Və ya... səninlə qürur duyuram, qazim

Bu gün Qazilərə olan məhəbbətimi, hörmətimi tərbiyə etdiyim 7 yaşlı övladıma da aşılamışam. Harda olursa-olsun bir Qazi görüncə, hərbi salam verib, Sizinlə fəxr edirik deməsi, Şəhid məclislərində Şəhid analarının əllərindən öpüb, “Siz baş tacımızsız, əzizi Şəhid anaları” deməyi mənim üçün bu sevgimin cavabıdır. Mən ətrafdan və ətrafımdakılardan bu sevgimə cavab gözləmirəm, anlay gözləmirəm. Məncə heç olmasa öz övladıma bunu aşılaya bilmişəmsə bu mənə yetər...

Mən 7 yaşlı uşağı həmişə özümlə Şəhid məclisinə aparıram. Çünki o məclislər mənəviyyatımızı, milli sevgimizi, ruhumuzu tərənnüm edir. Orda müqəddəs Şəhidlərimizin ailələri, baş tacımız Şəhid analarımız, bizimçün canından-qanından keçmiş Qazilərimiz olur. O Qazilərimiz Şəhidlırimizin döyüş fədakarlığından, qəhrəmanlığından danışır. Təbii ki, bunları dinləyən uşağın ürəyində böyük bir Vətən sevgisi yaranır. İzdihamı, Şəhidin anasına, Qaziyə olan hörməti görən uşaq Şəhidinin, Qazisinin qiymətini anlayır, dərk edir. Vətəndaş olaraq bizim də borcumuzdur ki, o igidləri tanıdaq və tanıyaq. Mən öz profilimə Qazinin şəklini qoyuramsa təbii ki, bunu ilk görən mənim ailəm, övladım olur. Artıq mən ilk öz ailəmdən, övladımdan başlayaraq 1 Qazini  tanıdıram. Bu şəkli profilimdə onlarla, yüzlərlə insan görür və tanıyır. Mən bir şəkillə öz vətəndaşlıq  borcumun, Qazimə, məmləkətimə, millətimə can verən, Qarabağın yaralı günündə ona qan verən bir oğulun qarşısında olan borcumun bir hissəsini ödəmiş oluram.

İçimdə bir dinclik, bir rahatlıq tapıram Qazi şəkli paylaşanda. Fəxrlə, qürurla baxıram o şəklə. Mənimçün fəxrdi ki, kimsə mənim profilimdə bu xalqın, bu millətin igid oğlunu görür. Məgər hamımız belə etsək, olmazmı? Məgər hamımız profillərimizi, sosial mediadakı şəxsi səhifələrimizi Qazi şəkilləri ilə bəzəsək olmazmı? Axı, onlar sıradan adi vətəndaşlar deyillər... Onlar bizi 30 ilin utancından azad edib, MƏĞLUB MƏMLƏKƏTİN MƏĞLUB VƏTƏNDAŞI adından xilas edib QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI edən, bir ovuc qara torpağı Vətən edən, minlərlə Şəhidimizin qisasını alan, Xocalıda yanıb külə dönmüş dinc sakinlərin, bətnində körpəsi  şişə çəkilən anaların, gözünü yurd həsrətiylə yuman neçə qarabağlının, soyuq meşələrdə ayaqları şaxtadan donub buz heykələ dönmüş neçə-neçə soydaşımızın qanını alan igid, qeyrətli oğullardı...

***

Bu gün də o qüruru onlara yaşatmaq bizim borcumuzdu. Çalışmalıyıq ki, yarımcan olmuş,  Vətənə can, qan vermiş övladlar öz zəhmətləri ilə qürur duya bilsinlər. Gözünü fəda etmiş Qazinin gözü, əli kəsilmiş Qazi, ayağını itirən Qazinin dayağı olmalıyıq. Oğlu Şəhid, Qazi olan analar kövrək, qəlbi sınıq olur. Niyə, bu sevgini onlardan əsirgəməliyik? Məgər çətin işdir Qazini sevmək, hörmət etmək, onunla qürur duyduğunu hiss etdirmək?! Unutmamalıyıq ki, damarlarında təmiz qan axan, ruhunda vətənpərvərlik sevgisi olan bir insan üçün çətin bir iş deyil...

Mənim əslim-köküm qarabağlıdır. Amma Qarabağı görməmişəm. Mən Ağdamı, Laçını, Füzulini, Xocalını, Şuşanı, Zəngilanı, Cəbrayılı, Qubadlını görməmişəm... Mən o torpaqları azad edən oğulları, Qaziləri görmüşəm...

