YAXUD ONLARA DİLƏNMƏK ÜÇÜN KİMLƏR ŞƏRAİT YARADIR?..

Təqribən üç il əvvəlin söhbətidir. Sədərəkdəki “Meyvəli bazar”ın yerləşdiyi ərazidən keçirik. Uzaqdan bir nəfərin yayın qızmarında yolun ortasında dayanaraq, diləndiyini görürük. Boynundan asılmış “kenquru”da (uşaqları gəzdirmək üçün çanta) balaca bir uşaq çabalayırdı. Yaxınlaşanda dilənçinin  60 yaşlarında qadın olduğunun fərqində oluram, cünki geyimindən anlamaq olmurdu… “Kenquru”da hardasa yaşyarımlıq oğlan uşağı asılmış vəziyyətdə canını qurtarmaq üçün var gücü ilə müqavimət göstərirdi və darısqal yerdən sürüşüb düşmək istəyirdi. Maşını saxlatdırıb yerə enirəm, dilənən qadının körpə uşağa niyə əzab verdiyini və kimin usagı olduğunu soruşuram. Aramızda xoşagəlməz dialoq yaşanır…

***

…Uşağın görüntüsündən o qədər təsirlənirəm ki, yolboyu göz yaşlarımı saxlaya bilmirəm. Şübhə ürəyimi yeyir – görəsən, kimin uşağıdır, bəlkə oğurlayıb, bəlkə kimsə itmiş övladını axtarır… Bu yaşda dilənçi qadının uşağın anası olmadığını düşünürəm. Həm də fikirləşirəm ki, heç bir ana övladına o cür əziyyət verə bilməz…

 Yol yoldaşımla fikirlərimizi bölüşürük və polisə zəng etməyi qərara alırıq. Göz yaşları içində, polisin 102 xidmətinə zəng vururam. Bir qadın əməkdaşla danışıram. O qadının həmin uşağın anası ola biləcəyinin mümkün olmadığını, dilənmək üçün o uşaqdan istifadə etdiyini söyləyirəm və bildirirəm ki, polis əməkdaşları usagın taleyi ilə maraqlansınlar. Gördüyüm mənzərənin təsiri altında olduğumu emosional danışığımdan hiss edən xanım məni sakitləşdirir və əmin edir ki, əraziyə polis göndərib məsələni araşdıracaqlar. Az keçmir ki, ərazi üzrə hansısa məsul polis əməkdaşı bizimlə əlaqə saxlayır və mütləq uşağın taleyi ilə maraqlanacaqlarını bildirir. Mən onlara inanıb və güvənərək rahatlanıram, amma uzun müddət həmin mənzərənin təsirindən çıxa bilmirəm…  

***

…Üstündən uzun bir müddət keçir. Yayın cırhacır vaxtıdır, göydən od ələnir. Yenə yolum həmin ərazidən keçir. Hündürboylu, üstü didilib cırılmış  “balonka” gödəkçə geyinmiş bir qadın qucagında 2-3 yaşlarında oğlan usağı ilə yolun ortasında dayanaraq,  dilənir. Uşaq əlləri ilə üzünü örtüb ozünü istidən qorumağa çalışır. Həmin ərazi maşınların sıx və  sürətlə şütüdüyü bir yerdir. İsti və quru havada maşınların təkəri altındana qalxan qumlu torpaq havada  toz dumanı yaradır. İstidən günün altında 5 dəqiqə dayanmaq mümkün deyil.

Əynindəki  geyimindən həm ağlı yürində olmayana, həm də “bomj”a bənzəyir, uşaq isə əksinə normal geyimdəydi.  Yaxınlaşanda onu tanıyıram  - barəsində ilyarım əvvəl polisə zəng edib, xəbər verdiyim qadındır…  Uşağın istidən pörtüb yanmış üzünə baxıram,  bu istidə niyə uşağa əzab verdiyini və yenidən usagın kimə məxsus olduğunu soruşuram?.. Söhbətin heç bir faydası olmur.

 Qadının şəklini çəkirəm və yenə polisə zəng edirəm. Körpə uşağın dilənçiliyə cəlb edilməsindən, bu uşağın anası olmasından, bəlkə də oğurluq uşaq olmasından şübhələndiyimi təkrarən deyirəm... Mənə qulaq asan şəxs, sual verərək “uşaq oğurluqdurmu”, - deyə təsdiqləməmi istəyir. Mənsə təkrar edirəm ki, mən o yaşda bir qadının 2 - 3 yaşda usağının ola bilməsindən şübhələnirəm. Həm də körpə usagın, azyaşlının, ümumiyyətlə, dilənçiliyə cəlb edilməsinin qanunla qadağan olmasını bildirirəm, öz uşağı oldu və ya olmadı! Uşaq haqları dövlətimiz tərəfindən qorunur və biz, bu cəmiyyətdə yaşayırıqsa, ətrafımızda baş verənlərə laqeyd yanaşmamalıyıq.

Qısa haşiyəyə çıxım: Xatırlayırsınızsa, bir neçə il öncə Sabunçu ərazisində 4 yaşlı Zəhra Masallı rayon sakini Tərgül Nəzərova tərəfindən oğurlanaraq, dilənçiliyə cəlb olunmuşdu.Və bir müddət sonra polis əməkdaşları tərəfindən tapılaraq, ailəsinə təhvil verilmişdi…

***

 

…Bir müddət sonra telefonundan zəng etdiyim həmkarımın nömrəsinə zəng gəlir və zəng edən məni hədələyərək (şikayətçi kimi mənim adım qeyd edilimişdi) bildirir ki, guya, mənim dediklərim (yəni araşdırmaqlarını istədiyim məsələ - uşağın o qadına məxsus olub- olmadığı) “uşağın oğurluq olması” təsdiqini tapmazsa, mən cinayət məsuliyyəti daşıyacayam və buna görə (guya yalan məlumat vermə) qanun qarşısında cavab verəcəyəm… Əraziyə cavabdeh olan həmin şəxs (?) necə deyərlər, öz ağlınca bizə “xox” gəlirdi… Görünür ki, bizim zəngimiz, çəkdiyimiz foto və video ilə həmin qadınla maraqlanmağımız  bu adama” baş ağrısı” gətirirdi…

 Təsəvvür edin, istənilən şəxs ətrafında hər hansı xoşagəlməz hadisənin şahidi olursa və buna görə əlaqədar quruma zəng vuraraq narahatlığını, şübhələrini dilə gətirirsə, belə çıxır ki, həmin şəxs təhdid olunacaq?.. Və yaxud, iki nəfər dalaşır, birinin əlində soyuq silah var – hadisənin şahidi polisə zəng vurub “tez gəlin, burda adam öldürürlər” deyirsə və polis gələndə həmin şəxsin digərini öldürmədiyi üçün hadisə barədə xəbər verənə “ bu adam öldürülməyib, yalan məlumat vermisiz, cinayət məsuliyyəti daşıyırsınız ”, - deməlidir?..

Elə bəzi belə üzdəniraqların bu cür yanaşmasına  görədir ki, insanlar “xətanı özümdən uzaq edim” deyərək, bir çox hadisələri görməzdən gəlirlər, məlumat verib “ağrımayan başlarına dəsmal bağlamırlar”…   Və belələri, bu şərəfli peşəyə xələl gətirirlər…

***

  Bu hadisənin üstündən, təxminən 1 il də keçir.  İnanılmazdır… Rayondan Bakıya dönərkən təsadüfən həmin ərazidən keçirəm. Yenə həmin qadın, yenə həmin uşaq! Artıq uşaq böyüyüb, yanında oynayır. Yenə şəklini çəkirəm. Yolda ərazi üzrə polisə zəng edib, deyirik ki, “bizə o vaxt bu nömrədən zəng edən həmkarınıza deyin ki, araşdırma apardığı o qadın, yenə həmin yerdədir. Yenə də usaqdan istifadə edərək, insanların rəhmini qazanmağa çalışır, usagı gələcəyin dilənçisinə çevirir...”.

…Fikirləşirəm ki, o qadınla bağlı hansı araşdırma aparıldı, uşaq kimin idi, axı bütün günü orada – eyni ərazidə uşaqla diləndiyinin çoxları şahididir, o cümlədən həmin ərazidəki qanun keşikçiləri də… Necə ola bilər ki, bu qadın heç bir kəsdən çəkinmir, rahatlıqla eyni ərazidə dilənməyi bəs deyilmiş kimi, körpə usagı da gətirir – qohumluq bağının olmasından asılı olmayaraq… O qadın artıq bizim maşını da tanıyır, məni də… Hər dəfə onu görəndə şəklini çəkmişik. Bizi görən kimi “əhatə dairəsini” dəyişməyə çalışır. Son dəfə görəndə, əraziyə tək gəlmişdi dilənməyə, bilmirəm, uşaq xəstələnmişdi, yoxsa bizdən canını qurtarmağın yolunu bunda görürüdü…

 Hər bir halda, dilənçiliyə öyrəşdirilən uşaq nə təhsilə cəlb ediləcək, nə vətəninə xeyirli övlad olacaq, nə də düzgün əxlaq və tərbiyə sahibi. Belələri sabahın oğrüsu, qulduru, dilənçisi, narkomanıdı… Və biz belə halların qarşısını almadıqca, başdansovdu yanaşdıqca, vətəndaş məsuliyyəti daşımaqdan yayındıqca, görməzdən gəldikcə  (və ya vəzifə məsuliyyətimizi dərk etmədikcə), deməli cəmiyyətimiz üçün bir gün partlayacaq “bomba” hazırlayırıq və bu, bumeranq kimi bir gün özümüzə qayıdacaq…

***

… Bu günlərdə paytaxtın bazarlarından birindəydim. İnsanların sıx toplaşdığı, şıdırğı alış-veriş etdiyi nöqtədə bir kişinin əlil arabasında diləndiyini görürəm: bir gözü qızarıb və arabir həmin gözünü yuxarı qaldırır. Ona yazığım gəlir, qarşısındakı qutuya pul qoyub, kənara çəkilirəm. Bir qədər sonra siqareti tüstülətməyə və bayaq “əyilmiş” gözü ilə qutudakı pula baxmağa başlayır. Qutuda pul yox dərəcəsindədir… Bilmirəm, ya “bazarı” yaxşı gətirməyib, ya da pul çoxaldıqca pulqabısına qoyur… Arxa tərəfinə keçirəm, adamın hər iki ayağı yerində - əlləri yerində. Artıq fikirləşirəm ki, bu adam bəlkə də yeriyə bilir, sadəcə, bir gözündə nəsə problem var…Həm də əlil arabasına möhtac olan şəxsə dövlət tərəfindən mütləq pensiya-müavinət verilir.

 

Əvvəllər dilənçiliklə məşğul olan şəxsləri, əsasən qaraçıları “15 sutkalıq” deyilən, müvəqqəti saxlama yerinə yığıb gətirərdilər və onlar orada bir neçə gün “dincəldikdən” sonra  yaşadıqları rayona göndərilərdi… Paytaxtda  dilənçiliklə arabir bu sayaq mübarizə aparılır… Lakin dilənçilərin tək fəaliyyət göstərmədiyi, bir çoxunun konkret şəxslər tərəfindən bu “peşəyə” cəlb olunduğu, həmin şəxslərin “krışalıq ” etdiyi və buna görə də onlara “gözün üstə qaşın var” deyən olmadığı söylənilir.

Elə 8- ci km bazarında şahidi olduğum hadisə də: bəllidir ki, əlil arabasında dilənmək istəyən şəxs ora “göydən zənbillə” düşməyib. Kim isə onu maşınla ora gətirib qoyub və kənardan da ola bilsin izləyir. Ya da elə özü ora gəlib və… Və bazara nəzarəti həyata keçirənlər də onu görməzdən gəlir, dilənməsinə, həm də dilənçiliyə şərait yaradır…

Dilənçiliyə şərait yaradılmasa (doğrudan da çıxılmaz vəziyyətdə olanlar hər hansı işlə təmin edilsə), işləmək istəməyib rahat qazanc əldə etmək istəyənlər dilənməyə imkan verilmədiyini görsələr, dilənçiliyin də kökü kəsilər. Yetər ki, onlar bilə ki, dilənmək olmaz, yaşamaq üçün zəhmət çəkib çalışmaq lazımdır. Onların bunu anlaması üçün isə ən vacibi -   dilənçilərə şərait yaradanlar və arxa duran “gözəgörünməzlər” ifşa edilməlidir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN