"...Dəfələrlə ölkəmizin quruculuğuna dəstək vermək məqsədi ilə mənə çatası 26 iillik əmək haqqının 51 faizini ölkəmizin inkişafı və tərəqqisinə, 24 faizini qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, 25 faizini isə ordu quruculuğuna yönəldilməsi üçün ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına müraciət etmişəm, bundan qurur duyduğumu bildirmişəm...".
Bu sözləri Tezadlar.az-a Şirvan şəhərinin (Əli Bayramlı) sabiq polis rəisi Eldar Quliyev deyib.
Xatırladaq ki, təqaüddə olan Eldar Quliyev hələ ötən ilin iyununda erməni işğalçılarının Tovuzda törətdiyi diversiya və yenidən işğalçılıq siyasətinin qarşısının alınması zamanı da aidiyyəti dövlət qurumlarına müraciət ünvanlayaraq ona çatası əmək haqqının tam şəkildə Ordumuzun İnkişafı Fonduna köçürülməsinə hazır olduğunu bildirmişdi. “Bu gün isə şanlı qələbimizdən sonra yenə də cənab Ali Baş Komandana müraciət etməyi vacib bildim ki, hüquqlarım müdafiə ediləcəyi təqdirdə, mənə çatası 26 illik əmək haqqımın 60 faizini Qarabağın quruculuğuna və böyük qayıdışa, 20 faizini “Yaşat” Fonduna, 20 faizini isə yenə də ordumuzun daha da gücləndirilməsi məqsədilə Müdafiə Fonduna köçürməyə hazıram, bundan böyük qürur hissi keçirməklə, şərəf duymuş olaram”.
Onu da qeyd edək ki, keçmiş polis rəisi, uzun müddət daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmış Eldar Quliyev ötən ilin noyabr ayında Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya qeyd olunan arzu və istəyini bildirən müraciət qəbul etmişdi.
***
...1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin vaxtilə həmrəylik çağırışına səs verərək ölkə vətəndaşlarını milli birliyi dəstəkləməyə çağıran, uzun müddət daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmış Eldar Əmir oğlu Quliyev 27 ildən sonra Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətənin qorunub müdafiə olunması və milli birlik çağırışlarını dəstəkləyərək dəfələrlə onlara ünvanlı rəsmi müraciətlər edib.
E.Quliyev öz müraciətində xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdiklərini yüksək qiymətləndirib.
Eldar Əmir oğlu Quliyev müstəqilliyin əldə olunmasında, bu dövlətin qurulmasında və qorunmasında xidmətləri olmuşdur. Dövlət tədbirlərində və içtimai işlərdə fəal iştirak etmişdir.
Məlumat üçün onu da qeyd edək ki, Eldar Quliyev 1958-ci ildə Laçın rayonunda anadan olub. 1977-ci ildə Gəncə şəhər baza inşaat texnikumunu, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. Sov.İKP MK-nın 16 mart, Azərb.KP MK-nın 5 aprel 1983-cü il tarixli qərarlarına əsasən Laçın rayon PK-nin bürosunun qərarı və Laçın rayon İcraiyyə Komitəsinin göndərişi ilə daxili işlər orqanlarına işə qəbul edilib. E. Quliyev Azərbaycanın dörd rayonunda və Əli Bayramlı Şəhər Polis Şöbəsində məsul vəzifələrdə çalışıb. 1992-ci ildə Azərbaycan Polis Akademiyasına ilk daxil olanlardandır. 1993-cü ilin əvvəllərində vətənin darda olduğu bir vaxtda milli kadr kimi Saatlı Rayon Polis Şöbəsinə rəis təyin edilib. 1993-cü ildə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edildiyi vaxt E. Quliyev Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə hərbi komendant təyin olunub. O, qısa zamanda Saatlıda cinayətkarlığa qarşı mübarizəni düzgün təşkil etdiyinə, üzərinə düşən vəzifənin və dövlət tapşırıqlarının öhdəsindən layiqincə gəldiyinə, ondan əvvəl baş vermiş bağlı qalan qətl hadisələrinin üstünün açılmasına nail olduğuna, qanunsuz silahların yığılaraq ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edilməsində həyata kecirdiyi uğurlu tədbirlərə, dövlətçiliyə sədaqətlə xidmət etdiyinə görə 1993-cü ilin avqust ayında DİN-nin kollegiyasında nazirin əmri ilə mükafatlandırılıb.
E.Quliyevin sonuncu təyinatı Azərbaycan Respublikasının sabiq prezidenti, Ulu öndər Heydər Əliyevin şəxsi tapşırığı ilə Əli Bayramlı (indiki Şirvan) Şəhər Poliş Şöbəsinin rəis əvəzi, daha sonra rəisi təyin olunub. O, bu vəzifəyə təyin olunduqdan sonra ölkə başçısı adından Daxili işlər nazirinin ona verdiyi mühüm tarşırığı ən ağır şərtlər altında, hətta terror təhlükəsi ilə üz-üzə qalsa da, layiqincə yerinə yetirib.
Təbii ki, E.Quliyev məsul vəzifələrə təyin olunarkən onun işinə məsuliyyəti, biliyi, bacarığı, yüksək təşkilatçılığı, peşəkarlığı, vətənə, dövlətçiliyə qüsursuz, sədaqətli xidməti və digər müsbət xüsusiyyətləri nəzərə alınıb. Çünki o, daim üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. E. Quliyevin müstəqilliyin əldə olunmasında, dövlətin qurulmasında və qorunmasında xidmətləri olub. Dövlətin və ümumxalq mənafeyini hər şeydən uca tutub.
Hətta Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov respublikada cinayətkarlığa qarşı mübazəni düzgün təşkil edən iki polis rəisinin birinin məhz Eldar Quliyev olduğunu 1994-cü ilin sonuna həsr olunmuş 1995-ci ilin yanvar ayında keçirilən kollegiya iclasında vurğulayaraq, onun fəaliyyətini uğurlu və müsbət qiymətləndirib. Hətta həmin ilin yekununda Əli Bayramlı Şəhər Polis Şöbəsinin ümümi göstəriciləri respublika göstəricilərindən yüksək olub. Məhz ona görə sabiq daxili işlər naziri Ramil Usubovun əmri ilə 1995-ci il yanvar ayının sonunda polis rəisi E. Quliyevin qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikasının daxili işlər orqanlarında yayılıb. Bu barədə 1995-ci ilin fevral ayının əvvəlində DİN-nin “Mübariz keşikdə” qəzetində və dövlət televiziyasının “İnsan və qanun” verilişində ölkə ictimaiyyətinə geniş məlumat verilib. Ancaq bir neçə aydan sonra, daha dəqiq desək, 21 mart 1995-ci il tarixdə Eldar Quliyev öz iradəsindən asılı olmayan səbəblərdən və iştirakı olmadan tutduğu vəzifədən və daha sonra isə DİO-dan hər hansı bir qüsuru və zərrə qədər də olsun hansısa təqsiri olmadan azad edilib. O zamandan bu günə qədər işsiz saxlanılır. Guya ki, Əli Bayramlı Polis Şöbəsinin 8 əməkdaşı 1995-ci il 17 mart hadisələrində iştirak edib. “Təbii ki, bunlar uydurma, ağ yalan və şər-böhtandan başqa bir şey deyildi. Məni narahat edən o idi ki, Əli Bayramlı şəhəri icra başçısının əlinə girəvə düşmüşdü, mənə böhtan atılırdı... Halbuki mənim 1995-ci il mart hadisəsi ilə heç bir bağlılığım, iştirakım, hətta öncədən məlumatım belə olmayıb. Hadisələrin başlanmasını mən televiziyadan eşitmişdim. Xəbəri eşitdiyim andan da hadisələrin baş verməməsi, sülh və barış yolu ilə qarşısını almaq üçün əlimdən gələni etməyə çalışdım. Doğrudur, mərhum Rövşən Cavadovla aramızda qohumluq əlaqəsi vardı, ancaq bu o demək deyildi ki, məlum hadisələrdə mən də iştirak etmişəm. Halbuki mən qohumlarımın siyasi düşüncələrini bölüşməmişəm, onların atdığı addımlarla heç bir əlaqəm olmayıb. Baxın, martın 13-də hadisələr başlayan andan akademik mərhum Cəlal Əliyevlə mərhum Bəxtiyar Cavadovun görüşünü təşkil etməyə çalışdım. Məqsədim ağsaqqalların birbaşa iştirakı ilə baş verə biləcək hadisələrin qarşısını almaq, məsələləri barışıq, sülh yolu ilə həllinə nail olmaq idi. Amma insaf və ədalət naminə deyim ki, mərhum Rövşən Cavadovun atası da, anası da və nəslin bütün ağsaqqalları, ağbirçəkləri və ziyalıları da məsələnin sülh və barışıq yolu ilə həllinə çalışırdılar. Təəssüflər olsun ki, bu hadisənin qarşısını almaq mümkün olmadı... Martın 16-da, saat 23:00 radələrində Daxili işlər naziri Ramil Usubovla telefon söhbətimiz oldu. O, Əli Bayramlıdakı vəziyyətlə maraqlandı, içtimai asayişin, siyasi sabitliyin qorunması üçün lazım olan addımların atılmasını tapşırdı. Telefon söhbətimiz zamanı nazir Ramil Usubovdan xahiş etdim ki, hadisələrin sülh, barış yolu ilə həlli üçün əlindən gələni əsirgəməsin. Əli Bayramlıda sabitliyi, ictimai asayişi qorumaq üçün nazirin verdiyi bütün tapşırıqları yerinə yetirdim. Mən bütün xidmətlərimi həmişə özümə vətəndaşlıq, vicdan və ləyaqət borcum hesab etmişəm və bu gün də edirəm... Bir Azərbaycan vətəndaşı olaraq Vətən müharibəsində Azərbaycanı dəstəkləyən, haqlı yolunda onun yanında olan dost və qardaş ölkələrə, xususilə Türk qardaşlarımıza və onun yenilməz, dünya şöhrətli lideri cənab Rəcəb Tayyib Ərdoğana öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycanın 28 ildir ulu əcdadlarımızın, ata-babalarımızın uyuduğu müqəddəs torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi iradəyə, qətiyyətə və sucaətinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya mənəvi borcum olaraq öz minnətdarlığımı bildirirəm. Allah böyük Azərbaycan xalqını və Ali Baş Komandanı qorusun!”.
Biz də inanırıq ki, uzun illər daxili işlər orqanlarında qüsursuz xidmət etmiş və heç bir günahı, təqsiri, qəbahəti olmaması siyasi, hüquqi və rəsmi dövlət səviyyəsində tam təsdiq olunmuş sabiq polis rəisi Eldar Quliyevin hüquqları gec də olsa, bərpa ediləcək.
Elbar ŞİRİNOV