Hörmətli “Təzadlar”! Vüqar Səfərlinin həbsindən sonra aşkara çıxmış növbəti əməli barədə hazırladığım yazımı təqdim edirəm.

Xahiş edirəm yazı ilə tanış olasınız.

Arzuman,

araşdırmaçı jurnalist

...Jurnalistlərin binalarında bir fəhlə babanın başına gətirilənlər diqqətimizi bu günlərdə müalicə müəssisəsinə köçürülən Vüqar Səfərli mövzusuna qaytardı. Barəsində söz açacağımız mövzu peşəsi elektrik olan 65 yaşlı Bayram Qaraşovun başına gələnlərlə, daha doğrusu, başına gətirilənlərlə bağlı olacaq.

Bayram kişi 2013-cü ildə səriştəli elektrik kimi özünə iş axtararkən jurnalistlər üçün binaların tikintisini sifarişçisi olan KİVDF-nin (Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu - hazırda ləğv edilib) tabeliyindəki tikinti sektrunda tikintinin sənədləşməsi işinə cavabdeh olan Bünyamin İsmayılov Bayram kişiyə yeni yaradılan “Jurnalist evi” MMC-də iş təklif edir. Ona deyilir ki, yeni iş yerində istirahət və bayram günlərində dincələcək, maaşı da normal olacaq. Bayram kişi əvvəllər günəmuzd 15 manata işləsə də, sonradan maaşı aylıq 375 manat olaraq iki hissəyə bölünməklə ödənilib. Lakin burada onun işi isə təkcə elektriklikdən ibarət olmur. O, tez-tez sınan su xətlərini, dağılan divarları, düşən kafeli, partlayan boruları, həyətdəki abadlıq işlərini, hərdən bağban kimi ağaclara qulluğu da edir. Bayram kişi kompleksdə yaşayan sakinlərin də köməyində durur - kompleksdə yaşayan jurnalistlərin mənzillərində yaranan nasazlıq, qəzalar və ya digər problem olurdusa, nasazlığın aradan qaldırılması üçün sakinlər Bayram kişini axtarır.... Necə deyərlər, əsl zəhmətkeş baba kimi - səhər günəş çıxanda işə gəlib, axşam gün batandan sonra evinə dönür.

Bayram kişi 350-400 manat məvacibə işləsə də, işindən, üstünə düşən işin çoxluğundan narazı olsa da, onu danışdıranda deyir ki: “Ay bala, neyləyim, evimə çörək pulu aparıram, dedikləri işləri görməsəm, işdən çıxaracaqlar, yaşlı adamam, işsiz qalmaq istəmirəm”.

Ətrafında işləyən dost-tanış hamısı aylıq əmək haqqını kartla alsa da, Bayram kişidən soruşanda deyirdi ki: “Fonda hələ bu yenilik gəlib çıxmayıb. Biz müdirin əməkhaqqı tabelinə qol çəkib, maaşımızı nağd alırıq”. Təbii ki, bu qaydanı da müəyyən edən əslində, Fond rəhbəri Vüqar Səfərli idi. Sıravi işçi nəyəsə etiraz etsəydi, MMC direktoru Fondun rəhbərinə məruzə edəcəkdi. Onda da Qaraşovun günü olacaqdı qaradan da qara...

***

Bu minvalla Bayram kişi 2020-ci ilin aprel ayına qədər burada çalışır. Lakin 2020-ci ildə V.Səfərli işindən azad olunandan sonra xeyli mətləblər kimi, Bayram kişinin də iş və əməkhaqqı məsələsinə aydınlıq gəlir. Belə ki, V.Səfərli işdən azad olunandan sonra Fondun mühasibi ona işdən azad olunması ilə bağlı tez-tələsik ərizə yazdırır və 2020-ci ilin aprel ayında Qaraşov “öz xahişi ilə” işdən azad olunur.

Hadisələrin bu yerində xatırlayaq görək Fondda bu dövrdə nələr baş verirdi? Artıq işdən azad olunmuş KİVDF direktoru Vüqar Səfərli dövlət əmlakını talama ittihamı ilə istintaqa cəlb olunmuşdu. İstintaq zamanı onun və ətrafının “fəaliyyəti” haqqında ictimaiyyətdə geniş məlumat verilib. Lakin ... daha bir maraqlı epizodu ictimaiyyət hələ bilmir.

 Bu da V.Səfərlinin işçi B.Qaraşovun aylıq əmək haqqısını yağmalaması işidir. Belə ki, Fondda daxili yoxlama-təftiş nəticəsində o da məlum olur ki, sən demə,  “Jurnalist evi” MMC-də 2018-ci ildən texnik-elektrik işləməyə başlayanda V.Səfərli əmək kitabçasına qeyd etmədən Qaraşovla onunla digər əmək müqaviləsi də bağlamış, bu barədə müvafiq elektron bildiriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF sisteminə daxil edilərək də tikintiyə nəzarət qrupunun əməkdaşı kimi rəsmiləşdirilib. Bayram kişi, elektrik kimi işlədiyi müddətdə tikinti ilə bağlı digər işləri görsə də, gördüyü işlərlə bağlı rəsmi əlavə əmək haqqı ödənilməsindən isə xəbərsiz olub. Fondun tabeliyində olan “Jurnalist evi” MMC-də işlədiyi müddətdə, ancaq əməkhaqqı tabelinə imza atıb nağd məvacib alan Bayram kişi işsən azad olunandan sonra öyrənib ki, təkcə 2018-2020-ci illərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri 20 min manata yaxın olub. Bu gəlirdən vergi ödəyib-ödəmədiyindən isə xəbəri olmayıb. Yazıq Bayram kişi... Bunu öyrəndikdən sonra isə vəkil tutaraq, ötən illər ərzində ona çatmalı olan pulu Vüqar Səfərlidən geri istəyir. Məsələnin bu hissəsi aşkar olunanda, işçinin adına açılmış əməkhaqqı kartından pulu kimin çıxartması araşdırılıb. Və... bankomatların təhlükəsizlik kameralarında il ərzində müxtəlif vaxtlarda pullar çıxarılan zaman əks olunan video və şəkillərdən Vüqar Səfərlinin başı görünüb!

Sən demə, Bayram kişinin adına əlavə yazdığı aylıq maaşı, Vüqar Səfərli özü çəkib xərcləyirmiş...

***

Həmin ərəfədə V.Səfərliyə Bayram kişiyə verilməli olan əməkhaqqını könüllü qaytarmaq barədə ona bildirəndə V.Səfərli xahiş edib ki, məsələni istintaqa verməsin, kardan götürdüyü pulu bütövlükdə qaytaracaq. V.Səfərli həm istintaq dövründə həm həbs olunandan sonra möhlət istəyib və söz verib ki, Qaraşovun kartından çəkdiyi pulları yaxın vaxtlarda qaytaracaq. Bu “yaxın vaxt” isə olub iki ildən artıq...

***

Xatırladaq ki, ötən ilin dekabr ayında bu işdə cavabdeh olan Səfərli Vüqar Müzəffər oğluna Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan zaman məlum oldu ki, Fondun direktorunun bir neçə nəfər şəxslə qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18,5 milyon manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, cinayət yolu ilə əldə edilmiş 5,7 milyon manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. İstintaq bitəndən sonra, 2021-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsində 10 il 6 ay azadlıqdan məhrum edilmə cəzası alan Vüqar Səfərli ətrafda olan daşı, divarı, binaları, tikinti materiallarını yediyi bir yana, Bayram kişiyə verdiyi sözünü tutmayıb. Bu dəfə öz vəkili vasitəsi ilə deyib ki, “Bayram kişiyə 5 min manat verim, şikayət eləməsin”. Təbii ki, qarşı tərəf bunu qəbul etməyib və məhkəməyə müraciət edib.

Belə iştahası olan adamdan bir soruşarlar ki, a yoldaş, bu qədər oğurluq etdiyin halda, fəhlə babanı niyə yağmalayırdın? İndi də türmə qanunlarını əsas gətirib demək istəyirsən ki, 5 mindən artıq verməyəcəm? Təbii ki, verəcəksən... Çünki dövlətin qanunları da “türmənin qanunları” da bu məsələdə indi iddiaçının tərəfindədir.

P.S. Yazı hazırlan zaman öyrəndik ki, səhhətilə bağlı müalicə müəssisəsinə köçürülmüş Vüqar Səfərliyə qarşı iddiaya yaxın vaxtlarda Xətai Rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə baxılacaq. Bayram kişi ümid edir ki, hazırda məhkəmədə olan iddiası tezliklə təmin olunacaq və o qanunsuz mənimsənilmiş pulunu V.Səfərlidən nəhayət, alacaq. Çünki Bayram kişi həmin puldan DSMF-yə vergi borcunu ödəməlidir. Ödəməsə, cərimə ödənəməli olacaq. Ən pis halda isə, DSMF onu məhkəməyə verə bilər...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN