Sentyabrın 16-da Azərbaycan Turizm Bürosu metaaxtarış mühərriki rolunu oynayan "Wego" platformasında onlayn kampaniyaya start verib.
Kampaniya çərçivəsində "Wego" şirkətinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn üçün səciyyəvi olan veb-saytlarında Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ətraflı məlumatlar yerləşdirilib.
Yerləşdirilmiş məlumatlar ziyarətçilərə ingilis və ərəb dillərində təqdim olunur.
Azərbaycanın Bakı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Quba, Lənkəran, Naxçıvan şəhərləri, bu şəhərlərdəki hotellər və turistik fəaliyyətlər, eləcə də işğaldan azad olunmuş ərazilərin, xüsusilə də Şuşanın zəngin mədəni və tarixi irsi barədə məlumatlar da saytda öz əksini tapır.
Əlavə olaraq Azərbaycanın tarixi və mədəniyyəti, təbiəti, milli mətbəxi, müxtəlif fəsillər üzrə mümkün olan turistik fəaliyyətlər və turizm marşrutlarını geniş şəkildə əhatə edən məqalə hədəf kütlənin nəzərinə çatdırılır.
Eyni zamanda, platformanın feysbuk hesabında istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artıran, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edən müxtəlif məzmunlu reklamlar yayımlanır.
Qlobal səviyyədə kütləvi təbliğat kampaniyaları haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid vurğulayıb ki, beynəlxalq səyahət platformaları vasitəsilə lazımi məlumatların geniş auditoriyaya hədəfli şəkildə çatdırılması ölkənin kəşf edilməmiş turizm imkanlarının tanıdılması üçün vacibdir.
"Wego" şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət Asiya-Sakit okean regionu, Yaxın Şərq və Hindistan üzrə fəaliyyət göstərərək istifadəçiləri mövcud uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.
Qeyd edək ki, 42 ölkədən Azərbaycana hava yolu ilə səyahətin açılması ilə Azərbaycan Turizm Bürosu ölkənin turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə qlobal marketinq və təbliğat kampaniyalarına davam edir.
Xatırladaq ki, Azərbaycan Turizm Bürosu bu məqsədlə "Expedia", "Skyscanner", "Aviasales" kimi beynəlxalq platformalarla da əməkdaşlıq edir.
E.ŞİRİNOV