Mahir Cavadov: “İndidən bu təməl olmasa, onda gələcəkdə, 1917-ci ildə çar Rusiyası, 1991-ci ildə sovet hökuməti dağılanda olduğu kimi, Azərbaycan yenə ərazilər itirə bilərdi və İlham Əliyevin bu gün gördüyü qlobal işləri o dövrdəki siyasilərimiz görə bilmədilər”

 “Təzadlar” qəzetinin rəsmi tezadlar.az saytının ötən həftə buraxılışlarının birində “Mahir Cavadovdan İlham Əliyevə böyük dəstək mesajı” başlıqlı yazı dərc olunmuşdu. Məlumat üçün qeyd edim ki, bu yazı həm Azərbaycan daxilində, həm də onun hüdudlarından kənarda böyük maraq doğurmuşdur. Çünki məlum 4 oktyabr 1994 və 13-17 mart 1995-ci il hadisələrində daha çox adı hallanan, 26 ildir Vətəndən kənarda mühacir həyatı yaşayan Mahir Cavadovun adı Azərbaycanda həmişə diqqətlə izlənilib. Ona görə də elə yazının başlığı diqqət çəkirdi ki, Mahir Cavadov doğrudanmı İlham Əliyevi dəstəkləyir? 

Elə həmin yazıda məlumat vermişdim ki, Hollandiyada yaşayan, “Azərbaycanın Dostları Cəmiyyətinin” sədri, Avropada dərc olunan “Xudafərin” jurnalının baş redaktoru, vətəninin, torpağının, dövlətinin fədaisi Elman Mustafazadə onun rəhbərliyi ilə yaranan “Ya Qarabağ, ya ölüm” sosial şəbəkə qrupuna məni də dəvət edib. Eyni zamanda Mahir Cavadov da bu fədailər qrupundadır və burada bir çox dəyərli soydaşlarımızla fikir mübadiləsi aparırıq. Maraqlıdır ki, Avropada yaşayan və vətənimizə düşmən gözü ilə baxan, düşmənlərimizin pulları ilə «danışan» bir çox söyüşcül “soydaşlarımızdan” fərqli olaraq, bu qrupda olan 100-dən yuxarı vətənpərvər ziyalılardır. Məhz Elman Mustafazadənin ətrafında cəm olan bu ziyalılar- Mirzə Ceyhun, Ziyafət Surxayev, Fəxrəddin bəy, Tahirə xanım, Gülarə xanım, Vahid Tarzən, Kamran Rüstəmov, Məzahir bəy, İlqar İsmayılov və başqaları Azərbaycan dövlətinin və onun Prezidentinin Avropada əsl təbliğatçılarıdırlar. Əlbəttə, bu, belə də olmalıdır. Vətənini sevən hər bir kəs belə addım atmalıdır.

Mahir Cavadov da vətənini, torpağını, dövlətini sevən bir insan kimi başa düşür ki, onun doğulub boya başa çatdığı Laçın rayonu ilə bərabər, 30 il işğalda olmuş digər rayonları da azad edən Azərbaycanın rəşadətli ordusu və onun Ali Baş Komandanı Prezident İlham Əliyevdir. Bu səbəbdən də Mahir Cavadov Prezident İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləməkdə haqlıdır. O, qrupa göndərdiyi növbəti səs yazısında isə, həm yazının müəllifi kimi mənə, həmçinin “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə təşəkkür edir, həm də onun siyasi mövqeyinin və vətənə gəlmək istəyinin mətbuat vasitəsilə Prezident İlham Əliyevə çatdırılmasını bizdən xahiş edir. Həmin səsli mesajında Mahir Cavadov vətənə qayıtmaq istədiyini və bunun üçün Prezident İlham Əliyevin qərarını gözlədiyini bildirir. M.Cavadovun sonuncu səs yazısını olduğu kimi təqdim edirəm:

“Salam, hörmətli qrup üzvləri. Mən buradan “Təzadlar”ın əməkdaşı Elçin Məmmədliyə təşəkkürümü bildirmək istəyirəm ki, mənim əvvəl göndərdiyim səs yazısını yaxşı bir yazıya çevirib və mənim haqqımda gözəl bir məqalə hazırlayıb ki, onu da Elman Mustafazadənin rəhbərlik etdiyi qrupa yerləşdirmişdir. Buna görə həm baş redaktor Asif Mərziliyə, həm də Elçin Məmmədliyə minnətdarlığımı bildirirəm. Bilirəm ki, bu addım Azərbaycana məhəbbətdən, Prezident İlham Əliyevə dərin hörmətdən irəli gəlir. Çox maraqlı bir yazı alınıb və bu yazı milli barışıq nöqteyi nəzərindən mənim üçün çox vacibdir. İstərdim ki, barışıq olsun, mən və mənim kimi vətən həsrəti ilə yaşayan digər insanlar da Azərbaycana qayıtsınlar, Azərbaycanda baş verən proseslərdə yaxından iştirak etsinlər. II Qarabağ savaşından sonra mən bəyan etdim ki, torpaqları işğaldan azad edən Ali Baş Komandan Prezident İlham Əliyevi dəstəkləyirəm və ona qarşı heç bir mənfi niyyətim yoxdur. Artıq hesab edirəm ki, hər şey tarixin yaddışnda necə var idisə, elə də arxivdə qalmalıdır... Vətənə gəlmək istəyimdə məqsədim, gəlib müxalifətə qoşulmaq yox, Prezidentə apardığı xarici və daxili siyasətdə dəstək verməkdir.

Mənim ən böyük arzum odur ki, Azərbaycana qayıdıb, Prezident cənab İlham Əliyevin bir yardımçısı olum ki, ona bəzi işlərdə kömək edim. Yenidən nəsə yaratmaq lazım deyil, buna 50 il vaxt lazım olar. Amma İlham Əliyev elə işlər qurub ki, nəyin harada və necə olmağını çox gözəl bilir. Sadəcə onun göstərişlərini vicdanla yerinə yetirmək lazımdır. Mən burada tez-tez eşidirəm ki, hansısa məmur İlham Əliyevin işlərini pozur, ideyalarının həyata keçməsinə mane olurlar.

Onlar öz şəxsi maraqlarına xidmət edirlər. İlham Əliyev də bizim kimi bir insandır. Hər şeyi görə bilməz, hər şeyi təkbaşına həll edə bilməz. Ətrafında elə insanlar olmalıdır ki, onun xalqımızın rifahı yolunda, işğaldan azad olunan torpaqlarımızda gedən quruculuq, abadlıq işlərində ona yaxından dəstək olsunlar. Mənim fikrimcə, İlham Əliyev bu işləri bir şəbəkə halına salıb və bununla da daha böyük işlərin təməli qoyulur. İndidən bu təməl olmasa, onda gələcəkdə, 1917-ci ildə çar Rusiyası, 1991-ci ildə sovet hökuməti dağılanda olduğu kimi, Azərbaycan yenə ərazilər itirə bilərdi və İlham Əliyevin bu gün gördüyü qlobal işləri o dövrdəki siyasilərimiz görə bilmədilər. Bütün bu keyfiyyətlərinə görə mən İlham Əliyevin tərəfindəyəm və onun bütün siyasətini dəstəkləyirəm. Amma maraqlıdır ki, mən 44 günlük Zəfər qələbəmizin ardınca İlham Əliyevin tərəfində olduğumu bəyan edəndən sonra burada, yaşadığım Avstriyada müəyyən təzyiqlərlə üzləşdim. Əvvəllər belə deyildi. Yəqin ki, burada İlham Əliyevlə Cavadovlar ailəsinin barışmasını, milli birliyin olmasını istəməyən qüvvələr var. Mənim bu çıxışlarım da yəqin ki, Prezident İlham Əliyevə çatdırılacaq. Bunun üçün yenə də “Təzadlar”ın baş redaktoru Asif Mərzilidən və əməkdaşı Elçin Məmmədlidən xahiş edirəm ki, mənim barışıq üçün etdiyim bu müraciətimi Azərbaycan ictimaiyyətinə də çatdırsınlar və mənim mövqeyim hamıya, ən əsası da Prezident cənab İlham Əliyevə məlum olsun...”.

Biz artıq müdriklik yaşına çatmış Mahir Cavadovu başa düşürük. İnsan yaşa dolduqca olub-keçənləri daha dərindən saf-çürük edir və düzgün nəticə çıxarır. Bu gün Mahir Cavadov da yaşının bu ahıl çağında çox düzgün nəticə çıxarıb ki, Prezident İlham Əliyevə dəstək olmaq üçün vətənə qayıtmaq istəyir. İnanırıq ki, vaxtilə Rəhim Qazıyevi, mərhum İsgəndər Həmidovu, Surət Hüseynovu və digər insanları bağışladığı kimi, Ali Baş Komandan, Prezident İlham Əliyev Mahir Cavadovu da bağışlayacaq və Allahın verdiyi ömrünün qalan hissəsini vətəndə, özünün dediyi kimi, doğma yurdu Laçında yaşamasına icazə verəcək.

Hazırladı: Elçin MƏMMƏDLİ

P.S. Mahir Cavadovun Prezident İlham Əliyevə müraciətinə şərait yaradan, bu əlaqələrin qurulmasında birbaşa rol oynayan, Mahir Cavadova məsləhətləri ilə yardımçı olan Hollandiyada yaşayan “Azərbaycanın Dostları Cəmiyyətinin” sədri Elman Mustafazadənin dəyərli fikirləri ilə sizləri növbəti yazıda tanış edəcəyik.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN