Xalq artisti, milyonların sevimlisi, əvəzolunmaz səs sahibi, vətən fədaisi Flora Kərimova şəhərin yollarında olan yeraltı keçidlərin birində gitara çalan gənclə birlikdə “ Necə unudum səni” mahnısını oxuması, sosial şəbəkələrdə çox böyük maraqla qarşılanıb və diqqətə səbəb olub.
P.S. Bu, bir daha göstərir ki, Flora xanım böyük sənətkar olduğu kimi, həm də böyük şəxsiyyətdir. Gəlin, açıq etiraf edək, üzdə olan hansı müğənni, küçədə pul qazanmaq xatirinə çalıb oxuyan biri ilə belə duet oxumağı özünə yaraşdırardı? And içirəm şou əhli müğənnilərin o əziz canına ki, heç biri. Səsi, sənəti olmayan içi də boş olan belə müğənniləri, sponsorları harınladıb və onların gözlərini pul nətəhər örtübsə, nəinki küçədə çalıb-oxuyan gənci, hətta ayaqlarının altını belə görmürlər. Biz isə onların həm şəxsiyyət, həm də sənətkar kimi heç kim olduqlarını yaxşı görürük. Necə deyərlər, “ Dəvəquşu başını kolluğa soxdu və elə bildi ki, onun arxasını görən yoxdur...
***
Aparıcı Afaq Gəncəli ağ geyimdə şəkil çəkdirərək, instagram izləyiciləri ilə bölüşüb və altından da belə yazıb: “ Hər kəsə sadəcə sayılmağı, səadət, hüzur və sevgi arzu edirəm. Onda ürəyinizdə nə paxıllıq, nə kin-küdurət, nə də nifrət olar”.
P.S. Afaq xanım, içi sən qarışıq, şou əhlinin daxilində kin-küdurət, paxıllıq, nifrət olmasa, xalqa bu qədər əxlaqsızlıq dərsi keçə bilməzlər, bu qədər soyunub, lütlənməklə gənclərin tərbiyəsinə belə zərbə vura bilməzlər axı...
***
Qəzetlərin birində Ağdama təşkil edilən səfərlərdən bəhs edən yazıya belə başlıq qoyulub: “ Hissə-hissə bütün ağdamlıların Ağdama səfərini təşkil etmək lazımdır”.
P.S. Bəlkə yazıq ağdamlıları hissələrə bölmədən, bütöv şəkildə səfərlərinin təşkil edəsiniz? Yazının müəllifi Xalidə Gəray görünür “ mərhələli şəkildə” demək istəyən müsahibinin kobud məzmun səhvini düzəltməyi diqqətdən qaçırdıb.
***
Azərbaycan və Türkiyə Xüsusi təyinatlılarının Laçında, eyni zamanda Türkiyə Pakistan və Azərbaycanın Xüsusi təyinatlılarının iştirakı ilə birgə “Üç qardaş -2021” təlimlərinin keçirilməsi Ermənistanı bərk qorxuya salib. Ermənistanın xarici işlər nazirliyi bunun 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinə uyğun olmadığı haqda qorxaq bir məlumat yayıb.
P.S. Adama deyərlər “elə qorxursan pişikdən, niyə çıxırsan deşikdən?” Daşnak köpək uşağı, rusun arxasında gizlənib Qarabağda yüz hoqqadan çıxanda bilmirdinizmi ki, Azərbaycanın arxasında Pakistan və Türkiyə kimi güclü dövlətlər olan qardaşları duracaq? Bu üç qardaşdan ikisinin - Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyi sayəsində 44 günlük vətən savaşında rus silahları üzərində qazandığımız qələbə göstərdi ki, indi bizim də siz daşnakların qarşısında cırmağa bezimiz, düşməni darmadağın etməyə dronumuz və yeri gəlsə, partlatmağa nüvə silahımız var. Odur ki, ermənilər belə qorxuya hələ çox düşəcəklər.
***
Koronavirusun indiyə qədər “Böyük Britaniya”, “Alfa”, cənubi Afrikada yaranan “Beta”, Braziliyada yaranan “Qamma” “Çin”, Hindistanda yaranan “Delta” ştammları yayılıb və öz dərimizdə bunları yaşamışıq. Məlum olur ki, indi də “ Mu” deyilən ştamm gəlir.
P.S. Belə yerdə deyiblər e, “dərədə çaqqal az idi, biri də çaydan üzüb keçdi”. Hamımız bilirik ki, bu zəhrimar viruslar təbii yox, süni, yəni xüsusi loboratoriyada hazırlanmış xəstəlikdir. İndi görəsən, xarabaya qalmış o loboratoriyada daha neçə adda xəstəlik hazırlanır və bu virusu hazırlayanların yuvasını dağıdan tapılacaqmı? Yoxsa, beynəlxalq mafiyanın bu xəstəlikdən qazandıqları pullar, narkotikdən və silahdan qazandıqları pullardan daha çoxdur?
***
Ermənistanının başsız baş naziri Nikol Paşinyanın Gürcüstanda səfərdə olarkən Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirməsinə deputat Hikmət Babaoğlu mətbuatda belə münasibət bildirib: “Paşinyan məlum səbəblərə görə, Gürcüstanın vasitəçiliyini Rusiyanın vasitəçiliyindən üstün tutur”.
P.S. Belə yerdə yaxşı deyiblər ki, “yeznəsi gülüm olanın, başına külüm”. Daha bir məsəl də var: “Keçəl dərman bilsə, öz başına sürtər”. Rəhmətliyin oğlu, Gürcüstanın özü elə Rusiyadan asılıdırsa, burada hansı vasitəçilikdən söhbət gedə bilər? Bu, bir! İkincisi isə, Gürcüstanı Rusiyanın təsirindən çıxarıb, əsl müstəqil dövlət edən, xalqa çörək verib, dolanışıq, firavan həyat yaradan M. Saakaşvili kimi bir lideri qovub ruspərəstləri hakimiyyətə gətirənlərdən vasitəçi olar?
***
Mətbuatdan məlum olur ki, sabiq deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu üzə çıxıb. Verilən xəbərdə o da qeyd olunub ki, bu borc 10 dəfədən də çoxdur, amma aşkar olunan hələ ki, 4 milyon manatdır.
P.S. Bu günlərdə məlum olmuşdu ki, Ramiz Mehdiyevin özünün Novxanıdakı villasında qaza görə 16 min manat borcu varmış. İndi kürəkəninin 4 milyon manat vergi borcu da bu yandan çıxdı. Bir azdan oğlu Timurçin Mehdiyevin və qızının da müxtəlif borcları üzə çıxacaq. Belə çıxır ki, dövlətdə müxtəlif vəzifələr tutmaqla milyonlar qazananlar, qanunları ayaqları altına ataraq, dövlət qarşısında olan öhdəliklərinə sadəcə tüpürüblər. Deyəsən, indi onların özlərinə ( üzlərinə yox ha...) tüpürələsi anlar çox uzaqda deyil.
***
Müğənni kimi tanınan Afət Fərmanqızı bir sayta atası barədə danışarkən belə deyib: “Atam, Fərman Həsənov alim olub. Ulu öndər Heydər Əliyev atamı elm sahəsindəki fəalliyyətinə görə “Xalqlar Dostluğu” ordeni ilə təltif edib. Özüm də ixtisasca biologiya-kimya müəlliməsiyəm. İki universitet bitirmişəm”.
P.S. Afət xanım, müğənni kimi səsin, sənətin yoxdur, bunu bilirik. Amma təhsil aldığın ixtisasın adını düzgün deyə bilməməyin, deməyə əsas verir ki, səndə ümumiyyətlə, savad deyilən şey yoxdur. Çünki oxuduğun ixtisasın adı biologiya-kimya yox, kimya-biologiyadır. İki universitet qurtarasan, amma ortaya iki qram savad qoya bilməyəsən, bax, faciə budur. İndi baş sındırıram ki, o iki universitetin diplomunu necə və hansı yolla almısan? Bu barədə DİM-ə sorğu göndərəcəyik.
***
Xəbər verilir ki, TƏBİB-in sədri Ramin Bayramlı istefa verib.
P.S. Nəhayət, uzun sürən ağır xəstəlikdən sonra Ramin Bayramlı... yox, ölmədi istefa verdi. Amma, uzun müddət təsadüfən düşdüyü bu post vasitəsi ilə, millətin canına yaxşı qırğın saldı. Necə deyərlər, “ kələklə gələn, küləklə gedər”. Amma, ara yerdə Badamdarda tikdirməyə başladığı villası yarımçıq qalacaq.
***
ARB TV-nin “ Özümüz danışaq” verilişində qonaq olan və müğənni sayılan Nərmin Kərimbəyova ona sosial şəbəkələrdə tənqid yazanlara belə cavab verib: “ Fərqliliyə və rəqslərə görə daha çox yazırlar. Mən rəqs etməyi bacarırıam, tənqid edirlər. Baxmaq istəmirsən, baxma, sənə qalmamışam ki. Get işinlə məşğul ol, həyatını yaşa...”
P.S. Ay Nərmin xanım, səsi-sənəti olmayan sənin kimilər, əlbəttə, səhnədə rəqs etməli, hoppanıb düşməlidir ki, özünə diqqət cəlb edə bilsin. Dediyin kimi, yaxşı rəqs etməyi bacarırsansa, onda rəqqasəlik edərdin dayna və bu qədər də tənqid olunmazdın. Amma bax, onu çox düzgün deyirsən ki, “baxmaq istəmirsən, baxma, sənə qalmamışam ki”. Əlbəttə, hansısa izləyəciyə, tamaşaşıya qala bilməzsən axı. Sənin səsin, sənətin olmasa da, gözəlliyin, gözəl görünüşün ki, var. Ona görə də, sənin bir arxa, dayağın, irəli çəkənin olmalıdır və sən məhz ona qalmısan ki, belə danışırsan. Neyləyək, Allah sənin arxanda dayanana da, sənə də qüvvət versin ki, daha da irəli gedə biləsən...
ELÇİN
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.