Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtyarışa verilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumatda bildirilir ki, bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanın İrəvandakı “Noyan Tapan” agentliyinə və Ermənistan televiziyasına 2021-ci il iyunun 06-da müsahibə verərkən Kəlbəcər və Laçın rayonlarında təxminən 500-600 ha ərazini zəncirvari minaladıqlarını, bunun üçün 17 yük avtomobili həm tank, həm də piyada ələyhinə mina basdırdıqlarını etiraf etməsinə dair videogörüntülər yayılmışdır.
Bununla bağlı Baş Prokurorluqda araşdırma aparılmaqla “Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktoru, Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyanın şəxsiyyəti istintaqla araşdırılan digərləri ilə qabaqçadan əlbir olub cinayət əlaqəsinə girərək təxribat xarakterli fəaliyyəti yerinə yetirmək, Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətmək, insanları qəsdən həyatdan məhrum etmək məqsədilə Azərbaycan Respublikasının Laçın və Kəlbəcər rayonları ərazilərində 17 yük avtomobili tank və piyada ələyhinə minaların basdırmalarına şübhələr müəyyən edilmişdir.
Koryun Qumaşyanın minaların basdırılması ilə əlaqədar göstərdiyi məlumatların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməməsi və ya hər hansı rəsmi münasibət bildirilməməsi qeyd edilən faktların mövcud olmasına dəlalət edir.
Həmçinin, son zamanlar işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonları ərazilərində soydaşlarımızın tank və piyada ələyhinə minalara düşərək həlak olmaları və müxtəlif dərəcəli bədən xəsarətləri almaları bir daha göstərilən faktların həqiqətə uyğun olmasını təsdiq edir.
Yuxarıda göstərilənlərlə əlaqədar Gəncə hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, qeyd edilən əməllərə görə Koryun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, beynəlxalq axtarışa elan edilmişdir.