CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR...

Demişdim gecə klubunda baş verən partlayışla bağlı bir daha yazmayacam. Çünki sağ olsun bəzi həmkarlarımız o gecə orda yaralananları az qala qəhrəman elan eləmişdilər. Amma bu gün bu yazını yazmağa özümü borclu bildim. Bu borc özümə yox,  şərəfli, qeyrətli analara olan borcdu deyim bəlkə də... Mənə bu yazını yazmağa gecə klubundan sağ  çıxan bir xanımın- ANAYAMSA GECƏ KLUBUNA GEDƏ BİLMƏRƏM Kİ deməsi səbəb oldu... Bu xanımın özünün cavab verməliykən cavabını bizdən istədiyi sualımı deyim, onu qınayanları ittihamımı deyim, fikrimi deyim, düşüncəsimi deyim hər nədirsə bilmirəm... Amma onu deyə bilərəm ki, bu yazını yazmağa səbəb xanımın səsləndirdiyi bu fikir oldu...

Yaxşı yadımdadır, bir dəfə rayona yas yerinə getmişdik. Səhv etmirəmsə, 9-10 yaşımız olardı. Hava çox soyuq idi. Qış fəsli sanki bütün gücünü rayona göstərmişdi. Biz heç şəhərdə belə soyuq görməmişdik. Bayırda elə soyuq var idi ki, adamın yataqda belə canı isinmirdi. Biz bacımla ev sahibinin 2 qızı və şəhərdən yasa gedən ailənin də 2 qızıyla bir otaqda yatmalı olmuşduq. Yatdığımız otaqda odun peçi yanırdı. Evin döşəməsi yox idi, döşəmə adi bildiyimiz torpaqdan idi. Üstünə isə kilim, palazlar salınmışdı. Qadınlar isə o biri otaqda toplaşıb sabaha hazırlıq görürdülər. Ev yiyəsinin qoyun-quzusu, həm də iribaşlı mal-heyvanı var idi. Gün üzü tövlədə heyvanlara yem verəndə görmüşdük. Həyətdə o qədər toyuq-cücə var idi ki, saymaqla bitməzdi. Biz şəhərdən, məktəbimizdən, həftə sonları gəzməyə getdiyimiz parklardan, orda olan elektriklə çalışan maşınlardan, ekskursiyaya getdiyimiz yerlərdən danışırdıq. Ev yiyəsinin qızları da maraqla bizi dinləyirdilər. Bəlkə də onlar bizi yaşadığımız kamfort həyata görə bəxtəvər sayır, biz isə onların bu qədər azad böyüməklərinə görə onları xoşbəxt sayırdıq. Uşaq ağlımız hələ bu sualın cavabını verəcək qədər inkişaf etməmişdi...

Təbii ki, onların da söhbətləri bizim üçün çox maraqlı idi. Ən maraqlısı isə o idi ki, onlar kənddə yaşayan qohum-əqrəbanın evinə, məktəbə, mal-heyvanı otarmağa tək gedir, ev və həyət işlərində valideynlərinə kömək edirlər, hətta əkin-biçində də onlara yardım edirdilər. Bax, bu bizim üçün çox maraqlı və qəribə bir hal idi. Ev yiyəsinin 3 oğlu da var idi... Əziz oxucum, yazını yazmaqda məqsədim var... Yəqin ki, məqamı tutacaqsan...

Artıq gecədən xeyli keçmışdı. Sanki başqa bir planetə düşmüşdük. Yuxumuz qaçmışdı. Maraqlı söhbətlər edirdik. Hamımız həmyaşıd olduğumuz üçün söhbətimiz də tuturdu. Birdən odun peçinin istiliyi azalmağa başladı. Ev yiyəsinin qızları bizə xəbərdarlıq elədilər ki, yatağımıza girək çünki odun qurtarıb sabaha qədər ev soyuyacaq. Sabah odun ya meşədən gətiriləcək, ya da odun satanlar gələndə alınacaq. Üşüməmək üçün söhbətimzi yerimizdə davam edirdik. Qızlar bizə dedilər ki, anaları sübh tezdən təndirə çörək yapacaq. Ona görə də tez durub analarına kömək etməlidirlər. Bizi də həvəsləndirdilər ki, səhər tezdən təzə süd, qatıq olacaq. Onlar analarının bişirdiyi ləzzətli təndir çörəyindən, tutduğu qatıq-qaymaqdan danışırdılar. Halbuki biz o məhsulları mağazadan hazır alırdıq. Bu uşaqlar ata-anaya bizdən çox güvəncli idilər, onlarda həm də özgüvən var idi. Məsələn onlar təkbaşına kəndin ayağına qohum-əqraba evinə, yaxud məktəbə gedirdilərsə bizə bu qəribə gəlirdi. Axı biz heç mağazaya tək getməzdik. Qulaqlarımızdan kimsə bizi oğurlayar xəbərdarlığı qorxuya çevrilib ürəyimizə hopmuşdu. Bu evin uşaqları isə tam əmindilər ki, onları heç kim oğurlamaz, onlar soyuqda xəstələnməz, ataları meşəyə odun yığmağa gedəndə ona yırtıcı heyvan hücum etməz, anaları isə dünyanın ən ləzzətli  çörəyini bişirir. Bu uşaqlar xoşbəxtlikdən uzaq xoşbəxt böyüyürdülər. Bəzən xoşbəxtliyini görmədən yaşayır insan. Bəzən də xoşbəxtliyi ilə bədbəxtliyinin sərhəddində ömür sürər...

Səhər açıldı və biz oyananda anamız bizi soyuqdu deyə həyətə buraxmadı. Səhər yeməyimizi yeyib həyətdə iş görən adamlara, xüsusilə valideynlərinə kömək edən həmyaşıdlarımıza həsədlə baxır, onların yerində olmaq istəyirdik. Sanki o uşaqların canı dəmirdən idi, o uşaqlar üşümürdülər. Əyin-başları da o qədər qalın deyildi. Heç birinin başında papaq yox idi. Əllərində əlcək olmasa da həyətdə soyuqda iş görürdülər. Ev yiyəsinin oğlanları da həvəslə əsl böyük kişilər kimi iş görürdülər. Təbii ki, yas evi olduğu üçün gəlib-gedən də çox idi. Bu evin uşaqları da bütün işlərdə yaxından iştirak edir, valideynlərinə köməklik göstərirdilər. İmkan tapıb həyətə çıxan kimi toyuq-cücənin dalınca qaçıb qovalamağa başladıq. Şəhərdə heç vaxt bu qədər asudə, azad olmamışdıq deyə kənd həyəti bizə bəlkə də dünyanın ən böyük yeri kimi görünürdü. Sanki dünya gözümüzdə bu həyət boyda idi o anda. Axı biz heç vaxt bu qədər həyətdə gəzməmişdik, açıq hava altda bu qədər qalmamışdıq. Ona görə də yanımızdan külək əsən kimi xəstələnərdik. Bizi analarımız yağ içində böyrək kimi saxlayırdılar. Gecə tərləsək neçə dəfə oyanar əynimizi dəyişər. Başımıza papaq qoymadan çölə çıxarmazdılar. Hələ susayıb su istəyəndə bizdən əvvəl stəkanda suyun soyuqluğunu, istiliyini əvvəl özləri yoxlamaqlarını demirəm. Anamız bizi ovcunun içində saxladı. Heç kimin ümidinə qoyub toya-nişana, harasa getməzdi. Biz ana sevgisiylə böyüyürdük. Və bu sevgi bizi bütün sevgilərdən almışdı...

Bir neçə gündən sonra biz şəhərə evimizə qayıtdıq. Yəqin şəhərdə yaşayanlar, uşaqlığı şəhərdə keçənlər mənimlə razılaşar ki, biz saatla həyətə düşər onda da valideynlərimizin bizi balkondan izləyib görə biləcəyi yerə qədər ərazidə gəzib dolaşa, oynaya bilərdik. Vay o gündən ki, oynadığımız yer balkondan görünməyəydi... Sonra bizi nə gözləyirdi?! Ən ağırı sabah həyətə çıxmamaq cəzası idi... Bəli, məhz buna görə də biz şəhər uşaqlarının uşaqlığı kamforta, bir az valideyn sevgisinə, bir az da özgüvənin az olmasına qurban gedir... Şəhər evlərində ayağımızın altında evdə parket və üstündə xalçalar, küçədə isə asfalt olduğundan bizim ayağımız torpağa dəymədiyindən ürəyimizdə Vətən, torpaq sevgisi də kənd uşaqlarına nisbətdə az oldu. Heç vaxt anamız isti təndir çörəyi bişirmədi. Amma bizi ac da saxlamadı, bütün şəhər adamları kimi çörəyimiz, ərzağımız mağazadan alınardı. Bizim atamızın meşəyə odun yığmağa getməyinə də ehtiyac yox idi. Çünki biz şəhərdə isti rahat evlərdə yaşayırdıq. Axı biz şəhər uşağı idik... Hər şeyimiz fərqlı idi kənd uşağından. Evimiz, həyatımız, məktəbimiz, dostlarımız...

Şəhər uşaqlarının anaları da kənd uşaqlarının analarından fərqlı olur. Şəhərli analar heç vaxt uşaqlarını köksünə sıxıb yatmazlar. Çünki şəhərli anaların bahalı ətirlərinə uşağın tərinin qarışması qorxusu var. Amma kəndli analar təndirə çörək yapdıqdan sonra yorğunluğunu körpəsinə sarılıb yatmaqla çıxarır. Şəhərli balaları atasından çox atasının sürücüsünə möhtac olur. Çünki əgər evə nəsə lazım olsa ata çatdırmasa sürücü onu mütləq vaxtında alıb çatdırar. Kənd uşaqları ilk addımını torpaq üstə atır deyə torpağa daha bağlı olur... Ona görə də şəhər uşaqları ŞƏHİD olmağı kənd uşaqları qədər bacarmadı... Kənd uşaqları ŞƏHİD oldu, şəhər uşaqları isə ŞAHİD...

Bu hadisədən illər keçdi. O vaxt yasa getdiyimiz ev yiyəsinin övladları böyüdü. Biz tay-tuş idik. Qohumluq əlaqələrimiz olsa da get-gəlimiz yox idi. Ancaq toyda-yasda valideynlərimiz görüşərdi. Günlərin bir günündə həmin evin böyük oğlu Arifin Birinci Qarabağ Müharibəsində ağır yaralanıb Bakıya gətirildiyi xəbərini aldıq. Yaralının vəziyyəti ağır idi. Əməliyyatda qolunu amputasiya etdilər. Bu Qazi mənim anamın və atamın bibisi nəvəsi idi. Üstündən çox keçməmiş evin ortancıl oğlu Turabın Şəhid olduğu xəbərini aldıq. Ailənin oğlunun biri Qazi, biri isə Şəhid oldu... Bu oğullar kənddə, Quran qoxulu ananın tərbiyəsiylə böyüyən oğullar idi... Elə ailədən oğru, quldur, cinayətkar oğul çıxa bilməzdi. Çünki o oğullar torpaq üstündə zəhmətkeş atanın və Quran qoxulu ananın ocağında böyümüşdülər...

Əziz oxucum, mən sənə bir ananın həyatından yazdım. O ana ki, zülmlə-zillətlə böyütdüyü iki balanı Vətənə qurban vermişdi. O ana ki, nə rahat ev görmüşdü, nə xoş gün görmüşdü, nə bahalı hədiyyələrlə sevinmişdi, nə restoran, istirahət görməmişdi. O ana ki, bişirdiyi təndir çörəyiylə balalarının ürəyində Vətən sevgisi aşılamışdı... O, Şəhid anası Məlahət ana idi..

Bu gün isə bir xanım dünyaya meydan oxuyur... Gecə klubunda partlayışda yaralanan ana... Həm də 3 uşaq anası... Evdə 3 uşağın onun yoluna dikilən nigaran baxışlarını gecə klubuna qurban verən ANA adlı varlıq... Bəli, sadəcə ANA adı daşıyan məfhum...  Anayamsa, gecə klubuna getməyə haqqım yoxdurmu deyən ana... Heç kimi ittiham etməyə haqqım yoxdur. Amma o suala cavab vermək istəyirəm. Madəm ki, bizə sual ünvanlayıb, o zaman mən də ağlım kəsən cavabı vermək istəyirəm.

Məncə, analar gecələr övladlarını tək qoyub GECƏ KLUBUna getməz. Çünki insan ana olduğu andan artıq özü üçün yox övladı üçün yaşamağa başlayır. Ana olduğun gündən sən artıq başqa bir varlığın həyatına cavabdeh olursan, ona görə məsuliyyət daşıyırsan. Sənin haqqın yoxdur ki, öz istirahətin üçün sənə ehtiyacı olan, sevginə, qayğına möhtac olan körpələri gözü yolda qoyasan. Sən onu anlamalısan ki, övladın anaya olan sevgisi bölünəndə o övladda Vətən sevgisi, Torpaq sevgisi olmur. Çünki övladda ən müqəddəs sevgi ana sevgisi olur. O sevgi itərsə artıq o ürəkdə daha heç müqəddəs sevgilər yaranmır. Sən bu sevginin xatirinə və müqəddəs ANA adı xatirinə gecə klubuna getməməlisən...

Sənin gecə klubuna getməyin təkcə sənin övladlarına, ailənə  deyil birbaşa millətə vurulan zərbədir. Çünki gecə klubuna gedən ananın evində namuslu, qeyrətli övlad yetişə bilməz. Bu xalqa, bu millətə qeyrətli oğullar doğub böyüdən analar lazımdı, bara gedən analar yox. Bara gedən ana Şəhid oğul doğa bilməz. Cənnət anaların ayaqları altındadır. O anaların ki, torpağı uğrunda Şəhid oğullar doğub bu Vətən üçün... Sən isə ayağın altındakı cənnəti bara dəyişməklə həm də ana adına ləkə gətirirsən...

 Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN