Professor İlham Rəhimov: “Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir, ona görə də ölüm hökmünün bərpası istisna deyil”
Bu günlərdə taksi ilə “Azərbaycan” nəşriyyatına gəlirdim. Taksi sürücülərinin bəzilərinin eyni yola müxtəlif qiymətlər deməsini sürücü ilə müzakirə edirdik. Bu zaman sürücünün danışdığı bir əhvalat məni xeyli düşünməyə vadar etdi.
Sürücü başına gələn belə bir əhvalat danışdı: “Bu yaxınlarda “Semaşko” xəstəxanasının yanından “28 May” metrostansiyasına getmək üçün maşına bir qız mindi. Özüm o tərəfdə yaşadığımdan o qızı da tez-tez görürdüm və çox ağıllı bir qız kimi tanıyırdım. Bu dəfə sanki həmin qızı tanımayacaqdım. Uyuşdurucunun təsirindən nitqi tutulurdu, düz-əməlli danışa bilmirdi. Fikirləşdim ki, gör narkotik maddə belə ağıllı bir qızı nə günə saldı və kimlər bu qızı belə günə qoydu? Mənzil başına çatanda 5 manatlıq yola qız 20 manat verdi və təkidlə bildirdi ki, “zdaç” lazım deyil. Neçə dəfə bildirsəm də ki, pulu çox verirsiniz, xeyri olmadı və düşüb getdi”.
Bu sözlərdən dəhşətə gəldim ki, artıq xanımları da belə zərərli vərdişə öyrədiblər. Onsuz da mətbuatda, saytlarda və televiziyalarda bu barədə mütəmadi məlumat verilir və narkotik tərkibli “Patı” satanların hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edildiyini eşidirik. Qadınların da bu narkotik tərkibli “Patı”yə cəlb olunmasının başlıca səbəbi arıqlama istəyidir. Mütəxəssislərin bildirdiyinə görə, bu maddə həqiqətən də arıqlamağa kömək edir, amma insanda narkotikadan asılılıq yaradır ki, sonra bu vərdişi tərgitmək olmur.
Burada maraqlı məqam bilirsiniz nədir? Əgər “mal”ın satanı olmasa, alanı da olmaz. Satanlara qarşı isə mübarizə yetərincə deyil.
Təsəvvür edin, həbsxanalar qapalı yerdir və tam ciddi nəzarət altındadır. Amma elə bir ucdan eşidirik ki, həbsxanada hansısa dustaqda narkotik maddə tutulub. Qapalı bir məkana narkotik maddə haradan daxil olub? Əlbəttə, burada həbsxana işçilərindən kiminsə (və ya kimlərinsə) əli var. Necə deyərlər, kəndxudanı gör, kəndi çap.
Nə sirdirsə, narkotika Azərbaycana ən çox özünü İslam Respublikası adlandıran İran tərəfdən daxil olur. Burada İranın məqsədi Azərbaycan vətəndaşlarını narkotikadan asılılığa öyrətmək və gələcəkdə onların şikəst olmasını təmin etməkdir. İranla-Azərbaycan sərhədində tez-tez baş verən atışmalar, sərhəd pozmaları, tonlarla narkotik maddələrin müsadirəsi dediklərimizə canlı sübutdur.
Artıq narkotacirlər o qədər sərbəst olublar ki, internet vasitəsilə müxtəlif uyuşdurucuların satışını təşkil edirlər. Əgər narkotik maddə satanlara qarşı qanun daha da sərtləşdirilsə, bu alverin qarısını müəyyən qədər almaq olar. Bu barədə mətbuata danışan “Bakı hüquq şirkəti”nin rəhbəri Natiq Ələsgərov belə deyib: “Əlbəttə ki, narkoticarət bu gün millətin gələcəyini məhv edən bir cinayətdir. Ölkədə adına “patı” deyilən psixostimulyatorun geniş yayılması çox ağır fəsadlara gətirib çıxarır. Hüquq-mühafizə orqanlarının səyləri, həyata keçirdikləri əməliyyatlardan sonra da sosial şəbəkələrdən “patı” satanların səsinin kəsilməməsi, onu deməyə əsas verir ki, bu cür cinayətkarlığa qarşı bütün qüvvələr səfərbər olmalı, cəmiyyət bu işdə hüquq-mühafizə orqanlarına dəstək verməlidir. Bundan başqa, cəzaların sərtləşdirilməsi də bu prosesə müəyyən təkan verə bilər. Daha sonra narkoticarətçilərlə bağlı məhkəmə praktikası da dəyişməlidir. Həbsə alınan narkotacirlərin həbs müddəti 15 ildən başlayıb 30 ilə qədər davam etməlidir. Narkoticarətə görə həbsə alınanlar əfv və amnistiyadan kənar saxlanılmalı, vaxtından əvvəl cəzadan azadetmə bu kateqoriyadan olan şəxslərə şamil olunmamalıdır”.
Bəli, biz ölkədə narkoticarətin kökünü kəsib, gənc nəslin bu ağır bəlaya yoluxmasının qarşısını almaq üçün qanunları sərtləşdirməli, lazım gəlsə, ölüm hökmünü də bərpa etməliyik. Özünü demokratiyanın beşiyi sayan Amerikanın 53 ştatının yarıdan çoxunda hələ də ölüm hökmü qalır.
Azərbaycanda isə ölüm hökmü Avropa Şurasının tələbi ilə 1998-ci il fevralın 10-da ləğv olunub. Narkotacirlərə və bir çox ağır cinayətlərə görə ölüm hökmünün bərpasının mümkünlüyü barədə hüquq elmləri doktoru, professor İlham Rəhimov da mətbuata bu barədə fikrilərini bildirib: “Azərbaycanda ölüm hökmünün ləğvi siyasi qərar olub. Avropa strukturları bunu ölkə qarşısında tələb kimi qoymuşdular. İsveçrə də ölüm hökmünü ləğv edib. Ona görə ki, onlarda ağır cinayətlər faktiki olaraq baş vermir – statistikaya baxsaq, sayı da bir əlin barmaqlarından da azdır. Azərbaycanda isə, ildə 200-dən çox qəsdən adamöldürmə halları baş verir. Özü də ildən-ilə bu cinayətin qurbanlarının sayı artır. Amma statistikada qurbanların sayından asılı olmayaraq, hər fakt bir cinayət hadisəsi kimi qeydə alınır. Yəni, statistikada qurbanlarının sayı 7, ya da 1 olan ağır cinayətlər arasında fərq yoxdur. Əgər qəsdən adamöldürmə cinayətlərinin sayı ümumi cinayətlərin sayında tək-tək rast gəlinsəydi, o zaman ölüm hökmünün geri qaytarılması gündəmə gətirilməzdi. Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir. Ona görə də ölüm hökmünün bərpası istisna deyil. Hər şeyi statistika müəyyən edəcək. Əgər cinayətlərin xarakteri mənfiyə daha çox meyllənsə, ölüm hökmü bərpa ediləcək”.
Göründüyü kimi, hörmətli professor İlham Rəhimov da ağır cinayət törədənlərə və narkotacirlərə qarşı ölüm hökmünün bərpasının tərəfdarıdır. Bəlkə bu yolla qadınları, gəncləri narkotik aludəçiliyindən qurtarmaq olar.
İlk baxışda, burada qeyri-adi bir şey yoxdur. Amma nəzərə alsaq ki, narkotikaya öyrəşən gənc tədricən manyaklaşır, psixi problem yaşayır, öz hərəkətlərini idarə edə bilmir, müxtəlif xəstəliklərin daşıyıcısı olur, onda genefondumuzun məhvinə yönəlmiş bu bəlanın kökünü kəsmək üçün qanunun sərtləşməsi vacibdir.
Bildiyimiz kimi, dünyada ən çox pul narkotika və silah alverindən əldə edilir. Əgər müəyyən dairələrdə bu bəlaya – narkotika alverinə himayədarlıq edənlər olmasa, onların bazarı bağlanar və gənclərimizin sağlamlığı yerində olar. Ona görə də ən yuxarı dairələrdə bu məsələ araşdırılmalı, narkotikaya himayədarlıq edənlər aşkar edilməli və onlar el qınağı ilə yanaşı, ən sərt şəkildə cəzalandırılmalıdırlar. Yuxarıdan bu məsələnin kökü kəsilməsə, aşağıda internet vasitəsilə narkotika satan və ya tində-bucaqda bu işlə məşğul olan kiçik adamların həbsi, cəzalandırılması çıxış yolu deyil. Bəli, məsələ köklü şəkildə həll edilməlidir. Buna isə xalqını, millətini və dövlətini sevənlər nail ola bilər. İnanırıq ki, yuxarı dairələrdə xalqını, dövlətini sevən insanlarımız çoxdur. Ölüm hökmünün bərpası isə nəhayət, narkotacirlərə qarşı mübarizəni gücləndirəcək və bu bəlanın kökünün kəsilməsinə gətirib çıxaracaq.
Hazırladı: Elçin MƏMMƏDLİ