 milyondan çox avtomobil var ki, onların da təxminən 1,4 milyondan çoxu minik avtomobilləridir. Dövlət  Statistika Komitəsinin məlumatından bəlli olur ki, Bakıda hazırda təxminən 800 mindən çox  avtomobil istismardadır. Eyni zamanda, Bakıda 62 mindən bir az da çox yük avtomobili var. Deməli, Bakının iki giriş və iki çıxışlı yolları hər gün 1,3 milyon avtomobilə «ev sahibliyi» edir. Bura rayonlardan, xarici ölkələrdən daxil olan avtomobilləri də əlavə etsək, Bakının yollarının halını özünüz təsəvvür edin.

 Yeri gəlmişkən, bu cür yüklənmədən yaranan tıxaclar isə paytaxtda həm izafi yanacaq məsrəfinə, həm də ekoloji problemlərə yol açır. Bunun özü də ikinci ciddi bir problemdir…

Bakının 1600 km-lik yollarındakı milyonluq avtomobillər…

 Beləliklə, rəsmiyyətdə Bakının ümumi sahəsi 2200 kvkm.-dir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytında yayımlanmış məlumatdan isə bəlli olur ki, «Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublikanın ümumi istifadədə olan 17500 kilometr uzunluğunda avtomobil yollarına və Bakı şəhərinin 1600 kilometr uzunluğundakı küçə və prospektlərinə… xidmət göstərir…».

 Beləliklə, əgər Bakı şəhərində olan 1600 km-lik yolların və prospektlərin ortalama enini 7 metrdən götürsək, paytaxtın istismarda olan yollarının ümumi sahəsi təxminən belə bir rəqəmlə ifadə olunar: 1600 km. X 1000 metr X 7 metr= 11 milyon 200 min kvm. sahə!

 Bakı şəhərində istismarda (qeydiyyatda) olan ümumi avtomobillərin sayının (minik və yük avtomobilləri) təxminən 1.300000 olduğunu nəzərə alsaq, onda 1 avtomobilə düşən yol sahəsi bu qədər olar: 11.200.000 kvm. : 1.300.000 avtomobil= 8,62 kv.m. sahə!!!

 Bu o deməkdir ki, Bakı şəhərinin ümumi istifadədə olan yollarında bir avtomobilə təxminən 8,62 kvm. sahə düşür. 1 avtomobilə düşən ortalama döşəmə (yer) sahəsinin təxminən 6 kvm. olduğunu nəzərə alsaq, deməli, Bakı şəhərində istismarda olan avtomobillər həyətlərdən yollara çıxaraq hərəkətdə olarsa, ara məsafənin ən azı 2-3 metr olmasını da nəzərə alsaq, deməli, yollarımız tıxanmış olmalıdır, tam yüklü olmaqdan başqa çarə qalmır!

Azərbaycanın və Bakı şəhərinin yolları isə ilbəil xaricdən gətirilən avtomobillərlə doldurulur…

 Maraqlısı budur ki, aidiyyəti dövlət qurumlarında Bakının yollarının avtomobil tutumu barədə yetərincə yaxşı məlumatlıdırlar. Lakin bunları bilə-bilə, hər il ölkəyə, o cümlədən Bakı şəhərinə xaricdən daşınan avtomobillərin sayı durmadan artır. Məsələn, 2018-ci ildə Azərbaycana xaricdən təxminən 23 min avtomobil gətirilib və Dövlət Gömrük Komitəsinin rəsmi məlumatında da bildirilir ki, bu 2017-ci illə müqayisədə təxminən 13 min ədəd çoxdur. 2019-cu ildə isə Azərbaycana daha 47 min 710, 2020-ci ildə 53 729, 2021-ci ildə təxminən 65 min, 2022-ci ildə də təxminən 75 min avtomobil idxal edilib… Yəqinki bu il də artımlı olacaq.

 Onu da nəzərə alın ki, ölkəyə gətirilən avtomobillərin təxminən 75-80 faizi Bakı şəhərində qeydiyyata alınır, paytaxtda istismar olunur. İndi təsəvvür edin, paytaxt yollarında hər avtomobilə təxminən 8,62 kvm. sahə düşürsə və hər ilə 45-55 min ədəd avtomobil də bu yollara doldurulursa, daha tıxacların aradan qaldırılmasına necə çıxış yolu qala bilər???

***

 Ölkə üzrə istismarda olan avtomobillərin ümumi sayı isə illər üzrə belədir: 2022-ci ildə təxminən 1,4 milyon avtomobil olub. 2019-da 1,38 milyon ədəd, 2018-ci illərdə 1.370574 ədəd; 2017- 1.342324 ədəd; 2016- 1.330551 ədəd; 2015- 1.322610; 2014- 1.291008; 2013- 1.232678; 2012- 1.135936; 2011- 1.037626; 2010- 98.255 və sair.

***

 Göründüyü kimi, Azərbaycan və Bakı şəhəri hər il xaricdən gətirilən çoxminli avtomobillərlə doldurulur. Bu avtomobillərin böyük hissəsi Bakı şəhərinin, deməli, paytaxt yollarının payına düşür. Bu isə təbii ki, yarımadada yerləşən, dörddəüç hissəsi su ilə əhatələnmiş, vur-tut iki əsas giriş-çıxış yolu olan Bakı şəhərində tıxacların həlledilməzliyinin əsas səbəbidir.

Təklifimiz: 1.Bakı şəhərinin giriş və çıxış yollarının sayı artırılmalıdır; 2.Nə qədər ki, gec deyil, ölkəyə bundan sonra gətirilən və son buraxılış tarixi 7 və ya 10 ildən çox olan avtomobillərin Bakı şəhərində qeydiyyatına icazə verilməməlidir; 3.Bakı şəhərinin mərkəzində sökülən köhnə yaşayış binalarının yerində göydələnlərin tikintisi dayandırılmalı, əhalinin süni surətdə mərkəzə daşınmasının qarşısı alınmalıdır(onsuz da MTK-ların tikdiyi göydələnlərin ən azı 60 faizi istifadəsizdir, alıcı gözləyir, həmin MTK-ları isə Qarabağın işğaldan azad olunmuş ərazilərindəki tikintilərə cəlb etmək lazımdır).

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN