Görünür, “Azərsu” rəsmilərinin ya bu məsəldən xəbərləri yoxdur, ya da özlərini bilməzliyə qoyurlar və nəticədə, deputat Musa Quliyev haqlı çıxır

Milli Məclisin iyulun 2-də keçirilən növbədənkənar sessiyasının iclasında bir çox məsələlərlə yanaşı, Gəncədə illərlə kəskin problem kimi dayanan su məsələsinə də toxunuldu. Bu barədə Milli Məclisin komitə sədri Musa Quliyev çox haqlı olaraq dedi: “Mən Gəncədə su qıtlığı ilə əlaqədar yaranmış gərgin vəziyyətlə baglı hökumətə müraciət etmək istəyirəm. Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır. Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı 100-150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur. Bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir. Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur. 2011-ci ildə Azərsu ASC-nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu qazıq-qazıq küçələr, gündə bir küçədə partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılmışdır. Bu, cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir!”

M.Quliyev ardınca Hesablama Palatasına səsləndi: “Araşdırın bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü! Mən Respublika Prokurorluğuna müraciət edirəm: yoxlayın bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub?”

Düşünmək olardı ki, millət vəkilinin qaldırdığı bu ağrılı məsələ barədə aidiyyəti qurumlar hərəkətə keçəcək və mövcud çatışmazlığı aradan qaldırmaq üçün vəsaitlər ayıracaq və işə başlanacaq. Amma min təəssüf. Cavabdeh qurum kimi “Azərsu” ASC-nin rəsmi mövqeyi deputatın çıxışının mürəkkəbi qurumamış mətbuata yayıldı. Əks tərəfin də mövqeyinə hörmət olaraq həmin məlumatı da olduğu kimi təqdim edib, sonra sözlərimə davam edərəm: “Hörmətli Musa müəllimin diqqətinə çatdırmaq istəyirik ki, “Azərsu” əhalinin içməli su təminatı ilə məşğul olur, ağacların və yaşıllıqların suvarılması ilə yox. Abşeron yarmadasında bitkilərin içməli su ilə suvarılması başadüşüləndir, çünki burada alternativ şirin su mənbələri olmadığından yaşıllıqlar içməli su ilə suvarılır. Amma Gəncə şəhərində kifayət qədər yeraltı su ehtiyatları olduğundan yaxşı olardı ki, aidiyyəti qurumlar suvarma işlərinin həmin mənbələr hesabına aparılması üçün tədbirlər görsünlər. Bunlara baxmayaraq, şəhərdəki yaşıllıqların böyük bir hissəsi içməli su ilə suvarılır.

Yeri gəlmişkən, Gəncə ŞİH Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaşıllıqların suvarılması üçün aldığı suya görə “Azərsu”ya 134 min manat borcu yaranıb.

Millət vəkilinin Gəncənin bir çox yerlərinə gündə cəmi 2 saat su verilməsi iddiasına gəlincə, bildiririk ki, bunlar artıq keçmişdə qalıb. Belə ki, layihənin icrası başa çatmazdan əvvəl vaxtilə subartezian quyularından gün ərzində cəmi 2 saat su ilə təmin olunan abonentlərin böyük əksəriyyəti fasiləsiz su alır. Hazırda Gəncədə xidmət olunan abunəçilərin 56%-i 24 saat fasiləsiz, 14%-i 12 saatlıq, qalan 30%-i isə 5-10 saatlıq qrafikli rejimlə su alır. Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Açıq kommunal infrastruktur” layihəsi çərçivəsində icra olunub. Layihənin icrasına nəzarət Almaniya bankının seçdiyi məsləhətçi şirkətlə birlikdə həyata keçirilib. İndiyə qədər layihənin icrasına 326 milyon manat vəsait xərclənib və ayrılmış vəsaitə uyğun olaraq Gəncə şəhərinin Qızılqaya və Göygöl mənbələri yenidən qurulub, mənbələrdən şəhərə magistral su xətləri çəkilib və anbarlar inşa olunub, içməli və tullantı su şəbəkələrinin tikintisinin 42 faizi yerinə yetirilib. Layihəyə uyğun olaraq Gəncə şəhərinə Göygöl, Qızılqaya mənbələrindən və Şəmkirçay sutəmizləyici qurğularından içməli su verilir. Bu mənbələrdən suyun gətirilməsi hesabına şəhərin müxtəlif yerlərində 72 subartezian quyusunun fəaliyyəti dayandırılıb və əlavə artezianların qazılması nəzərdə tutulmur.

Su və kanalizasiya layihəsinin icrası zamanı “Azərsu” hər hansı kəhriz və yaxud arxı da sıradan çıxarmayıb. Su və kanalizasiya xətlərində qəzaların baş verməsinə gəlincə, istismarda olan xətlərdə və hidrotexniki qurğularda qəzaların olması mümkündür. Podratçı şirkətlər tərəfindən su və kanalizasiya xətlərinin tikintisi zamanı küçə və prospektlərin qazılmış asfalt örtüyü bərpa edilib.

Gəncə şəhərinin ətrafında yeni salınmış massivlərin su və kanalizasiya infrastrukturunun yaradılması, digər ərazilərdə mövcud sistemlərin yenidən qurulması layihənin növbəti mərhələsində həyata keçiriləcək”.

Göründüyü kimi, “Azərsu” ASC rəsmisinin misal göstərdiyi rəqəmlər göz oxşayır. Belə çıxır ki, bu rəqəmlər onların göstərdiyi kimi elə doörudan da  kağız üzərindədir. Əslində isə Gəncədə su problemi kəskinliyi ilə qalmaqda davam edir. Bu məsələləri yenidən araşdırmaq üçün Gəncədəki dostlarla əlaqə saxladım. Yəqin ki, hadisəni yerində araşdırmaq daha məqsədəuyğundur. “Azərsu” ASC-nin rəsmiləri də Gəncə sakinləri arasında sorğu keçirsəydilər onda gözümüzü yağır edən o rəqəmləri o qədər də qabartmazdılar. Düzdür, Gəncənin bəzi yaşayış yerləri, xüsusilə şəhərin mərkəzi hissəsi əvvəlki illərə nisbətən içməli su ilə təmin olunub. O cümlədən hərbi şəhərcik 38 deyilən ünvanda yaşayan 10 minə qədər əhalinin Şəmkirçaydan gətirilən su ilə sakinlərin tələbatı demək olar ödənib. Amma bu şəhərcikdə yerləşən N saylı hərbi hissənin 3 mindən çox əsgəri su üzünə həsrətdir. Mənim oğlum bu hərbi hissədən Kəlbəcər-Murov istiqamətində 44 günlük döyüşdə iştirak edib və yenidən öz hərbi hissəsinə qayıdıb. Mövcud müharibə şəraiti ilə əlaqədar olaraq 1,5 illik hərbi xidməti 2 il davam etdi və iyulun 1-dən təxris edilərək evə qayıdıb. Hər dəfə telefon danışıqlarımızda oğlum dəfələrlə bildirirdi ki, içməli su sarıdan çox ciddi əziyyət çəkirlər. Deməli, bu hərbi hissənin həyətində 3 artizan quyusu qazılıb. Bu quyulardan çıxarılan sular mövcud su anbarlarına doldurulur, müxtəlif kimyəvi maddələrlə təmizlənir. Bundan sonra həmin sular texniki su kimi hamam və paltar yumada istifadə edilir. Lakin içməli su kimi yararlı deyil. İçməli su isə xüsusi su maşınları ilə gətirilir və hərbi hissədəki çənlərə doldurulur.  Bu çənlərdəki su isə 40-45 dərəcə istidə əsl qaynar su mənbəyinə çevrilir ki, bunu da əsgərlər içə bilmir. Çoxları məcbur qalıb sərin texniki suyu içirlər ki, bu da əsgərlər də dezinteriyanın  yaranmasına səbəb olur. Budurmu “Azərsu”yun Gəncəni içməli su ilə təmin etdiyini əks etdirən göz oxşayan rəqəmlər? Bəs minlərlə əhalisi olan və susuzluqdan dodaqları çatlayan Gəncənin “Sevinc” qəsəbəsinin əhalisi necə, onlar Gəncə sakinləri deyillərmi?  Digər ətraf qəsəbələrdə yaşayanların Şəmkirçaydan gələn və Gülüstan deyilən ərazidə anbarlara yığılmış suları evlərinə 30-40 manata su maşınları ilə aparması da, yəqin ki, “Azərsu” ASC-nin göz oxşayan rəqəmlərinin nəticəsidir.

“Azərsu” ASC-nin Gəncənin yaşıllıqlarının suvarılmasını ümumiyyətlə boynundan atmasını bir kənara qoyuruq. Yaxşı, bəs onda deputat Musa Quliyevin Gəncənin su problemini qabartması haqlı deyilmi? Şəhərin mərkəzini su ilə təmin edib, ətraflarda yaşayan 10 minlərlə insanı susuz qoymaq hansı qanunda, hansı rəqəmlərdə yazılıb? Elə ona görə də deputat M.Quliyev haqlı olaraq respublika prokurorluğuna müraciət edir ki, 2011-ci ildə “Azərsu” ASC-nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub və 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur.

Əlbəttə, prokurorluq orqanları araşdırsalar burada çox ciddi yeyinti faktları aşkar edəcəklər. Çünki 200 milyon avro ilə Gəncədən 30 km. aralıda yerləşən Göygöldən bir metr diametri olan borularla 10-dan çox yeni xətlər çəkmək olardı ki, bu da şəhər və ətraf qəsəbə sakinlərini içməli su ilə tam təmin edərdi. Amma “Azərsu” ASC-nin göstərdiyi rəqəmlərə baxanda, ilk baxışda elə təəssürat yaranır ki, bu qurum doğrudan da yüksək səviyyədə iş görür. Bu qurumun göstərdiyi rəqəmlər belə göz oxşayırsa, bəs niyə tam nəticə yoxdur? Niyə ətraf qəsəbələrin sakinləri və hərbi hissənin 3 mindən çox əsgəri ciddi içməli su problemi yaşayırlar? 200 milyon avro bizim pulla 400 milyon manat pul deməkdir. Axı bu heç də balaca rəqəm deyil.

“Azərsu” ASC-nin rəsmiləri əhalini göz oxşayan rəqəmlərlə deyil, konkret su ilə təmin etməlidirlər. Həmin rəqəmləri su əvəzinə içmək mümkün deyil. Əgər bu qurumun rəsmiləri Gəncə əhalisi arasında gedib sorğu keçirsəydilər, onda rəqəmlərə yox, əhaliyə inanardılar. Elə ona görə də yazının başlığına məşhur atalar məsəlini çıxarmışam: “Qazan dedi dibim qızıldı, çömçə dedi gəzib gəlmişəm”. “Azərsu” ASC-nin rəsmiləri ha özlərini öldürsələr də ki, bu qədər rəqəmlər, bu qədər faizlərlə iş görmüşük, amma reallıq isə başqa faktları ortaya qoyur. Yəni Gəncə əhalisinin əksər hissəsi deputat Musa Quliyevin dediyi kimi, su problemi yaşayır. Bu problem isə isti yay aylarında özünü daha qabarıq göstərir. Yaxşı olardı ki, “Azərsu” ASC-nin başbilənləri rəqəmlərlə yox, konkret insanlarla işləsinlər və insanaların yayın bu istisində dodaqlarının cadar-cadar olmasına imkan verməsinlər. Yəni yezid adlarını üstlərinə götürməsinlər.

Hazırladı: Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN