Kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən şəbəkə üzvləri məsuliyyətə cəlb ediliblər
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. "Təzadlar" birgə məlumatı təqdim edir: "Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılmışdır.
Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşlar.
Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilmişlər. Cinayət işi üzrə araşdırmalar davam edir.
Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***
Xatırladaq ki, TEZADLAR.AZ Mənzil İnşaat Dövlət Agentliyi Yasamal rayonunda satışa çıxarılan həmin mənzillərin aqibəti ilə bağlı
"MƏNZİL İNŞAAT DÖVLƏT AGENTLİYİNƏ SOSİAL ETİRAZLAR- NƏ BAŞ VERİR?" yazı dərc etmişdi, həmçinin bu problemlə əlaqəli digər yazılar.
Yazıdan kiçik bir sitat:
"Bu gün Mənzil İnşaat Dövlət Agentliyi Yasamal rayonunda 2-ci dəfə mənzillərin satışına saat 11:00-da start verdi...
Amma sosial platforma üzərində narazıların sayı yüzlərlədir. Budur, sosial platforma istifadəçilərindən Bəxtiyar Firuzənin statusu: "...Ev almaq istəyən şəxslərin hardasa 90%-i proqramçılara müraciət etmişdi. Amma ala bilmədilər. Çünki 500-dək ev 4-5 saniyəyə satıldı. Onlayn formada bir insanın fiziki olaraq bunu bacarması mümkündürmü? Keçən dəfə satış başlayan kimi guya ki, saytları çökdü. Açılanda bütün mənzillər satılmışdı. Evsizlər yenə evsiz qaldı. Evi olanların başqa bir evi də oldu".
Həmçinin yazıda qeyd edilirdi ki, "MİDA rəhbərliyi bu məsələni ciddi araşdırmalıdır".
...Və sonda fırıldaqçılar ifşa edildi.
JASMİN