DAĞDAKI AĞAC HAQQINDA...

           Zərdüşt bir gəncin ondan qaçdığını gördü. Və bir axşam o, “Ala-bula inək” adlı şəhəri əhatə edən dağlarda təkbaşına gəzərkən yerdə, ağacın yanında oturmuş və yorğun gözləri ilə dərəyə baxan bu gənclə qarşılaşdı. Zərdüşt gəncin oturduğu ağaca toxunub dedi:

         “Əgər mən bu ağacı əllərimlə silkələmək istəsəm, bunu edə bilməzdim.

          Amma bizə görünməyən külək ona zülm verir və istədiyi yerə əyir. Gözəgörünməz əllər də bizi daha da əyir və əzab verir”.

        Gənc çaşqın halda ayağa qalxdı və dedi: “Mən Zərdüşt barəsində düşünürdüm, indi onun səsin eşidirəm”. Zərdüşt cavab verdi:

         “Niyə qorxursan ki? Ağacla baş verən insanda da eyni cür baş verir.

         O, nə qədər yuxarıya, işığa doğru can atırsa, kökləri yerin altına, aşağıya, zülmətə və dərinliyə-şərə bir o qədər nüfuz edir”.

         “Bəli, şərə!” - deyə gənc ucadan dedi- Necə oldu ki, qəlbimi oxuya bildiniz?”

         Zərdüşt güldü və dedi: “Elə qəlblər var ki, onları heç vaxt oxumaq olmur. Bunun üçün əvvəlcə onları uydurmalısan”.

         “Bəli, şərə! - gənc yenə ucadan dilləndi.

         Sən həqiqəti dedin, Zərdüşt. Artıq mən özümə inanmıram. Çünki yuxarıya doğru can atandan sonra heç kim artıq mənə inanmır - bəs bu necə oldu axı?

         Mən çox tez dəyişirəm. Mənim bu günüm dünənimi təkzib edir. Mən yuxarı qalxanda pilləkənlərdən tez-tez tullanıram və heç bir pilləkan bunu məni bağışlamır.

         Yüksəklikdə olanda özümü həmişə tənha hiss edirəm. Heç kim mənimlə danışmır, tənhalığın soyuğu məni titrədir. Yüksəklikdə mən nə istəyirəm axı?

         Mənim nifrətim və kədərim eyni vaxtda böyüyür.Yüksəldikcə başqa yüksələnə bir o qədər nifrət edirəm. O, yüksəklikdə nə istəyir axı?

         Dırmaşmağımdan və büdrəməyimdən necə də utanıram! Qeyri-rəvan nəfəsimə gülürəm! Mən uçana nifrət edirəm! Yüksəklikdə nə qədər yoruldum!”

         Burada gənc susdu. Zərdüşt onların dayandıqları ağaca baxıb dedi:

         “Bu ağac burada dağda təkdir və insandan və heyvandan yüksəkdə böyüyüb.

         Əgər o danışmaq istəsəydi, onu anlayan heç kim olmazdı. O, çox yüksəkdə bitib. İndi isə elə hey gözləyir və gözləyir. Nəyi gözləyir? O, buludlara çox yaxındır. Bəlkə ilk şimşək çaxmasını gözləyir?

         Zərdüşt bunu deyəndə, gənc böyük bir həyəcanla dedi: “Bəli, Zərdüşt, sən həqiqəti deyirsən. Mən yüksəkliyə can atdıqca ölümümü arzuladım və sən mənim gözlədiyim o şimşəksən! Bax, sən gələndən sonra indi mən nəyəm? Sənə bəslədiyim həsəd məni məhv etdi!” – gənc belə deyib acı-acı ağladı. Zərdüşt onu qucaqlayıb özü ilə apardı.

         Onlar bir az getdikdən sonra Zərdüşt dedi:

         - Ürəyim parçalanır. Sənin sözlərindən çox baxışların mənə təhlükəyə məruz qaldığını bildirir. Sən hələ azad deyilsən, hələ də azadlıq axtarırsan. Axtarışın səni gümrah edib və  yuxunu qaçırıb.

         Azad zirvələrə can atırsan, ruhun ulduzlara can atır. Amma sənin pis instinktlərin də azadlığa can atır.

         Sənin vəhşi itlərin də azad olmaq istəyir. Onlar öz zirzəmilərində sevincdən hürürlər, sənin ruhun isə bütün bu qaranlıq zindanların qapılarını açmağa çalışır.

         Məncə, sən hələ də həbsxanada azadlıq arzusunda olan məhbussan. Ah, belə məhbusların ruhu müdrik, həm də hiyləgər və pis olur.

         Azad olan ruh hələ təmizlənməlidir. Onda hələ də həbsxanadan qalma bəzi pisliklər və kütlük var. Onn baxışları də təmiz olmalıdır.

         Bəli, mən sənin təhlükəni bilirəm. Ancaq sevgim və ümidimlə sənə yalvarıram ki, sevgini və ümidini itirmə!

         Sən özünü hələ də nəcib hiss edirsən. Səni sevməyən və sənin arxanca pis baxanlar da səni nəcib hiss edir.Bil ki, hər kəsin yolunun üstündə nəcib bir insan dayanır.

         Nəciblik xeyirxah insanlara xas olan xüsusiyyətdir. Nəcib insana xeyirxah desələr də, onu nəciblikdən uzaqlaşdırmaq istəyirlər.

         Nəcib insan yeni bir şey, yeni bir fəzilət yaratmaq istəyir. Xeyirxah insan  köhnənin qorunub saxlanılması üçün köhnəni istəyir.

         Ancaq nəcib insanın xeyirxah olacağı yox,  həyasızlaşacağı, istehza edən və dağıdıcı olacağı təhlükəlidir.

         Ah, mən ən ali ümidlərini itirən nəcib insanlar tanıyırdım. İndi onlar bütün ali ümidlərə böhtan atdılar. İndi onlar həyasızcasına, keçici zövqlər arasında yaşayır və məqsədləri isə bir gündən artıq olmur.

          Ancaq sevgim və ümidimlə sizə yalvarıram ki, ruhunuzdakı qəhrəmanı rədd etməyin! Ən yüksək ümidinizi müqəddəs tutun.  

         Onlar dedilər: “Ruhun özü də şəhvətdir”. Onda onların ruhunun qanadları qırıldı.İndi o ruh hər yerdə sürünür, dişlədiyi hər şeyi murdarlayır.

         Bir zamanlar onlar qəhrəman olmaq arzusunda idilər. İndi  onlar səhvətə hərisdirlər. Kədər və qorxu onlar üçün qəhrəmandır.

         Ancaq sevgim və ümidimlə sizə yalvarıram: ruhunuzdakı qəhrəmanı rədd etməyin! Ən yüksək ümidinizi müqəddəs tutun!

          Zərdüşt belə dedi.

  Ölüm təbliğçiləri haqqında

           Ölüm təbliğçiləri var. Yer kürəsi həyatdan iyrənməyi təbliğ edilməsi lazım olanlarla doludur.

         Yer üzü artıq insanlarla doludur. Həyatı insanların həddindən artıq çox olması korlayıb. Ah, kaş onları “əbədi həyat” adıyla aldadıb bu həyatdan uzaqlaşdırmaq mümkün olsaydı!

         “Sarılar” və ya “qaralar”- ölümü təbliğ edənləri belə adlandırırlar. Amma mən onları sizə başqa rənglərdə göstərmək istəyirəm.

         Budur, onlar yırtıcı heyvan xislətindədirlər və şəhvət və ya öz-özünü məhv etməkdən başqa seçimləri yoxdur. Lakin onların şəhvəti həm də özlərini məhv etməkdir.

         Onlar hələ insan olmamışlar. Qoy onlar həyatdan iyrəncliyi təbliğ etsinlər və çıxıb getsinlər!

         Vərəm ruhlu bu insanlar doğulan kimi artıq ölməyə və yorğunluq və imtina təlimlərinə susamağa başlayırlar.

         Onlar çox həvəslə ölməyi istəyərdilər və biz onların iradəsini bəyənməliyik! Gəlin diqqətli olaq ki, bu ölüləri diriltməyək və bu canlı tabutları zədələməyək!

         Onlar xəstə, qoca, istərsə də meyitlə qarşılaşan kimi dərhal deyirlər: “Həyat təkzib olundu!”.

         Ancaq yalnız onların özləri təkzib olunur və gözləri varlıqda yalnız bir üz görür.

         Dərin ümidsizliyə və ölümlə nəticələnən kiçik təsadüflərə acgözlüklə qərq olur və dişlərini sıxaraq gözləyirlər.

         Onlar uşaq kimi şirniyyat hərisi olur və öz uşaqlıqlarına  gülür, həyatdan saman çöpü kimi yapışır və bu yapışmalarına da gülürlər.

         Onların müdrikliyində deyilir: “ Yaşayan axmaqdır və  biz də ən axmaqlarıq. Həyatda ən axmaqlıq olan elə budur!”

         “Həyat yalnız əzab çəkməkdir” - başqaları belə deyirlər və yalan danışmırlar. Ona görə çalışın ki, yalnız əzab-əziyyət olan belə bir həyatdan xilas olasınız!

         Və sənin fəzilətinin qaydası belədir:“özünü öldürməlisən!  Özünü özündən oğurlamalısan!”

         “Şəhvət günahdır-ölümü təbliğ edənlər belə deyirlər. Qoyun biz kənardan keçək və uşaq dünyaya gətirməyək!”

         Başqaları deyir: “Uşaq dünyaya gətirmək çətindir və bu nəyə lazımdır? Çünki yalnız bədbəxt insanlar doğulur ki, onlar da ölümün təbliğçiləri olurlar!”.

         Üçüncülər deyir: “Bizə mərhəmət lazımdır. Nəyim var alın! Mənim özümü alın! O zaman mənim həyatla əlaqəm daha az olar!”.    

         Əgər onlar tam mərhəmətli olsaydılar,yaxınlarını yaşamaq istəyindən çəkindirərdilər. Qəddar olmaq onların əsl xeyirxahlığı olardı.

         Amma onlar həyatdan azad olmaq istəyirlər. Öz zəncirləri və hədiyyələri ilə başqalarını daha da möhkəm bağlamaları onların vecinə deyil!

        Həyatı ağır zəhmət və narahatlıq olan siz də həyatdan çox yorulmadınızmı? Siz hələ ölümü təbliğ etmək üçün yetişməmisiniz?

         Sizin hamınız- sərt əmək və sürət, yenilik, naməlumluq sevənlər özünüzü pis hiss edirsiniz. Sizin fəaliyyətiniz qaçmaq və özünüzü unutmaq istəyidir.

         Həyata daha çox inansaydınız, anın təsirinə düşməzdiniz. Ancaq gözləmək, hətta tənbəllik etmək üçün sizin kifayət qədər mənanız yoxdur!

         Ölümü təbliğ edənlərin səsi hər yerdə eşidilir.  Yer üzü ölüm müjdəsi verilməli olanlarla doludur.

        Yaxud mənim vecimə olmayan “əbədi həyat”. Əgər ora getməyi ləngitməsələr!  

         Zərdüşt belə dedi.

(Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN