YAXUD, ŞƏHİDİMİN SOYUQ DİVARLARA HƏKK OLUNMUŞ İMZASI...

…Bir izdiham var idi SPACE TV-də. Həyətə toplaşmış insanların üzlərində sevinc, düşmən qənimi olan hərbçilərin simasında isə bir qürur duyulur. Hər kəs möhtəşəm tədbirin təsiri altındadır. Əsən sərin meh, sanki Qarabağdan, Şuşadan, Ağdamdan, Laçından, Zəngilandan, Cəbrayıldan, Füzulidən salam gətirmişdi tədbirə. Hərbiçilərimizə, bizi məğlub məmləkətin məğlub vətəndaşı adından azad edib QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI edən, bir ovuc qara torpağı qanla suvarıb Vətən edən Qazilərimizə baxanda adamın ürəyi dağa dönürdü. Hər birinin boyuna qələbə, məğrurluq biçilmiş oğullarımıza baxanda Vətənlə, orduyla fəxr etməklə göyün yeddinci qatına qədər qürurlanırdı insan.

***

...Burada Qarabağ havası var... Və havada Qarabağ sevinci, qələbə sevinci duyulur. Nə vaxtdır Qarabağa təşnə olan qəlblərə çəkmək olardı bu sərinliyi. SPACE Müstəqil Tele-Radio Şirkəti heç vaxt bu qədər gözəl, əzəmətli görünməmişdi, desəm, bəlkə də hörmətli həmkarlarım, başda digər  kanalların rəhbərləri, soyuyla, köküylə, ruhuyla Qarabağlı olan Müşfiq Hətəmov da məndən inciməz. Çünki bir başqa ab-hava var bu gün... Hər qarışdan, hər tindən, hər bucaqdan Qələbə sevinci görünür, Qarabağ ətri gəlir, Şəhid ruhu boylanır, Qazi qüruru duyulur... Möhtəşəm bir sərgiyə ev sahibliyi edirdi sevimli kanalın rəhbərliyi. Adı da özü kimi möhtəşəm olan «QƏLƏBƏNİN İMZA GÜNÜ» sərgisi...

 

 ...Qələbəmizin imzasına şahid olanlar arasında baş tacımız Şəhidlərin ailə üzvləri, fəxrimiz Qazilər, millət vəkillərimiz, həmkarlarımız dəvət olunmuşdu. Hər kəsin gözü intizarla bizi bu gözəl məkana toplayan sərginin fotolarına fokuslanmışdı… Nəhayət, açılış mərasimindən, simvolik çıxışlardan sonra qonaqlar sərgi salonuna daxil oldular. Hər bir şəkil, sanki bir tarix idi, hər bir şəkil bir Şəhidin, bir Qazinin yadigarı idi. Bu şəkillər dünyada ən məşhur rəssamın ən bahalı əl işindən daha qiymətli idi bu xalq, bu millət üçün. Soyuq divarlara yazılan bu bir kəlmə sözlər, cümlələr, sanki dastan idi. Çünki bunları nə şair, nə yazıçı qələmlə kağız üstə yox, qəhrəman Şəhid və Qazilərimiz qanlarıyla viranə qalmış Vətən torpağının azad olunmuş bir divarına özlərindən sonra yadigar qalsın deyə yazmışdılar.

 Şəkillərə baxdıqca, sanki onu divara yazan Şəhidin ruhu adamın qulağına pıçıldayırdı ki, bax, bunu mən Cəbrayılda yazmışam... Mən bunu Ağdamda yazmışam... Mən bunu döyüş yoldaşım Şəhid olan günü yazmışam... Mən bunu Şəhid olmamışdan 2 saat əvvəl yazmışdım... Bunu mənim Şəhid qardaşım yazmışdı...

Şəkillər isə dil açıb danışırdı... Ruhu, qəlbi olan insan hiss edə bilərdi bu səsləri...

 Gözüm bir anlıq bir tablonun önünə toplaşmış Qazi qardaşlarıma sataşdı. Bəlkə də ağlamaqdan özlərini güclə saxlamışdılar. Məlul-müşkül, çox kədərli halda tablodakı yazını divara yazan Şəhid dostlarını, sanki yadlarına salmışdılar, o günü xatırlayıb sakitcə şəklə və doluxsunmuş gözlərini bir-birindən gizlətmək üçün tavana zilləmişdilər. Bəlkə də o sözlər yazılan yerdə onların neçə silahdaşı Şəhidlik zirvəsinə ucalmışdı. Bunları duymamaq, hiss etməmək mümkün deyildi, axı bunu duya bilmək üçün hərbçi olmaq, yaxud xüsusi qabiliyyətə malik olmaq da gərək deyil, bunu duya bilmək üçün insan olmaq yetərli idi...

***

Təbii ki, bir müddət sonra o divarlar söküləcək, o yazılar pozulub gedəcək. Amma bu gözəl və möhtəşəm layihə çərçivəsində biz hələ ayağımız dəyməyən, gözümüz görməyən, torpağına qədəm basmadığımız, o ağrılı-acılı 44 günlük müharibədə döyüşlərində olmasaq belə, ürəyimizdə sevgisini daşıdığımız Qarabağımıza ziyarətə getdik, gəldik sanki... Bu sərgi elə bil Şəhidlərimizin imzası olan o divarları bir tarixə döndərdi bu gün... «QƏLƏBƏNİN İMZA GÜNÜ!». Bəlkə də «ŞƏHİDİMİN İMZA GÜNÜ!» kimi yaddaşlara həkk olundu bu fotolar və bu gün…

Qələbən mübarək, Azərbaycan!

Sevinc MURADXANLI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN