Elşad Quliyev: “Cənab general, dindar deyiləm, Ramazan bayramı günü hamı kimi, mən də məscidə gedib Allahdan 44 günlük Zəfər müharibəsində  şəhid olmuş igidlərimizin ruhuna dualar etdim, Ali Baş Komandan, Prezident İlham Əliyevə uzun ömür, cansağlığı arzuladım, amma...”

“Təzadlar” qəzetinin əməkdaşı Elşad Quliyev inanılmaz vəziyyətlə qarşılaşıb. O, Ramazan bayramı günü iş yeri olan “Azərbaycan” nəşriyyatının qarşısındakı məscidə bayram namazına gəlib. Hamı kimi, o da avtomobilini ardıcıllıqla ara küçədə saxlayıb. Allah dua edib insanlara insaf, mərhəmət diləyəndən az keçmiş məlum olub ki, DYP əməkdaşları bilə-bilə ki, bu avtomobillər Allaha pənah gətirənlərindir, fərq etməyib, cərimə yazıb. Halbuki, hər cümə namazı vaxtı da burada avtomobil sıxlığı olur. Yol polisinin əməkdaşları həmişə tıxac yaranmasın deyə hərəkəti nizamlayırlar. Bəs Allaha dua edilən bir məqamda dua edib namaz qılana cərimə yazmaq Allaha xoş gedən hərəkətdirmi?

Beləliklə, əməkdaşımızın Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılova ünvanladığı şikayət ərizəsində deyilir:

“Çox hörmətli cənab general!

Mən-Bakı şəhəri Suraxanı rayonu Qum Adasında yaşayan Quliyev Elşad Fərman oğlu, bildirirəm ki, rəsmi bayram günü kimi qeyd edilən Müqəddəs Ramazan bayramı münasibətilə mayın 2-də, saat 07:58 radələrində iş yerimin qarşısındakı (Yasamalda) İlahiyyat məscidində bayram namazı qılmağa getmişdim. Həmin vaxt avtomobilimi məscidin yan tərəfində (Ünvan:  Bakı, Mirəli Seyidov, 10 a,) - digər avtomobillərin kütləvi park edildiyi yerdə saxlayıb, namaz qılmaga getdim. Təxminən 2 saatdan sonra mənə İXM maddəsi: 346.1. Dayanma qaydalarını pozmaga ğörə EQ 9740108 protokol üzrə cərimə gəldi.

Hörmətli Əkbər müəllim!

Mən dindar deyiləm, bütün müsəlmanlar kimi mən də məscidə gedərək bayram namazında Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq, ruzi bərəkət dilədim, 44 günlük müharibə ilə 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş  Qarabağı azad edən, işğal olunmuş torpaqların azadlığı uğrunda canını qurban verən şəhidlərimizin ruhuna dualar etdim. Eyni zamanda, döyüş meydanında düşmənə sarsıdıcı zərbə vuran ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevə uzun ömür, cansağlığı arzuladım.

 Lakin sonradan bildim ki, DYP əməkdaşları məscidin həndəvərində cərimə ovuna çıxıb. Axı onlar bilirdilər ki, buraya 10-15 dəqiqəyə gələnlər Allah dua edib xalqımıza firavanlıq arzulayırlar. Göründüyü kimi, mənim istək və hərəkətlərimlə polisin hərəkəti bir araya gəldikdə ziddiyyət yaradır. Və bu qəribə, gözlənilməz hala aydınlıq gətirilməsi isə, hesab edirəm ki, sizin üzərinizə düşür.

Odur ki, bu məsələyə münasibər bildirməyinizi və müvafiq tədbir görməyinizi xahiş edirəm”.

Hesab edirik ki, həmişə yaxşı işini təbliğ etdiyimiz Yol Polisinin əməkdaşları belə müqəddəs günlərdə fürsətdən sui-istifadə edib belə hallara yol verməməlidirlər. Əməkdaşımızı məscidə şəhidlərimizin ruhuna (onun 3 yaxın qohumu şəhid olub) dua etmək arzusu aparıb. İndi o, bu arzusunun cəriməsini daşımalıdırmı? Yəni, belə günlərdə hər bir hərəkətə həssas yanaşmaq Allaha da xoş gedəndir.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN