KƏNARDAN GÖRÜNƏN BAKIM...

Deyirəm, aradabir məmləkətimə kənardan baxanda yazığım gəlir. Qardaş, bir məmləkət nə  qədər bəxtsiz, şanssız olar təbiət hadisələri cəhətdən. İndi siz səbəbini sormadan icazənizlə mən ərz edim halımızı siz də bilin... Bir neçə gün əvvəl  külək əsdi. Gözəlim külək vurdu Bakını bir-birinə. Hələ Abşeronu demirəm. İradə Gülməmmədovadan başqa Abşeronda belə at oynadan olmamışdı ki, bu külək bunu bacardı. Nə məktəbdə dam qoydu, nə yolda dirək. Məktəbin dirəyi uçanda görəsən, heç narahat oldularmı ki, bəlkə millətin balasına nəsə olar...

Birdən elə bilərsiz, məktəbin uçan damına görə, yaxud da Xırdalanda hərrəkət də olan avtomobilin üstünə aşan işıq dirəyinə görə kimisə qınayıram. Yox, a tövbə. Mən bütün günahları küləkdə görürəm. Necə ki, qışda qar yağanda qışı qınayırıq, bax indi də küləyi qınayıram. Bizdə həmişə təbiət günahkardır, məmur yox. Məsələn, qışda qar yağır yolları buz bağlayır, şəhər iflic olur. Axı, məmur yazıq nə bilsin ki, qışda qar yağacaq, elə bilir ki, göydən pul yağacaq. Ya da ki, götürək elə bu dam düzəldib, dirək basdıranları... Necə ki, mən inanıram, siz də inanın ki, o damı düzəldəndə yeyinti olmayıb. Məsələn, o damın mismarları artıqlaması ilə vurulub. Elə aşan dirəyi də basdıranda sement 200-lük sementlə qumu qatışdırıb sənədə 800 yazmayıblar. İnanın ki, bizdə belə yeyinti məsələləri heç vaxt olmur. Bizdə hamı halal maaşa baxır, el malına xor baxan olmur. Bax elə ona görədir ki, tikinti şirkətlərinin rəhbərləri, icra başçıları, JEK müdürləri halal pulla sərvət əldə edirlər, boğazlarından kəsib 4-5 vilanı ancaq qurub quraşdırıb ortaya çıxara bilirlər...

Əslində bu təbiətin bizim başımıza açdığı birinci oyun deyil də bilirsiz. Bax, qışda qar yağa kimi yollar buz bağlayır, cavabdeh məmurlar qalırlar çıxılmaz vəziyyətdə ki, biz nə bilək qar yağacaq. Və ya binalarda istilik təchizatı çalışmır. Yaydan yoxlayıb yararlı olub-olmamasını araşdırmırlar. Fikirləşirlər ki, bəlkə qar yağmadı. Yola asfalt çəkirlər, qadasın aldığım payız gəlib elə yuyub aparrır ki, yolçəkənin heç ruhu incimir. Əvvəla kanalizasiya sistemini düzgün quraşdırmırlar ki, yağış suları axıb getsin. Birtərəfdən də asfalt örtüyünü nə qədər qalın eləsələr də uzağı 5-6 aya o asfaltdan əsər-əlamət qalmır. Birdən, fikirləşərsiz ki, yəqin asfaltı nazik qat vururlar. Yox, ee nə danışırsız, kiminsə günahına girməyin. Asfaltın qatı 1 barmaq qatında olur dəqiq, öz küçəmizə çəkiləndə görmüşəm Xırdalanda...

Hələ bu harasıdır... Bu təbiət hadisələri elə bil bizim məmurların acığına bu qədər yaramazlıqlar edir. Bax, indi də yay gəlir. Karantin müddəti də bildiyimiz kimi uzadılıb. Yayda maska vuracayıq avtobusda. Özü də karantin şərtlərinə əməl edərək, məsafə saxlayaraq- pres halnda yəni. Amma görək avtobuslarda kondisioner sistemi işləyəcək?! İşləmək bir yana görək heç avtobuslarda kondisioner quraşdırılacaqmı?!

Sözümüzün arasında YAYIN KONDİSİONERİ dursun, mənim sözüm qutarmadı... Ardını da yazacam... Salamat qalın..

 Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN