...Son vaxtlar hansısa gizli əlin işarəsi ilə şəhid ailələrinin və qazilərin, müharibə veteranlarının üstünə, sanki bir səlib yürüşü təşkil edilib. Sosial şəbəkələr şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının problemləri ilə dolub-daşır.
Çox təəssüf ki, özəl və dövlət televiziyaları şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından başqa heç bir problemi göstərmirlər. Əlbəttə, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə (çox təəssüf ki, döyüşdə şəhidlər və qazilər qədər canından keçməyə hazır olan, lakin sağ- salamat geri qayıdan veteranları ümumiyyətlə, yada salan yoxdur- E.M) yüksək səviyyədə qayğı göstərmək üçün qanunlar yazılıb. Nə yazıq ki, ayrı-ayrı məmurlar bu qanunların işləməməsi üçün dəridən, qabıqdan çıxırlar. Bu yöndə şəhid ailələrinə və qazilərə bir atalıq qayğısı göstərməli olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki bəzi məmurlar isə, əksinə olaraq bu kateqoriyadan olan insanlara problem üstündən problem yaradır.
Mətbuatdan və sosial şəbəkələrdən məlum olduğu kimi, son aylarda ikinci Qarabağ savaşında yaralananlara əlillik dərəcəsinin verilməsinə problem yaratmaqda, birinci Qarabağ savaşında əlil olanların əlillik statusunun kəsilməsində adı çəkilən nazirliyin bəzi vəzifəliləri mühüm rol oynayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri bu yaxında mətbuata fəxrlə elan etdilər ki, 7 mindən çox saxta əlilliyi olanlar aşkar edilib və onların müavinəti dayandırılıb. Azərbaycan variantında bunu da qəbul edirik ki, müxtəlif əyri yollarla hər cür qanunsuzluğa getmək olur. Bunu inkar etmirik. Amma saxta əlilliyi olanlarla yanaşı, buna haqqı çatan, necə deyərlər, vətən yolunda doğrudan da müxtəlif orqanlarını itirən insanların da təqaüdünün kəsilməsi, qurunun oduna yaşın da yanması deməkdir.
Ötən həftə Qarabağ qazisi Rey Kərimoğlu bu barədə mətbuata belə açıqlama vermişdi: “Biz əvvəldən də demişik ki, müharibədə olmaya-olmaya müəyyən adamlar sənədlərini saxtalaşdıraraq Qarabağ əlili statusu alıblar. Onların heç birinə Sahil Babayev dəyməyib, əvəzində döyüşüb, yaralanan qazilər təftiş edilir, incidilir”.
Yaxşı, bəs səbəb nədir ki, saxta əlillik alanların əksəriyyətinə təqaüd verilməkdə davam edilir, amma həqiqi döyüşüb, əlil olanlar isə, bu hüquqdan məhrum olunur? Yəqin ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, o cümlədən nazir cənab Sahil Babayev çox yaxşı bilər. Çünki son ayların araşdırması göstərir ki, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına ən çox problem Sahil Babayevin nazirliyi dövründə yaranıb. Az qala bu gün hamı əvvəlki nazir Səlim Müslümovun ölənlərinə rəhmət oxuyur.
Dəfələrlə sosial şəbəkələrdə ikinci Qarabağ savaşında əlil olanların əlillik dərəcəsinin, döyüşənlərin veteran statusunun verilməməsi barədə yazılar, videolar təqdim edilib. Bütün bunlar, sanki havaya deyilir. Artıq yeddinci aydır müharibə başa çatıb, lakin hələ də bir çox qazilərin əlillik dərəcəsi və veteranların statusu müəyyən edilməyib. Bu azmış kimi birinci Qarabağ savaşında döyüşüb can qoyan Qarabağ qazilərinin də bir ucdan təqaüdləri kəsilir. Görəsən bu sehrli əl kim(lər)dir ki, məhz Qarabağ qazilərinə, veteranlara və şəhid ailələrinə qənim kəsilib?
1954-cü ildə Ağcəbədi rayonunda anadan olan, hazırda Ağcəbədi şəhəri, Eldəniz Sadıqov küçəsi, ev- 228-də yaşayan, Respublikada kifayət qədər tanınan kəşfiyat rotasının keçmiş komandiri, döyüşlərdə az qala orqanlarının yarısını itirən Tofiq Cəfərovun da dörd aydan çoxdur ki, təqaüdü kəsilib. Bu, o Tofiq Cəfərovdur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi günlərdə, onun üstünə edilən hücumlara sinə gərərək Milli Məclisin tribunasından döyüşçü kimi etdiyi alovlu çıxışı Ulu Öndərin də çox xoşuna gəlmişdi. Sonralar öz sözünü yenə döyüş meydanlarında demiş və bu yolda ağır yaralanmışdır. İkinci qrup Qarabağ əlili kimi təqaüdə göndərilmişdir. O vaxtdan bəri Ağcəbədi də yaşayır və hazırda Ağcəbədi Muğam Mərkəzinin direktoru işləyir. Bu günə qədər əlil kimi nə ev, nə maşın, nə də torpaq sahəsi ala bilməyib. Çünki gedib kiminsə qapısında dayanıb, nəsə istəməyi xoşlamır. Elə bizimlə söhbətində də belə dedi: “Əlil və keçmiş döyüşçü kimi məni yaxşı tanıyırlar. Onların hamısının siyahısında adım var. Əgər bu güzəşt mənə düşürsə, nəyə görə gedib xahiş- minnət etməliyəm?”
Artıq dörd aydan çoxdur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başbilənləri tərəfindən T.Cəfərov əlillik siyahısından çıxarılıb və təqaüdü də kəsilib. Biz isə, 11.01.2008-ci ildə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının, Mərkəzi Hərbi Poliklinikasından Cəfərov Tofiq Astan oğluna verilmiş arayışın 9-cu bəndində oxuyuruq: “Diaqnoz və HHK-nin xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında qərarı:
Mikroocaqlı üzvü nevroloji nişanələr asteno-nevrotik sindromla təzahür edən travmatik ensefalopatiya.
Sol baldırın orta 1/3-nin və başın sol təpə nahiyyəsinin odlu silah yaralanmasından (14.08.1992) sonrakı bərkimiş dəri çapığı, funksiyanın pozulmaması ilə.
Hər iki gözün şüşəvari cisminin bulanması.
Əng və çənənin hissəvi ikincili adentiyası.
Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
Göründüyü kimi, Tofiq Cəfərovun bütün parametrlərlə əlillik dərəcəsi alması qanunidir. Bəs görəsən, indi nə baş verib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi T.Cəfərovun əlillik dərəcəsini qəbul etmir? Görəsən yuxarıda göstərilən xəstəliklər yoxa çıxıb və ya daxilindən kəsilmiş orqanlar yerinə qayıdıbmı ki, nazirlik T.Cəfərovun təqaüdünün kəsilməsinə göstəriş verib?
Belə olan surətdə istər-istəməz sual yaranır: - Qazilərə, şəhid ailələrinə və müharibə veteranlarına qənim kəsilən kim(lər)dir? Qazilərin təqüdünün verilməsini dayandırmaqla, kifayət qədər insanı dövlətdən narazı salmaqda kimlər maraqlıdır? Yuxarıda da qeyd etdik ki, sanki hansısa bir gizli əl bu insanlara problem yaratmaq üçün göstəriş verib. Bunun əksini sübut etmək üçün isə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başbilənləri üçün gözəl şans yaranıb. Buyurun, bu meydan, bu da şeytan. Əgər qısa bir müddətə şəhid ailələrinin və qazilərin problemləri aradan qalxmasa, ikinci Qarabağ savaşında iştirak edənlərin veteran statusu müəyyən edilib, 80 manat olan təqaüdləri verilməsə, onda fikrimizdə haqlıyıq ki, gizli bir əl bu insanlara problem yaratmaqla məşğuldur. Yox, əgər dediyimiz kimi problem tezliklə aradan qalxarsa, onda keçmiş döyüşçü kimi rəsmən əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevdən və digər rəsmilərdən üzr istəməyə hazıram.
Elçin MƏMMƏDLİ