Hollandiyada yaşayan “Azərbaycanın dostları cəmiyyəti”nin rəhbəri, “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadənin Münhendə Azərbaycan yəhudisi, “Azadlıq” radiosunun Azərbaycan Birosunun rəhbəri Mirzə Xəzərin məzarını ziyarət etməsi, azərbaycanlı dağ yəhudisi şair Simax Şeydanın və Müşfiq Yuşvayevin görüşünə getməsi hər iki xalqın dostluğunun və qardaşlığının bariz nümunəsidir

Qələbəmizlə başa çatan 44 günlük ikinci Vətən savaşından sonra nəinki Azərbaycanda, hətta bütün dünyada başımız ucadır. Heç də təsadüfi deyil ki, bu yaxınlarda BMT çərçivəsində aparılan “Ən vətənpərvər xalq” mövzusunda keçirilən sorğuda birinci yeri qazanmışıq. Ermənistan isə heç ilk 50 yer arasına düşə bilməyib. Məhz belə vətənpərvərliyimizin sayəsində 30 illik işğalda olan Qarabağ torpağı azad edildi və dünyaya qalib dövlət kimi səs saldıq. Bu qələbəmiz xaricdə yaşayan bütün azərbaycanlıların qəlbini qürur hissi ilə doldurdu və başqa xalqların yanında fəxrlə gəzməyə başladılar. Avropada və dünyada yaşayan Azərbaycan diasporası qələbədən sonra keçirdikləri bütün tədbirlərdə Azərbaycanın qələbəsindən söhbət açılır, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərkərdəlik bacarığı önə çəkilir, qəhrəman ordumuzun zabit və əsgərlərinin şücaətindən nümunələr göstərilir. Bütün dünyada mövcud olan erməni lobbiçiliyi və diasporası Azərbaycanın qazandığı bu qələbə ilə elə bir zərbə aldılar ki, bir daha özlərinə gələ bilməyəcəklər. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti sayəsində 30 illik işğalçılığa son qoyuldu.

Xaricdə yaşayan azərbaycanlılar ikinci vətən savaşının qazanılmasında xidməti olanlarla yanaşı, birinci Qarabağ savaşında və Azərbaycanın müstəqilliyə qovuşmasında xidməti olanları da unutmur, dünyasını dəyişənlərin xatirəsini hörmətlə yad edirlər. Bildiyimiz kimi, 1990-cı ilin qanlı 20 yanvar gecəsində rus sovet qoşunlarının Azərbaycana hücumu nəticəsində 131 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı. Hücumdan bir neçə saat əvvəl isə, yəni yanvarın 19-da, axşam saatlarında Azərbaycanı informasiya blokadasında boğmaq üçün Azərbaycan Televiziyasının enerji bloku rus hərbçiləri tərəfindən partladıldı. Belə bir məqamda harayımıza “Azadlıq” radiosunun Azərbaycan birosunun rəhbəri Mirzə Xəzər gəldi. Göyçay yəhudisi olan Mirzə Xəzər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında misilsiz rol oynadı. Azərbaycan ziyalılarının “Azadlıq” radiosu ilə dünyaya çıxışını təmin edən Mirzə Xəzər, xaricdə yaşayan azərbaycanlıların da sovet ordusunun bu qanlı cinayəti haqqında, yaşadıqları ölkələrdə yerləşən rus səfirlikləri qarşısında keçirdikləri etiraz tədbirlərini göz yaşları içərisində hər yerə çatdırırdı. Mirzə Xəzər bununla həm də Azərbyacan yəhudilərinin Azərbaycana və azərbaycanlılara olan sevgisini, qardaşlığını daha da genişləndirirdi. Azərbaycanın müstəqilliyinin qazanılmasında böyük pay sahibi olan Mirzə Xəzər artıq neçə ildir aramızda yoxdur. Məzarı isə Almaniyanın Münhen şəhərindədir.

Bu günlərdə Hollandiyada yaşayan “Azərbaycanın Dostları Cəmiyyət”inin rəhbəri, xaricdə dərc olunan “Xudafərin” jurnalının baş redaktoru, dəyərli soydaşımız, qəlbi həmişə Azərbaycan eşqi ilə döyünən Elman Mustafazadə Münhendə Mirzə Xəzərin məzarını ziyarət edib, ruhuna dualar oxuyub. E.Mustafazadənin bu addımı Azərbaycanın müstəqilliyi yolunda canını fəda edən Mirzə Xəzərin adına və ruhuna böyük ehtiramdır.

E.Mustafazadə Azərbaycan həqiqətlərini həm dünyaya çatdıranları, həm də xaricdə yaşayan azərbaycanlıların doğma vətənə bağlılıqları, onların Azərbaycan yolunda xaricdə etdikləri fədakarlıqları, mütəmadi olaraq bizlərə çatdırır. Azərbaycanın xaricdəki səfirlikləri və diaspor cəmiyyətləri ilə mütəmadi əlaqə saxlayan Elman Mustafazadə Azərbaycanın adına və nüfuzuna həmişə hörmət gətirən tədbirlərə imza atır. Elə Mirzə Xəzərin məzarını ziyarət edərkən E.Mustafazadənin mənə göndərdiyi yazını nümunə üçün olduğu kimi təqdim edirəm: “Azərbaycanın müstəqilliyə qovuşmasında müstəsna ximətləri olan qeyrətli vətən oğlu Mirzə Xəzərin (Mirzə Mikaeli) Münhendə məzarını ziyarət etdim. Rəhmətliyin bir sözü vardı, deyərdi: “Qədir bilmək özü bir mədəniyyətdir”. Heyf, bu mədəniyyəti əxz edə bilmədik... Bu qərib diyarda rahat uyu, Ustad, Allah sənə rəhmət eləsin. Sən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqsan...”

Bəli, doğulub boya-başa çatdığı vətəni Azərbaycanın dar günündə, - 1990-cı ilin qanlı 20 yanvar gecəsində sovet ordusu tərəfindən xalqımızın başına gətirilən müsibətləri dünyaya car çəkməklə Mirzə Xəzər həyatını böyük riskə atmışdı. Bu yolda ölümü də gözünün altına almışdı. Amma Azərbaycanın müstəqilliyə qovuşması yolunda heç nədən qorxmamış, heç kimdən çəkinməmiş və Bakıda sovet ordusunun törətdikləri vəhşilikləri, qanlı cinayətləri bütün dünyaya çatdırmışdır. Əlbəttə, belə insanları unutmağa mənəvi haqqımız yoxdur.

Azərbaycanın haqq səsinin və ikinci Qarabağ savaşındakı qələbəmizin xaricdə yaşayan digər xalqlara çatdırılmasında daha bir azərbaycanlı yəhudi Oğuzda doğulmuş, ali təhsilini Gəncədə almış, Bakıda yaşamış və Azərbaycan dilində yazıb-yaratmış, əsasən uşaq şeirlərinin müəllifi şair Simax Şeydanın da (Yuşvayev) böyük xidmətləri var. Oğlu Müşfiq Yuşvayev də Azərbaycan sevdalısıdır  və xaricdəki Azərbaycan diasporası və cəmiyyətləri ilə sıx əlaqələr saxlayır. Elə Münhendə olmuşkən “Azərbaycan dostları cəmiyyətinin” rəhbəri E.Mustafazadə ömrünün ahıl çağlarını yaşayan 84 yaşlı Simax Şeyda və oğlu Müşfiq Yuşvayevlə də görüşmüşdür. E.Mustafazadə bu görüşlə Azərbaycan yəhudisi, Azərbaycan və İsrail yazarlar birliyinin üzvü Simax Şeydanı və oğlu Müşfiq Yuşvayevi çox təsirləndirmişdir. “Təzadlar”ın da yaxın dostu olan, hər Bakıya gəlişində redaksiyamıza baş çəkən Simax Şeyda Azərbaycanın dağlarına, daşlarına, təbiətinə, meşəsinə, bulaqlarına, xüsusilə Qarabağa, Şuşaya, həmçinin Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya çoxsaylı şeirlər həsr etmişdir. Azərbaycana və Qarabağa həsr etdiyi şeirlər xaricdəki Azərbaycan diasporası və cəmiyyətləri tərəfindən həmişə yüksək qiymətləndirilib.

E.Mustafazadənin həm şair Simax Şeydanın, həm də oğlu Müşfiq Yuşvayevin görüşünə getməsi onların hər iksinin vətən yolunda göstərdikləri xidmətə verilən dəyərdir.

Bildiyimiz kimi, həm birinci Qarabağ savaşında, həm 2016-cı ilin Aprel döyüşlərində, həm də ikinci Vətən savaşında Türkiyə və Pakistanla yanaşı bizə ən böyük siyasi və mənəvi dəstək verənlərdən biri də İsrail dövlətidir. Azərbaycanlı yəhudilər hansı ölkədə yaşamalarından aslı olmayaraq Azərbaycanı özlərinin doğma vətəni biliblər və onun problemlərinə də həmişə yardımçı olublar. Hətta ikinci Qarabağ savaşı zamanı Moskvada yaşayan Azərbaycanlı yəhudi, iş adamı Qod Nisanov özünə məxsus böyük bir bazardan erməni alverçilərinin hamısını qovub, çıxarmışdır. Məhz Azərbaycanı özlərinə doğma vətən bildikləri üçün birinci Qarabağ savaşında Azərbaycan yəhudisi Albert Aqarunov böyük igidliklər göstərmiş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bundan əvvəl isə 20 yanvar faciəsində təcili yardım arabasında qətlə yetirilən Aleksandr Marxevka, 16 yaşlı, evindəcə snayper gülləsinə tuş gələn Vera Qara, 20 yanvar şəhidi fəxri adı alan Yan Meeroviç, birinci Qarabağ savaşında 1.5 il tank qoşunlarının baş leytenantı kimi Laçın cəbhəsində döyüşən Arif Abramov, tank qoşunlarının baş leytenantı, birinci Qarabağ savaşında Ağdam cəbhəsində 3 il döyüşmüş Vaqif Abramov, “BMP” komandiri, birinci Qarabağ savaşında 6 il ərzində Ağdam cəbhəsində döyüşmüş leytenant Mişa İlyayev, tank qoşunları baş leytenantı 1.5 il Laçın cəbhəsində döyüşmüş Elxan Raziel, birinci Qarabağ savaşında Kəlbəcər döyüşləri zamanı şəhid olmuş Dimitri Xanin kimi qəhrəman Azərbaycan yəhudilərini misal göstərmək olar. Bu yəhudilərin qəhrəmanlığı bu gün də gənc nəslə örnəkdir. Elə ona görə də xaricdə yaşayan azərbaycanlı yəhudilər həmişə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük rol oynayır, Azərbaycan diasporası və cəmiyyətləri ilə birgə fəaliyyət göstərirlər.

«Azərbaycan Dostları Cəmiyyəti»nin rəhbəri Elman Mustafazadənin yəhudilərə göstərdiyi bu diqqət və qayğı da yəhudilərlə azərbaycanlıların əbədi dost və qardaş olduğunun bariz nümunəsidir.  Həm böyük azərbaycanlı Mirzə Xəzərin məzarını ziyarət etməsinə, həm də Simax Şeyda və oğlu Müşfiq Yuşvayevlə görüşməsinə görə böyük təşəkkürlər və alqışlar düşür.

İnanırıq ki, belə görüşlər yəhudilərin xaricdəki Azərbaycan diasporası və cəmiyyətləri ilə əlaqələrini daha da inkişaf etdirəcək, hər iki xalqın dostluğuna, qardaşlığına böyük töhfə verəcək.

Elçin MƏMMƏDLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc edilib: İstiqamət: 6.3.14.)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN