Deputatlar Ukraynanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildiriblər.
Bu gün Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Komitədən "TƏZADLAR"-a verilən məlumata görə, Qonaqları salamlayan Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günündə onlarla görüşməkdən məmnun olduğunu bildirib. O, Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verib, dünya azərbaycanlılarının ümumi məqsəd və vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşdiyini, diasporun daha mütəşəkkil təşkilatlandığını və diaspor hərəkatının uğurla davam etdiyini qeyd edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsinin ilk günündən Ukrayna dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi yüksək dəyərləndirilib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında diasporun xüsusi rolu olduğu qonaqların diqqətinə çatdırılıb. V.Seyidbəyov Ukraynada çoxlu sayda azərbaycanlının yaşadığını, diasporumuzun Ukrayna və Azərbaycan arasında körpü rolu oynadığını, həmvətənlərimizin yerli cəmiyyətə inteqrasiyası prosesinin yüksək səviyyədə getdiyini, Ukraynada yaşayan azərbaycanlılarla bağlı Komitə tərəfindən müxtəlif layihələrin reallaşdırıldığını qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko və sədr müavini Lyudmila Marçenko Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər. İki dost ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bir sıra müstəvilərdə uğurla davam etdiyini vurğulayan deputatlar Ukraynanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildiriblər. Ötən günlərdə Gəncə və Ağdama səfər etdiklərini deyən qonaqlar erməni terrorunun nəticələrindən dəhşətə gəldiklərini, dünyanın bu terrorlara biganə qalmamalı olduğunu söyləyiblər.
Görüşdə iştirak edən edən Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Qeyd edək ki, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin Azərbaycana səfəri Milli Məclisin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.