Rusiyanın Mari El Respublikasında Avropa Mətbuat Federasiyasının üzvü, "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yolundan bəhs edən "Sonuncu əmr" kitabının  təqdimat mərasimi keçirilib.

Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə sözügedən qurumun əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız, Mari El Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndəsi Aleksandr Vasilyeviç, Mari El Respublikasının ictimai-siyasi mərkəzinin direktoru Eduard Vasilyeviç  və digər qonaqlar iştirak ediblər.

Mari El Respublikasının ictimai-siyasi mərkəzində Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

screenshot_20240614-185322_video-player

Tədbiri giriş sözü ilə açan Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni Muxtariyyətinin sədri Oqtay Hüseynov kitabın böyük mənəvi, bədii dəyərindən bəhs edib. Qeyd edib ki, əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" kitabı düşmən üzərində parlaq qələbəmizi əks etdirən ilk irihəcmli bu əsər şərəf tariximizi yazanların adını əbədiləşdirməyə xidmət etməklə bərabər, həm də qəlbimizdə fəxarət, sevinc, hüzn kimi hisslər doğurur, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti var: "Tədbir iştirakçılarına və qonaqlara məlumat üçün deyim ki, bu günlərdə rəhbəri olduğum Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin baş ofisində soydaşlarımızın iştirakı ilə "Sonuncu əmr" kitabının ictimai müzakirəsini keçirdik. Sanki Qarabağ hadisələrini yenidən yaşadıq. Şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun real faktlara əsaslanan bir çox uğurlu kəşfiyyat əməliyyatları bədii təsvir və ifadə vasitələrinin imkanlarından istifadə edilməklə əsər peşəkar səviyyədə qələmə alınmışdır. Əsəri oxuduqca, orada baş verən hadisələr göz önündə canlanır, igid oğullarımızın timsalında Orxan Əkbərovun qəhrəmanlığı, ailəsi ermənilər tərəfindən girov götürülərək vəhşicəsinə öldürülmüş Rəşadın ermənilərdən qisas almaq üçün necə qovrulduğu kino lenti kimi göz önündən keçir. Oxucu özünün xəbəri olmadan həmin hadisələrin içərisinə daxil olur və əsər boyu müəlliflə birgə, sanki qəhrəmanın taleyini yaşayır. Onu da diqqətə çatdırım ki, əsərdə Azərbaycanın 30 ildən çox müddətdə işğal altında qalmış torpaqlarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xüsusi qəhrəmanlıqla cəmi 44 günə düşməndən azad edilməsi, qəhrəman oğullarımızın necə qorxmaz və torpaq uğrunda özünü ölümə belə verərək igidlik göstərməsi ilə yanaşı, həm də Azərbaycan kəşfiyyatçılarının qəhrəmanlığı, Rəşadın timsalında düşməndən qisas almayana kimi yaşamaq haqqının olmadığı və s. oxucuya bədii təsvir və ifadə vasitələri ilə çatdırılır".

 img-20240606-wa0012

Tədbirə ev sahibliyi edən Mari El Respublikasının ictimai-siyasi mərkəzinin direktoru Eduard Vasilyeviç ölkələrində müxtəlif xalqların dostluq və qardaşlıq mühitində yaşadıqlarını yüksək qiymətləndirərək, bunun həmrəyliyə, sülhə xidmət etdiyini bildirib. Təqdimat iştirakçılarına uğurlar arzulayan E.Vasilyeviç təşəkkürünü belə ifadə edib: "Bilirəm ki, bu kitab Azərbaycanın İkinci Qarabağ savaşında qəhərəmanlıq göstərən bir insana həsr olunub. Bu təqdimatın bizim mərkəzdə keçirilməsi çox təqdirəlayiq haldır. Təqdimata həsr olunmuş tədbirimiz hesab edirəm ki, müvəffəqiyyətlə keçəcək. Bura gəldiyiniz üçün hər birinizə bir daha təşəkkür edirəm".

img-20240606-wa0014

Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Seyfəddin Rzayev kitabın bir çox müsbət xüsusiyyətlərindən danışıb. Qeyd edib ki, əsərdə ən vacib məqamlardan biri igid kəşfiyyatçılar "Qartal" və Rəşadın nümunəsində Azərbaycan döyüşçülərinin ermənilərdən qisası ləyaqətlə almağı bacarmaları, qeyri-insani hərəkətlərə yol verməmələri, qadın və qocalara, uşaqlara rəhm etməyi bacarmalarıdır: "Məsələn, əsərdə belə bir məqam var: İrandan gələn yük maşınları ermənilərin işğalı altında olan Qarabağ ərazilərində "metallom" yığmaqla məşğul olur. İki İran sürücüsü erməni Saraya yaxınlaşıb ona intim münasibət təklifləri edirlər. Bu zaman orada məcbur çalışdırılan əsir və girovluqda olan azərbaycanlılardan biri iranlı sürücünün nalayiq hərəkətinə dözmür və onu döyür... Ermənilər həmin azərbaycanlı əsiri alqışlayıb "Sən kişi adamsan, afərin!" deyərək ona minnətdarlıq edirlər. Əsərdə, eləcə də dünyanın rəsmi mətbuatında yayılmış və Zori Balayanın yazdığı, azərbaycanlılara Xocalıda, digər ərazilərdə necə işgəncələr verdikləri, insanlığa yaraşmayan vəhşiliklər törədikləri ermənilərin öz dilindən səsləndirilir".

Çıxışlarda o da vurğulanıb ki, kitabda diqqəti cəlb edən məqamlardan biri "Sonuncu əmr"də Azərbaycan Ordusunun dünyaya səs salan, düşməni kapitulyasiyaya məcbur edən qələbəsi bədii təsvir və ifadə vasitələrindən peşəkarlıqla istifadə olunmaqla müəllifin intellekti, yüksək yaradıcılıq potensialı, bədii imkanları ortaya qoymasıdır. Qeyd edilib ki, həmçinin sonda "Dağlıq Qarabağ Respublikası" adlı qondarma qurumun məhz onu yaratmış və uydurmuş separatçıların özləri tərəfindən buraxılması, hamısının həbs edilərək Azərbaycanın istintaq orqanlarına təhvil verilməsi, ən nəhayət, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə, eləcə də Xocalıda Azərbaycan bayrağının ucaldılması, 8 noyabr Qələbə Paradının isə Xankəndidə qəbul edilməsi rəsmi xroniki ardıcıllıqla verilib. Həmçinin, çıxışlarda  "Sonuncu əmr"in Azərbaycanın düşmən üzərindəki tarixi qələbəsini əks etdirən, Qarabağın uzun illər işğal altında qalan torpaqlarının tamamilə azad edilməsindən bəhs edən ilk bədii əsər kimi gələcək nəsillərə bu günümüzdən ötürülən bir tarixi dərs və ən qiymətli miras olduğu diqqətə çatdırılıb.

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN