AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə 22 may Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş elmi konfrans keçirilib.

Science.gov.az-a istinadən məlumata görə, konfransı giriş sözü ilə Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov açıb. Alim çıxışında bu günün təsis olunma tarixinə, biomüxtəlifliyin mahiyyətinə və mühafizəsi məsələsinə diqqət çəkib. Azərbaycanda, eləcə də muxtar respublikada xüsusi mühafizə olunan ərazilər haqqında məlumat verib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında heyvanların qanunsuz ovlanmasına qoyulan qadağalar sayəsində muflonların və bezoar keçilərinin sayında nəzərə çarpan dərəcədə artım müşahidə edilir, yaranan bol qida ehtiyatı ilə əlaqədar Qafqaz bəbirində nəsil artımı müşahidə olunur. Bu faktlar görülən məqsədyönlü tədbirlərin uğurlu nəticəsidir.

Tədbirdə Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, biologiya ürə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov çıxış edərək bildirib ki, ölkəmizin sahib olduğu zəngin biomüxtəliflik onun özünəməxsus landşaft xüsusiyyətlərindən qaynaqlanır. Biomüxtəlifliyin qorunmasının bioloq və zooloqlar qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdıran alim flora və faunamızın öyrənilməsi, qorunması ilə bağlı görülən tədbirlərdən, nəzərdə tutulan işlərdən söz açıb. Qeyd olunub ki, elmi tədqiqat müəssisələri və ölkə alimləri arasında inkişaf edən əməkdaşlıq gələcək uğurlardan xəbər verir.

Sonra Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin baş elmi işçisi, akademik Tariyel Talıbov “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyinin bəzi nadir növləri” haqqında məruzə edib. Məruzəsində Azərbaycanın, onun ayrılmaz parçası Naxçıvanın olduqca zəngin bitki və heyvanat aləminə sahib olduğunu dilə gətirən akademik nəsli kəsilmək üzrə olan növlərin qorunmasına, bu problemin aradan qaldırılması məsələsinə diqqət çəkib. Məruzəçi flora və faunamızın qorunması barədə fikirlərini bölüşərək vurğulayıb ki, 2001-ci ildən heyvanların qanunsuz ovuna qadağanın qoyulması biomüxtəlifliyin qorunması ilə bağlı atılan təqdirəlayiq addım olub, son dövrlər xüsusi qorunan çöl heyvanlarının sayında müşahidə olunan artım məhz bu uzaqgörənlik sayəsində mümkün olub.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Kamran Əliyev “Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunması yolları” ilə bağlı məruzəsində bu istiqamətdə görülən işlərdən, ətraf mühitin mühafizəsi sahəsində aparılan ekoloji maarifləndirmə tədbirlərindən söz açıb. Məruzəçi bildirib ki, əhalinin maarifləndirilməsi ilə bağlı müntəzəm olaraq həyata keçirilən tədbirlər hazırda insanların təbiətin mühafizəsinə göstərdiyi həssaslıqda əksini tapır. Natiq muxtar respublika ərazisində milli park, qoruq və yasaqlıqların yaradılmasını təbiətə göstərilən qayğının təzahürü kimi qiymətləndirib.

Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov konfransda “Naxçıvan Muxtar Respublikası faunasının onayaqlı xərçəng növləri” mövzusunda məruzə edib. Alim muxtar respublika faunasında geniş yayılmış xərçəngkimilər yarımtipinin əsas taksonomik quruluşu haqqında ətraflı məlumat verib. Krevet, çay xərçəngi, daş yengəci kimi növlərin istehlak əhəmiyyəti, məhsuldarlığı, qorunması məsələsinə diqqət çəkib.

Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının dosenti Fəridə Səfərova konfransda “Naxçıvan Muxtar Respublikası florasında Badımcankimilər fəsiləsinin zəhərli növləri” adlı məruzəsində qeyd edib ki, bu fəsilə Azərbaycanda ümumilikdə 10 cins, 25 növlə, təkcə muxtar respublika ərazisində isə 8 cins, 19 növlə təmsil olunur. O, qida, dərman əhəmiyyətli və zəhərli növlərin mənşəyi, yayılma arealı, kimyəvi tərkibi, tədarük həcmi və digər xüsusiyyətləri haqqında geniş məlumat verib.

Bioresurlar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi – petrofil (qaya-töküntü) bitkiliyi” başlıqlı məruzəsində bildirib ki, petrofil bitkilərin muxtar respublika ərazisində 75 fəsli, 210 cinsi və 350-dən artıq növü mövcuddur. Alim vurğulayıb ki, həmin bitkilər eyni zamanda muflon, bezoar keçisi kimi qiymətli heyvan növlərinin əsas qidasını təşkil edir, onların qorunması və çoxaldılması həmin heyvanların da yem ehtiyatının artmasına şərait yaradır.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN