Bəzi yerlərə qar yağır, bəzi yerlərdə buzlaqlar əriyir...
Qlobal iqlim dəyişiklikləri bütün dünya üçün təhlükə yaradır. Planetimizdə baş verən iqlim dəyişikliyinin səbəb olduğu təbiət hadisələri hər gün bizi daha çox təəccübləndirməkdədir. Neçə gün əvvəl, yayın isti günlərinin birində Braziliyaya qar yağdı . Ştatın ən azı 40 şəhərinə qar yağmışdı. Bu gün isə Rusiyanın Maqadan vilayətinə qar yağıb. Məlumata görə, artıq üçüncü dəfədir ki, yay mövsümü ərzində bu bölgəyə qar yağır. Düzdür, Maqadan subarktik iqlimə malikdir və qışı da uzun və soyuq keçir. Lakin buna baxmayaraq, ilin ən isti ayı avqustdur ki, maksimal temperatur +15 0 selsiyədək yüksəlir.
***
Qrenlandiyada isə əksinə, buzlaqlar əriməyə başlayıb. Məlumata görə, təkcə bir gün ərzində əriyən buzlaqların çəkisi 8,5 milyard ton olub və okean sularına qarışıb. Hətta əriyən buzlaqlar ABŞ-ın Florida ştatını 5 sm hündürlükdə su ilə örtə biləcək həcmə malikdir. Qrenlandiyanın şərqində isə ən yüksək istilik dərəcəsi qeydə alınıb - 19,80 C.
Son bir ay ərzində Qrenlandiyada 100 milyard ton buz kütləsinin əriyərək okeana qarışması isə dəniz sularının yüksəlməsinə gətirib çıxarıb.
Qeyd edək ki, 1995-ci ildə Azərbaycan da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Kioto Protokolu 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli Qərarı ilə bu Protokola qoşulub.
Kioto Protokolu qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullantılarını məhdudlaşdırır.
Azərbaycan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır.
JASMİN
P.S. Belə davam etsə, deyəsən koronavirusun yeni ştamları da yaddan çıxacaq...