"Ölkəmizdə pandemiyanın yumşalması niyə məhz bizə şamil edilmir?"
"KOB isə anlaşılmaz cavabları ilə bizi mədəni formada "YOLA VERİR""
"Təzadlar" qəzetinə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 117, mənzil 83-də yaşayan Bəşirova Azadə Qinyaz qızının Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciəti daxil olub. A.Bəşirova Nizami rayon Bələdiyyəsi tərəfindən icarəyə götürdüyü torpaq sahəsində ticarətlə məşğul olması üçün icazənin Bakı şəhər İH tərəfindən əsassız olaraq verilməməsindən şikayətçidir.
Şikayətçi yazır ki, 2005-cı ildə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriiyev küçəsi, 55/57 saylı binanın qarşısındakı 375 kv.m boş torpaq sahəsini Nizami Bələdiyyəsi tərəfindən 49 il müddətinə icarəyə götürüb. Burada ağaclar əkib, xüsusi qulluq göstərərək ərazini abadlaşdrıb.
Müraciətdə daha sonra deyilir:
"Çox hörmətli Prezident cənab İlham Əliyev! Həyat yoldaşım Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ müharibəsində 4 il iştirak edib. Müharibə dövüründə sağlamlığını müəyyən qədər itirdiyinə görə vaxtaşırı dərmanlara ehtiyacı olur. Mən özüm işsizəm. İki övladımız da buzim himayəmizdədir. Ailəmizin iqtisadi çətinliyini aradan qaldırmaq üçün istədik ki, yerli bələdiyyədən götürdüyümüz yerimizdə iaşə obyekti yaradıb kiçik bizneslə məşğul olaq. Lakin üzləşdiyimiz bürokratiya və süründürməçilkdən bizə əsassız olaraq icazə verilmir ki, kiçik bir iş qura bilək.
Son müraciətlərimizə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 6 may tarixli cavab məktubunda əvvəlcə bildirir: "08 və 23 aprel müraciətlərinizə Agentlikdə aidiyyəti üzrə baxılaraq nəticəsi barədə tərəfimizdən Sizə məlumar veriləcəkdir".
20 may tarixli cavabda isə qeyd edirlər ki, guya bizim telefon nömrəmizə zəng çatmayıb və s. bəhanələr.
Bakı şəhər İH-nin Ticarət və Xidmət Depertamentinin 07 may 2021-ci il tarixli, 20/08-136 saylı cavab məktubunda bildirilir: "Bildiririk ki, dünyda, o cümlədən Azərbaycanda da mövcud olan "COVİD-19" pandemiyasının davam etdiyi müddətdə ictimai-iaşə fəaliyyəti ilə məşğul olmağınız üçün Sizə yer ayrılması məqsədəuyğun hesab edilmir".
Bildiririk ki, əsassız cavabda bizə yer yox, icazə lazımdır. Digər tərəfdən, pandemiyanı bəhanə gətirilərsə, onda niyə bizim yerin, o cümlədən Bakının hər yerində ictimai-iaşə obyektləri hazırda fəaliyyətlərini gecə-gündüz davam etdirirlər? Bəs ölkəmizdə pandemiyanın yumşalması niyə məhz bizə şamil edilmir?
Yəni Bakı şəhər İH-nin Ticarət və Xidmət Depertamentinin formal cavabı bizi qane etmir və tam əsassızdır. KOB isə anlaşılmaz cavabları ilə bizi mədəni formada "YOLA VERİR". Bəli, biz kasıb ailəyik. İstəyirik ki, evimizdə yaşayan 1-ci Qarabağ müharibəsi veteranının dava-dərmanını təmin etmək üçün kiçik bir iaşə obyektini kredit götürüb istifadə edək. Amma yalnız subyektiv səbəbdən saxta bəhanə ilə təkcə bizə icazə verilmir.
Çox hörmətli Prezident cənab İlham Əliyev!
Sizdən çox xahiş edirik, aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə göstəriş verəsiniz ki, Qarabağ müharibəsi veteranı ailəsinin haqqımız olan ticarətlə məşğul olmaq üçün icazənin Bakı şəhər İH tərəfindən verilməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk".
Müraciətdə toxunulan məsələləri dəqiqləşdirmək üçün şikayətçi ilə əlaqə saxladıq. O, bir daha yazdıqlarını təsdiqlədi.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV