Yaxud, İradə Tuncaydan Prezidentə şikayət edən Anar Rəsuloğlu...
...Ölülər elə bilir dirilər halva yeyir, - qədim xalq məsəlimizdir. Və bizim nəzərimizdə, düşüncəmizdə həmişə elə olub ki, sovet dövründə şair və yazıçıların uşaqları kef çəkiblər, instituta (universitetə) pulsuz giriblər, oxumasalar da, imtahanlarda “5” yazıblar, sanatoriyaları, pioner düşərgələrini geninə-boluna gəziblər, rayonlarda raykom katibləri, “obpit”, “smeştorq”, “vneştorq” müdirləri qulluqlarında durublar! Qonorarlarına maşın alıblar, evlərin açarları xonçada təqdim olunub! Və təsəvvür edin ki...
...1988-ci ildə əsgərlikdən qayıdıb təzə qrupumla tanış olanda ölkədə məşhur bir jurnalistin qardaşı da bizimlə bir qrupda idi və guya da mənə ürək qızdırıb gileyini etdi:
- Qırılmışların uşaqlarını doldurublar, kasıb-kusub da on il gəlib gedir ki, jurnalistikaya girəcək!
Maraqlı gəldi, soruşdum kimlərdi ki?
Mirzə Ələkbər Sabirin nəvəsi, görkəmli aktyor Həsən Məmmədovun qızı...
Təpəm nətəri atdısa:
- “Ded”, sənin-mənim kimi kasıb kənd uşağı qəbul olunanda nə olur ki? Pianinoya hardan və necə yaxınlaşmağı bilmirik, televizorda görmüşük, şairi-yazıçını kitabdan tanıyırıq, neçə il orduda olmuşuq, “tvoyu mat”dan başqa bir fərli söz eşitmirlər bizdən, ingiliscə(n)dən danışmıram heç, amma o uşaqlar evlərində görüblər... şeir necə yaranır-yazılır, mahnı necə ərsəyə gəlir, siyasi və ədəbi qəhrəmanlar necə və hardan formalaşdırılır, tarixi kimlər və necə yazır! Üstəlik də... neçə ildir aşkarlıqdır, demokratiyadır, arxivləri açırlar, yazırlar nə zülm veriblər dədələrinə-babalarına! Kənddə qoyun dalından gələn fəhlə Məmmədin oğlu jurnalistikada oxumağı istəyir, haqq edir, qəbul olunur, o boyda Mirzə Ələkbər Sabirin, Həsən Məmmədovun meqapolisdə böyüyən, kultbomondun içində formalaşan, rusca-ingiliscə sərbəst danışan uşaqları niyə oxumasın ki?
Bu... hələ jurnalistikada oxuyan sıravi azərbaycanlının təfəkkürü idi - neçə il Rusiyada yaşayan, gəzən, 50-dən artıq millətin nümayəndəsi ilə qaynayıb-qarışan biri olaraq! Hətta açılan arxivləri oxuyandan sonra!
Azərbaycan Gəncliyinin (bütün zamanlarda və istisnasız olaraq!!!) düşüncə tərzi, həyata ilk addımlarını atanda umduğu, cumduğu bu və bu cür olub: bizəqədərki şair-yazıçılar kef edib, mən də şair-yazıçıyam, mənə də həmən versinlər, indi, bu dəqiqə versinlər, çünki... mən kənddən gəlmişəm, istedadlıyam, filankəsdən yaxşı yazıram (fərqinə varmadan ki, zaman, rejim fərqi var!), mənim də uşağıma şərait yaratsınlar!
Əslində yazdıqları bir b...o...k da deyil nə keçmişdəkilərin yazdıqlarıyla, nə də dünyada müasiri olduqları gənc ədiblərin yaradıcılıqlarıyla - adam abrına qısılır gedib gürcü, eston, latış, litov, alman, ispan, fransız demirəm e, hətta gənc serb və xorvat yazarları ilə müqayisə eləmir bunları! Və ədəbi təfəkkürü kasad, ədəbi iddiası iyrənc olanların mühitində... 30-40-50 yaşlıların özləri üçün tumanlarını başa çəkməsi, şalvarını soyunub onanizmlə məşğul olması fonunda... bircəsi də durub demir ki, ayə, ay qa, qağa, ala, ələ, adə, lələ... bu dünyada Azərbaycan adlı ölkənin hər daşının altında olan Məmməd Araz olub e, qapısında bu ölkənin yelinin əsməyini özünə mükafat sayıb, bə nə oldu onun yubileyi, dövlət səviyyəsində tələb etmək olmazdımı?
Anara özlərinin təqaüd almağına, daha doğrusu, almamağına görə var-yox söyüşü söyənlərin heç biri Məmməd Araz üçün - nəinki onların özləri üçün, dədələri üçün, ölkələri və xalqları üçün hər zaman hər sözün ən kəskinini yazan Məmməd Araz üçün... qımıldanmadılar!
Bu hökümətdən heç nə istəməyib Məmməd Araz - nə sovet dövründə, nə də müstəqillik dönəmində!
Bu ölkədə həm sovet, həm də müstəqillik dönəmində bütün qələmdaşları üçün xoş sözü, layiqli meydanı özündən əvvəl rəva görən Məmməd Araz gərəkəndə onların da əvəzinə sinəsini güllə üçün irəli verib - Cəmil Həsənlinin Xəlil Rza ilə bağlı yazdıqlarını oxumaq yetərli olar, məncə!
Mənim zamanla ayaqlaşmayan və məqbul sayılmayan bir axmaq xasiyyətim var: əgər mənim qrup yoldaşım qaçqındırsa, mən özüm üçün ev almağa utanaram, mənim ustad çağırdığım həmkarım ev, ad almayıbsa, mən hətta xəyalımda utanaram o şeyləri arzulamağı. Fəqət...
***
Azərbaycan elə bir ölkədir ki, burada yüz illərlə siyasilərinə həyasızlıq peyvəndi vurulub, oğraşlıq etməyə növbəyə saysız-hesabsız nümayəndəsi təmənnasız hazır olub!
Şair-yazıçıları siyasilərindən betər! Hüseyn Caviddən danışır, özünü Əhməd Cəmil, Süleyman Rüstəm kimi aparır, Məmməd Əmindən danışır, özünü Əliheydər Qarayev kimi aparır!
Xalq qəhrəmanının arvadı Həcərə pis ifadəli söz demək üçün erməni mənbəsini axtarıb tapır, Azərbaycanda heç bir mənbə axtarmadan belə hamının “fahişə” kimi tanıdığına “bacım” deyir, “patron” deyir!
Məmməd Araz BELƏ ədəbi-siyasi toplumun içində İŞIQLA, MÜBARİZƏ ilə, SƏRT HƏQİQƏTlərlə dolu bir POEZİYA PLANETİ yaradıb!
Və... “Sizə yetim deyən olsa qızlarım...” şeirini yazıb... “Azərbaycan deyiləndə ayağa dur ki” deyəndən sonra!
Məmməd Araz şair kimi... yarıdımı təltiflərdən, mükafatlardan - laçınlı qaçqın qardaşım Şirvan demişkən, gətir çırp mənim təpəmə o mükafatları! Ki... ömrünün əllisindən əlli dərmana möhtac qoyuldu!
Məmməd Arazın qız balaları şair-yazıçılar üçün ayrılan, nəzərdə tutulan “lqot”lardan, “privilegiya”lardan yararlandımı?
Söyər yerinə toxunmasan, qaradinməz, qaşqabaqlı İradə Tuncayın ürəyinin başı göynəyəndə arada xatirə kimi yazdığı, eyham vurduğu pislikləri oxuyanda elə bilirsən... pislik edənlərin hamısının anasının... əri-oynaşı Məmməd Araz olub!
Nə çar, nə də sovet dövründə tapmazsınız elə bir şair-yazıçı ki, Məmməd Araz səviyyəsində olsun və Məmməd Araza, ailəsinə qarşı sərgilənən laqeydlik ona da göstərilsin - repressiyalar, həbslər, güllələnmələr öz yerində də!
Azərbaycan bəlkə də yeganə ölkədir ki, özünün ən istedadlı şair-yazıçısına düşmənçilik etməkdə, xəstələndirməkdə, çərlətməkdə, öldürməkdə birinci yerdədir! Hüseyn Caviddən, Səməd Vurğundan, Məmməd Arazdan, Əli Kərimdən ta Vidadi Məmmədova, Şamxal Rüstəməcən - istedadını etiraf etdirənindən tutmuş, özünü təsdiqlətməyə imkan tapmayanınacan!
Mən gileydən zəhləsi gedən adamam, amma hər dəfə baxıram ki, ən xoş arzularımla giley sarmaşıq kimi bağrıbadaşdır - varmı elə bir məqamımız ki, gileyə yer olmasın?!
Şahidiyəm deyə yazıram: ən bədbəxt taleyi olan Mirzə Ələkbər Sabirin... qrup yoldaşım olan nəvəsi belə babasının, dədəsinin adıyla gün gördü, amma İradə Tuncaydan gəlib yapışırlar ki, dədən Məmməd Arazdan yazım çıxıb, gör neynirsən - az qalır redaksiyanın qapısını yırtsın e!
Və... adamlarla, həmkarlarla, ev-iş dostlarıyla məsələ məlum e, belə gəlib, belə də gedəcək, biz düzələn deyilik - bizi nə Zəfər, nə Bütövlük, nə də Fatehlik düzəltməz: genetika budur!
Ancaq axı... demokratiya, dövlət qayğısı deyilən bir konsepsiya var, hətta istəməsək də, bəzi mütərəqqi məqamların konstitusional ifadəsi əks olunub, bəs onlar necə olsun?
Təsəvvür edin ki, məsələn, İradə Məmməd Araz qızı İbrahimova (Tuncay) Azərbaycan Yazıçılar Birliyinin sədridir, Rəzul Rzanın da 90 illiyidir! Məmməd Arazın 90 illiyi necə qeyd olunubsa AYB tərəfindən, İradə Tuncay da eynən elə keçirir! Anar Rəsul Rza oğlu Rzayev o Prezident Aparatının giriş və çıxış qapılarının dəstəklərini dibindən qoparar, Azərbaycan Prezidentinə ingilis, rus, fransız, ispan dillərində İradə Tuncaydan şikayət edər, Moskvanın “Pravda”, “İzvestiya”, Göyçayın “Yeni yol”, müxalifətin “Azadlıq” və s. qəzetlərində nəyi var yazdırar, söydürər, ittiham etdirər! Halbuki... bu il, məhz bu il və məhz Anar AYB-nin regional bölmələrində, AYB-nin ədəbi orqanlarında ilboyu (yubiley ilində ilboyu yazmaq məqbuldur!) ədəbi disputlar, konfranslar, müzakirələr keçirtməliydi!
ƏN AZINDAN ona görə ki, “Hər daş altda Məmməd Araz yaşayır” ifadəsi dəpdəqiq deyilib, ONUNÇUN!
ANAR heç özünü “narxoz”un müəllimi, YAP-ın katibi, kənd təsərrüfatı akademiyasının başqanı kimi də aparmadı!
Necə? 80-ci illərin sonunda “narxoz”un müəllimi Mirdaməd Sadıqov Bakı Maliyyə-kredit Texnikumuna direktor təyin olunmuşdu. Və... həmin bu “narxoz” müəllimi... Məmməd Arazla görüş keçirmişdi. O vaxtı ona bir saat bağışlamışdılar. Fikir bilirsiniz nə olmuşdu hədiyyəni təqdim edəndə:
- Zaman Məmməd Araz vaxtına keçir!
Hələ milli-azadlıq mücadiləsi vüsət almamışdı, müstəqillik əldə olunmamışdı!
Həmin Mirdaməd müəllim Sadıqov sonradan indiki UNEC-də, AAA-da rektor, İsmayıllıda məlum hadisələrdən sonra icra başçısı oldu - Allah rəhmət eləsin, ruhu şad olsun!
Loru dillə desək, “alver adamı” (elmi dildə “iqtisadçı alim” deyirlər) Məmməd Araz dühasını dərk edir, təbliğ edir, təltif edir, amma Azərbaycan ədəbi mühiti o qədər laübali keçirir ki, keçirməsə, daha yaxşı!
Gənc yazarlardan Nadir Yalçının bir yazısını oxudum, o yazıdan sonra ağlıma gəldi: ən azı Məmməd Arazın 90 şeiri haqqında Nadir Yalçının yazdığı üslubda yazı yazmaq olardı! Var Məmməd Arazda o 90 şeir, baxmayaraq ki, nəinki 90, heç 9 şeiri olmayana bu ölkənin oliqarx məmurları milyon xərcləyir!
***
Bütün bu illər ərzində ürəyimdə həmişə bir ağrı kimi düyünlənib: İradə Tuncay Məmməd Arazın oğludur! O Məmməd Arazın qızı olsaydı, Məmməd Araz da Azərbaycanın “o biri şair-yazıçıları”ndan, onda o da... bir gün görərdi “və başqaları” kimi: hansı sanballı yerə, nüfuzlu mükafata baxırsan, görürsən ki, axırda “filankəsin qızı” yazılıb!
***
O günü İradə Tuncayın ad günü idi! İlk dəfə İradə Tuncayın ad günündə Məmməd Arazdan yazdım - bu mənim ağlıma gəldi: heç olmasa, ömründə bircə dəfə Məmməd Arazın qızı olmağın dadını çıxarsın!
İradə Tuncay tələbə vaxtı da savadlı, qiraətcil olub, sonra da. Onda da əziyyətlər çəkib, indi də! Onda yoxluqdan, indi varlıqdan: bu da ayrı dərddir!
Ömrün yarısı zülm, yoxluq içində keçib, indi bir az rahat nəfəs ala bilər, indi də... “37-ci ilin törəmələri” gah ərinin deputat olmağını qaxınc edir (bir kişidə də kişilik çatmır desin ki, ay adam, Aqil Abbas kolxoz sədri Məhəmmədin, “qızıllı Solmaz”ın oğludur, həmişə üzdə olub, həmişə imkanlı olub, həmişə el içində olub, etdiyi xeyirxahlıqların, cəbhəyə yardımlarının üstündə onsuz da deputat statusunda idi, Məmməd Arazın kürəkəni olmağının buna nə dəxli?), gah da oğlunun polis bölməsində rəis olmağını (biri də durub mənim qrup yoldaşıma dediyimi demir: ay adam, məlum bölgədən, məlum tayfadan olduğu üçün eşşək dalından durub gəlməyinə baxmayaraq, polis rəisi olanı qəbul edirsən, Türkiyədə hüquq təhsili alana, dədəsi yazıçı-publisist-jurnalist, anası yazıçı-publisist-jurnalist, babaları el-ölkə ağsaqqalı olana niyə bir bölmədə rəis olmağı çox görürsən ki? Olmazmı nazirdən xahiş edəsən, Prezidentə yazasan, köməkləşəsən, təklif edəsən heç olmasa bir rayona rəis qoysunlar? Murdar adamlardırlar axı!)...
Nə isə...
Yenə dostlar bir yana, elə İradə Tuncay özü də küsəcək, Aqil Abbas da o yandan söyəcək ki, aləmi qatmısan bir-birinə. Olsun!
Qoy başqaları ütülü yazsın, mən böyrəkdəki daş kimi adamı ağrıdan, qışqırığını ərşə bülənd edən bu kələ-kötür həqiqətləri deməyi məqbul sayıram! Ütülü yazanda bəytərifi kimi qəbul edən kütlədir, dəyəri “araq alıblar, yazıb” deyən adamlardır!
Yaxşı ki, kənddəyəm: ölkə boyda olan Məmməd Araz İşığı mənə bu soyuq noyabr günündə bəs edir, üşümürəm!
Lənkəran Dram Teatrının səhnəsində 28 il qabaq Əli Salahlının oxuduğu “Sizə yetim deyən olsa, qızlarım” şeiri gözümün önündə canlanır!
VƏ... DÜŞÜNÜRƏM: Azərbaycanda hələ də bütün qızlar yetimdir... 20 yaşdan sonra! Azərbaycan kişiliyi hələ də öz qızına, qadınına yetimlik acısını unutdura bilmir, elə bir cəmiyyət qura bilməyib! O ayrı söhbətdir ki, bəlkə buna gücü çatmır. Bax, o gücü çatmayan ataların əvəzinə də məsləhət verib Məmməd Araz:
“Mən əyilməz ata adı saxladım,
Vicdanımı ovuclara sağmadım,
Bu dünyanın məhvərini laxladın,
Sizə yetim deyən olsa, qızlarım!”.
SON SÖZ ƏVƏZİ: Bəlkə də başım problemlərə qarışmasaydı, əlim-qolum açıq olsaydı, mən özüm o 90 yazını yazardım... hər şeirinə görə! Məmməd Araz böyüklüyü bir yazıya sığmayan, bir monoqrafiyada açıla bilinməyən, bir kitabda güclə tamamlandırıla bilinəcək bir böyüklükdür! Bax o yazılarda giley olmayacaqdı. Məmməd Araz giley şairi deyil, gileyli həyat yaşasa da!
Əziz İradə Tuncay! Sizin ad gününüzü təbrik edirəm. Bağışlayın ki, belə alındı. Daha yaxşı yazacağıma, Sizin də, hamının da razı qalacağı ümidiylə, yazını bitirirəm!
Aydın Can,
jurnalist