Mən Qarabağa gedən yolu tanımıram. Qarabağın yolunu yolumuza qatan Qaziləri tanıyıram... Mənimçün Qarabağ Qazi Nərimanın kəsilmiş qolu, Muradın qəlpə dağıtmış əli, Rizvanın Vətən torpağında əmanət qalmış ayağı, Amilin yaralanmış gözüdür...

Mən Qarabağı görməsəm də  Qarabağı azad edib, Qarabağ Azərbaycandır nidasını dünyaya  bəyan edən Qarabağ Qazisini sevmək zorundayam... Çünki Qazilər olmasaydı, Şəhidlər olmasaydı Qarabağ da bizim olmayacaqdı...

Alimindən tutmuş idmançısına, tələbəsinə, həkiminə, hakiminə qədər hər birimizi tənədən azad etdi bu oğullar... Təsəvvür edin beynəlxalq  idman yarışlarında idmançılarımız nə qədər güclü olsalar da, lap 10 rəqib erməni idmançısını məğlub etsə də, bu heç nəyi dəyişmirdi. Sonunda bizim adımız torpaqları  işğal altda qalan məmləkətin vətəndaşı idi..  Xatırlayırsınız, bizim igid oğlumuz Ramil Səfərovu?! Erməninin başını kəsmişdi?! Bax, belə oğullar qoymadı Qarabağ unudulsun... Bu aqibət vətənpərvər olan hər azərbaycanlını gözləyirdi...Çünki millətini sevən heç bir qeyrətli kişi ya da qadın razı olmazdı ki, onun Vətəni, bayrağı aşağılansın, təhqir olunsun. Şəhidlərimiz, Qazilərimiz bizim hər birimiz əvəzdən bu qisası birdəfəlik aldılar...

***

Yadınızdadır, Tovuzda general Polad Həşimovun vurulması xəbərindən hiddətlənən xalq ayağa qalxıb səfərbərlik tələb etdi?! Əlinizi qoyun və özlüyünüzdə səmimi etiraf edin,  qorxdunuzmu oğlanlarınızın gedib müharibədə Şəhid olmasından?! Təbii ki, heç bir ata, heç bir ana istəməz övladı cavan yaşda qara torpağa köçsün?! Təbii ki, heç kim... Çünki hər kəsə övladı əzizdir. Amma bu o Qazilərdi ki, hamınızın övladı əvəzindən gedib Vətən torpağına can, qan qurban verdilər... Axı, torpaq suyla qarışanda palçıq, Şəhid, Qazi qanıyla qarışanda Vətən olur. Onlar da torpağa qan qatıb, bir ovuc qara torpağı Vətən etdilər...Bu gün də gəlin, biz onlara bu sevgini verib qürurlandıraq onları...

***

O Qələbə gününü yadınızdadır?! Həsrətlə hər gün ekran qarşısında oturub Ali Baş Komandan İlham Əliyevin qələbə çıxışını gözləyirdik... Rayonlar, hətta kəndlər alınanda  binalardan duyulan o izdiham, qışqırıq səsləri, sevinc atəşfəşanlığı, küçələrdə karantin qaydalarını pozub çal-çağır qurmağımız yadımızdan çıxdımı?! Bəs, fikirləşirdinizmi hər gün o kəndlər, rayonlar alındıqca neçə oğul Şəhid olurdu, neçə oğul Qazi olurdu, neçə ana-ata oğulsuz, neçə qardaş-bacı qardaşsız, neçə gəlin ərsiz, neçə körpə atasız qaldı?! Fikirləşdinizmi?!

Hətta noyabrın 8-də yollarda yaşanan izdiham, insanların gecəykən yollara axışıb, Şuşa alındı, Qarabağ Azərbaycandır! - deyib sevinərək çalıb-oynaması bu günə qədər yadımdadır. Əslində, müharibəyə yararlı, amma getməyən, ata-anasının səyi və verdiyi rüşvətin müqabilində səfərbərlikdən yayınan 100 min manatlıq maşında qızlarla sevincini bölüşən oğlanlar da yadımdadı... Sonralar Şəhid məclislərində olanda heç vaxt o 100 minlik maşın sürən oğlanları o məclisdə görmədim. Yəqin dərk etmirdilər ki, Qarabağı 100 minlik maşında sevinc paylaşmaq qədər asanlıqla azad etmədilər. Nə də Qarabağı 100 min manatlıq maşın sürən oğlanlar xilas etmədilər... Qarabağı qeyrəti ilə dünyaya meydan oxuyan qeyrətli  Azərbaycan övladları azad etdilər...

SƏNİNLƏ QÜRUR DUYURAM, QAZİM!!!

Hər birinizə sonsuz hörmət və məhəbbətlə...

Sevinc MURADXANLI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN