Uşaqlar valideynlərinin, ailə üzvlərinin əhatəsində daha güclü, daha özgüvənli olurlar. Bəlkə də onların bəziləri gündəlik kiçik məişət qayğılarına baxmayaraq, nə qədər xoşbəxt olduqlarının fərqində belə olmurlar. Çünki xəbərsiz olduqları daha bir dünya var, hansı ki, oradakı həmyaşıdları onların sahib olduğu çox şeydən məhrumdurlar: ən əsası isə valideyn sevgisindən...

Onlar valideyn himayəsindən məhrum olan uşaqlardır: bəzən isə atalı - analı ikən... Adi sığala, xoş sözə, qayğıya, nəvazişə, qorumaya ehtiyacı olan çəkingən, səksəkəli... O uşaqların öz dünyası var – hər kəsi etibar edib buraxmadıqları, öz kiçicik pəncərələrindən baxdıqları...     

Və çox təəssüf ki, ağlı kəsən, anlayan yaşda acılar çəkmiş, həyatdan, ən yaxınlarından zərbələr almış uşaqların hafizəsindən heç bir zaman silinməyəcək keçmişləri...

 ***

TEZADLAR.AZ xəbər verir ki, ötən gün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi  Prezident İlham Əliyevin ad günü münasibətilə Şirvan şəhərində yerləşən “Mərhəmət Evi" – Uşaq Sığınacağını ziyarət etdi və onlar üçün bayram şənliyi keçirdi.

s

Tədbirə mən də dəvət edilmişdim və məmnuniyyətlə qəbul etdim.

Dekabrın 24-də səhər saat 10.00-da mən və tədbirin digər iştirakçıları Bakıdan Şirvana yola düşdük.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Ruhiyyə Poladovanın təşkilatçılığı ilə baş tutan bu tədbirə  DAMM-nin vitse prezidentləri – Lalə Həşimova və Ramil Məlikov, DAMM-ın Ekspertlər Şurasının sədri Nəzakət Əhmədova – Kərimova, DAMM İdarə Heyətinin üzvü Zəminə Muradova, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, şəhid İsrail Cəfərzadənin valideynləri, Şirvan və Hacıqabul şəhərlərindən şəhid anaları da gəlmişdilər.

Sığınacaqdakı uşaqların bizi qarşılamasından hiss olunurdu ki, bizim kimi qonaqlarla tez-tez qarşılaşırlar. Bu mənada, onlarla dialoqumuz da çox gözəl alındı. Qəlblərinə gedən yol isə bir idi: SEVGİ!

s

Uşaqlar üçün hazırlanmış  bayram şənliyindən öncə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra DAMM-ın birinci vitse-prezidenti Ruhiyyə Poladova, şəhid valideynləri çıxış etdilər. Onlar çıxışlarında Müzəffər Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi  doğum günü münasibəti ilə təbrik etdilər, Qarabağda qazandığımız möhtəşəm Zəfərə görə minnətdarlıq etdilər.

Çıxışçılar eyni zamanda, sığınacağın uşaqlarının qarşıdan gələn Yeni il bayramını da təbrik etdilər və daha sonra müğənni Ümüd Quliyevin təqdim etdiyi mahnılar, musiqi nömrələri ilə şənlik başladı.

Şənliyə uşaqların bayramını daha rəngarəng etmək üçün Şirvan şəhərində yerləşən “Narin” Dekor Evi tərəfindən Şaxta Baba da göndərilmişdi.

Uşaqların sevinci yerə-göyə sığmır, hətta Şaxta Babaya arzu və istəklərini, Yeni ildə ondan gözlədikləri hədiyyələri də söyləyirdilər - oğlanlar pultla idarə edilən maşın, qızlar isə gəlincik.

s

 ***

HAŞİYƏ: Qeyd edək ki, Şirvan şəhərində 2 ildir fəaliyyət göstərən  “Mərhəmət Evi" – Uşaq Sığınacağının rəhbəri İradə Polad, koordinatoru isə Ülviyyə Şahbazovadır. Sığınacaq dövlət dəstəyi olmadan fəaliyyət göstərir. Yalnız xeyirxah insanların yardımı ilə uşaqların gündəlik ehtiyacları, kommunal xərclər ödənilir. Sığınacağa əsasən ətraf rayonlardan olan yardıma ehtiyaclı uşaqlar yerləşdirilir.

Koordinator Ülviyyə Şahbazova bildirir ki, sığınacağa, hətta Bakı, Şəki, Gəncə, Tərtər və digər rayonlardan olan şəhid ailələri də gəlirlər. Ü.Şahbazova vurğulayır ki, Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun valideynləri də sığınacağı ziyarət ediblər.

yas-shirvan

“Bütün regionlardan bizə dəstək olurlar. Ümumilikdə 30 uşaq var idi. Onlardan bəziləri sosial xidmətlər, bəziləri polis orqanları tərəfindən bizə göndərilmişdi. Onları ya Lənkərandakı uşaq evinə, ya da Bakıya göndəririk. Sığınacağımız müvəqqəti yaşayış yeridir. Sığınacağa gətirilən uşaqlar arasında cinsi və məişət zorakılığına məruz qalan, insan alverinin qurbanı olanlar da olub, çətin tərbiyə olunan uşaqlar da... Valideynləri tərəfindən zorakılığa məruz qalan uşaqlarımız var ki, onlarla pedaqoq – psixoloq tərəfindən reabilitasiya işi aparılıb. Hal-hazırda vəziyyətləri yaxşıdır. Lənkərandakı uşaq evinə yerləşdirdiyimiz uşaqlarımızı da diqqətdən kənar qoymuruq - müntəzəm əlaqə saxlayırıq, vəziyyətləri ilə maraqlanırıq”, - Ü.Şahbazova deyir.

s

***

Söhbət zamanı öyrənirəm ki, sığınacaqdakı uşaqların çoxu bacı-qardaşdırlar. Uşaqların böyüyü 14, kiçikləri 3, 4 yaşlarındadır. Onların arasında bir ailənin 2, 3 övladı olanlar vardı. Yalnız bir uşağın bacısı və ya qardaşı yox idi. Uşaqların bura gəlib düşmə səbəbi isə müxtəlifdir... Lev Tolstoyun sözləri ilə desək, “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”. 

s

...Bu günü bu körpə, kimsəsiz balalarla keçirdiyimə görə çox sevinirəm, lakin günün sonunda onlardan ayrılmaq mənim üçün çox çətin oldu. Elə bir neçə saat ərzində bizə öyrəşmiş, doğma hiss etmiş uşaqlar üçün də... Balaca Rəşid isə heç qucağımdan düşmək istəmirdi - hər biri ay parçası, bir evin xoşbəxtliyi, sevinci olacaq sağlam, ağıllı uşaqlar. Ümid edirəm ki, bu körpə balalar bir gün öz ailələrinə, doğmalarına qovuşacaq və həyatda uğur qazanacaqlar.

s

s

***

P.S. Sığınacağın koordinatoru və uşaqların “mama” deyə müraciət etdiyi tərbiyəçilər sığınacağın ehtiyaclarından bəhs etməsələr də, insanların ianəsi – yardımı ilə fəaliyyət göstərən sığınacağın xeyirsevər insanların köməyinə, yardımına ehtiyacı var və bunu öz müşahidəmdən gördüm. Mətbəxdə bəzi qab-qacaqdan tutmuş qabyuyan maşınadək.

Və nəzərə alaq ki, hər ay sığınacaq heç də az olmayan məbləğdə kirayə pulu da ödəməlidir.

Hər halda, Şirvandan yolu keçən xeyirxah insanlar heç olmasa bir dəfə bu sığınacağın qapısını döysələr, Allaha da xoş gedər, elə valideyn istiliyindən məhrum olan körpə balalara da.

Bakı-Şirvan-Bakı

JASMİN

 

     

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN