Xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələri arasında həmvətənlərimizdən San-Fransiskoda musiqi festivalının direktoru, ABŞ-da yaşayan kamança üzrə virtuoz ifaçı İmamyar Həsənov da var.

 İmamyar yaradıcılığı ilə vətəninin bütün bayramlarına, əlamətdar günlərinə həssaslıqla yanaşır, ürəkdən gələn kompozisiyalar yaradıb ifa edir, mədəni irsimizi layiqincə təbliğ edir. Onun Azərbaycan xalq mahnılarını solo ifası zərif virtuozluğu və ifa səmimiliyi ilə dərhal pərəstişkarlarını tapır.

***

 İmamyar Həsənov Bakının Mərdəkan qəsəbəsində doğulub boya-başa çatıb, burada 17 nömrəli musiqi məktəbində oxuyub, əvvəlcə Asəf Zeynallı adına Musiqi Texnikumunda, sonra isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ixtisasını təkmilləşdirib. Müəllimləri tanınmış kamança ustaları Mütəllim Novruzov, Xalq artisti, BMA-nın professoru Arif Əsədullayev və Xalq artisti Ağa Cəbrayıl Abasəliyev olub.

 Taleyin hökmü ilə 2000-ci ildə İmamyar özünü kamança ifaçısı kimi göstərmək üçün və milli Azərbaycan simli alətinin ən zəngin imkanlarını okeanın o tayında nümayiş etdirmək, tanınmış musiqiçilərlə səhnəni bölüşmək üçün ABŞ-a köçür. Ona görə də onun konsertləri Azərbaycandan kənarda baş tutur.

 Musiqiçi vətəndə və ondan kənarda həyat və yaradıcılıq arasında ciddi fərq olduğunu hesab edir və buna misal olaraq deyir: «Siz öz vətəninizdə əcnəbi bəstəkarın əsərini ifa etməklə ictimaiyyətin marağına səbəb olursunuz. Başqa ölkədə yaşayıb konsert verəndə, Azərbaycanın milli musiqisini əcnəbilər arasında yayanda və bunu vətənpərvərlik borcu biləndə Azərbaycan musiqisi repertuarın prioritetinə çevrilir».

***

…İmamyar 2012-ci ildən karyerasını Ümumdünya San-Fransisko  Festivalında musiqi direktoru kimi davam etdirir. Bu, əsas məqsədi dünyanın müxtəlif ölkələrindən milli musiqiçiləri Amerika universitetlərinə dəvət edib yerli tələbələrə milli musiqini öyrətmək olan World Classes layihəsindən başlayıb.

 İ.Həsənov San-Fransiskoda bir neçə orta məktəbdə Azərbaycan musiqisindən dərs deyir, eyni zamanda fəal beynəlxalq konsert fəaliyyəti ilə məşğuldur. Xalq artisti Çingiz Sadıxovla birlikdə “My Endless Love”, sonra Undiscovered Treasure Kamancha of Azerbaijan, Hayran və Shams, Sound of My Soul və Passage to Dawn, Then,  Bozlak (Segah) Chargah və s. CD-albomlarını buraxıb.

Bu gün İmamyar Həsənov redaksiyamızın qonağıdır və sözsüz ki, söhbətimizi işğaldan azad edilmiş Şuşada bu yaxınlarda başa çatmış Dünya Azərbaycanlılarının Qələbə Qurultayından başlayırıq, onun təəssüratları soydaşlarımızın qəlbini hələ çox isidəcək:

–Qurultay və  prezidentin çıxışından doğan təəssüratlar, sizə verilən mükafat və Şuşa haqqında fikirləriniz, hissləriniz…

– İlk növbədə «Tərəqqi» medalına layiq görüldüyüm üçün, Dövlət başçımıza və bu işdə zəhməti keçən bütün qurumlara səmimi təşəkkürümü bildirirəm. Qurultay, cənab Prezident öz çıxışında vurğuladığı ki, «…Diaspora üzüvlərinin fəaliyyəti çox önəmlidir, çünki sizlər yaşadığınız ölkələrdə qonaq deyil, oranın da vətəndaşlarısınız, bu isə sizlərə daha böyük imkanlar yaradır ki, Azərbaycanımızın səsini onların düzgün düşünüb, anlayacağı şəkildə çatdırasınız». Mən də bu deyilən fikirləri dəstəkləyirəm. Lakin bu cür önəmli işdə məhdud imkanlarımızı nəzərə alaraq, gücümüzə güc qatmaq məqsədi ilə, dövlət qurumları, diaspora təşkilatı ilə yaxından, sıx fəalyət göstərməliyik.

 22 il ABŞ-da fəaliyyətim zamanı Azərbaycan milli və klassik musiqisinin təmsili ilə məşğul olmağa çalışmışam. Bu illərdə ölkəmiz tərəfindən də dəstəyə çox ehtiyacım olub. Düşünürəm bundan sonra fəaliyyətimə qarşı göstərilən diqqət, mənim təmsil, təbliğat imkanlarımı daha da sürətli şəkildə artıracaq.

 Qurultayın məhz Şuşada keçirilməsi və mənim də oraya dəvət olunmağım, məni çox sevindirdi. Şuşa  mədəniyyətimizin ocağı olduğu kimi, bir sənət adamı olaraq orada iştirak etmək mənim üçün böyük şərəf oldu. Şuşanın küçələrini gəzərkən, işğal nəticəsində milli xəzinəmiz olan abidələrimizin dağılmasını görmək məni çox üzdü. Lakin üzərimə düşən məhsuliyət mənə yeni-yeni layihələrimin açarını verdi. Çox qısa bir zamanda dünyanın fərqli ölkələrindən olan dinləyicilərimə bu acı həqiqətləri sənət yaradıcılığımla təqdim edəcəyimə start verdim. Fürsətdən istifadə edib, Diasporaya Dəstək Fondunun rəhbərliyinə və işçi heyyətinə bu önəmli işdə göstərəcəkləri dəstəklərinə görə, əvvəlcədən minnətdarlığımı bildirirəm…

-Dərs dediyiniz Stenford Universitetində necə olur ki, tələbələr, xüsusən, xaricilər kamanca alətini seçirlər?

-Stanford Universitetində dərslərim musiqi departmentində olur. Lakin bu dərslərim yalnız kamança alətini öyrənmək istəyənlər üçün nəzərdə tutulmayıb, dərslərə başqa departmentlərdən də tələbə və müəllimlər qatılırlar. Tələbələrimin içində kamança alətində ifa edənlər çox deyil. Onlar bu aləti öyrənmək üçün çox vaxt sərf etməlidirlər. Onların əsas peşələri buna imkan vermir. Elə bu səbəbdən də mənim məqsədim onlara kamança alətini öyrətmək deyil, əvəzində özlərinin peşəkar çaldqları alətlərdə (piano, skripka, klarnet, gitara, fleyta və ritim alətləri) Azərbaycanımızın milli, folklor və klassik musiqilərini öyrətməkdir. 

– Sizin tələbələr arasında bu alətdə ifanı özlərinə peşə seçib, konsertdə ifa edib, dərs də verənlər varmı? Əgər varsa, onlar Azərbaycan musiqisini ifa edirlərmi?

– Bəli, çox sevindirici haldır ki, belə tələbələrim var və mən onlarla qürur duyuram. Tomoko Maruono əslən Yaponiyadandır və artıq 8 ildir ki, mən ona kamança ifaçılığı ilə yanaşı pedaqoji fəaliyətinin də xüsusi və əsas sirrlərini öyrədirəm. Tomoko artıq Yaponiyada yerləşən Azərbaycan, İran və Türkiyə səfirliklərinin xoşməramlı sənətçisi olaraq, onların tədbirlərində, Azərbaycan kamançası ilə bu ölkələrin musiqilərindən ibarət repertuarla çıxış edərək, Azərbaycanımız naminə dinləyici alqışlarına da nail olub. Onun Tokio şəhərində kamança ixtisasından tələbəsi də var.

Bir başqa tələbəm isə, əslən Yəhudi olan Amerika vətəndaşı Raquy Danzigerdir. Raquy artıq 6 ildən çoxdur ki, mənimlə kamançanın sirrləri ilə əlaqədar, Azərbaycan milli və klassik musiqisindən ibarət, konsert repertuarlarını öyrənir. O, indiyə kimi Amerika, Almaniya, İsrail, Yunanstan, Özbəkstan və Türkiyədə konsert programları ilə əcnəbi dinləyicilərə Azərbaycan musiqisini bəxş edib.  

– Məktəbdə, kollecdə və konservatoriyada sizin bir neçə müəlliminiz olub. Onların hər birinin tədris üsulu və ifa məktəbi vardı. Onlar bir-birindən nə ilə fərqlənirdi və ya üstünlükləri nə idi?

– Ümumiyyətlə, sənət aləmində müəllimlərin rolu çox mühümdür. Tələbə olduğum illərdə müəllimlərim çox olub. Onların bəzilərindən şəxsən dərs alaraq öyrənmişəm, bəzilərindən isə, şəxsən dərs almayaraq bəhrələnmişəm. Sizin sualınıza əsaslı cavab vermək üçün öz pedaqoji fəaliyyətimi müəllimlərimin pedaqoji fəaliyyəti ilə müqaisə etmək istərdim. Azərbaycanda kamança öyrənərkən bütün müəllimlər, dərs verdikləri məktəblərin proqramlarına uyğun kitab və dərsliklərdən istifadə edərək kamançanı tələbələrə öyrədirlər. Mən də Azərbaycanda yaşadığım illərdə təhsilimi belə almışam. Lakin Amerikada yaşayarkən, ilk günlərimdən bir diaspora nümayəndəsi olaraq bu metodun Azərbaycandan kənar ölkələr üçün əlverişli olmadığını hiss etdim. Bu səbəbdən pedaqoji fəaliyyətimi xaricdə yaşayıb-yaradan Azərbaycanlı Diaspora nümayəndəsi kimi formalaşdırmağa qərar verdim. Çox sevindirici haldır ki, bu illər ərzində yetişdirdiyim hər bir əcnəbi tələbəm bu «yol xəritəsi»nə xidmət etmiş olub. 

– Konsertlərdə hansı musiqiçilərə üstünlük verir, bir səhnəni bölüşürsüz? Bəlkə sizinçün solo ifa daha məqsədəuyğundur?

-Çox gözəl və zəmanəmiz üçün aktual sualdır. Ümumiyyətlə, konsert proqramlarım üçün repertuarlarımı hazırlayarkən ilk növbədə dinləyicilərimə Azərbaycan musiqisini və kamançasını, Azərbaycanlı ifacının onları milli dəyərlər üzərindən necə təmsil və təbliq edəcəyini düşünürəm və bu baxış rakusundan da məşqlərimə başlayıram. Diaspora məsuliyyətini hiss edərək, əcnəbilərlə sintez (simfonik orkestr, ansambıl, kvartet, trio, duet) ifalarına üstünlük verirəm. Burada hədəfim ifa nəticəsində onların qəlbində bir Azərbaycan sevgisi yaratmaqdır. Bu olduğu halda isə onlar rəsmən tanıdıqları və ya heç tanımadıqları bir xalqın mədəni xəzinəsi olan incilərini kəşf etmiş olurlar.

 İnstrumental musiqilər sözsüz olduqları üçün, repertuarımda olan bütün əsərlərə xarakter verərək, onlardan bir hekayə hazırlayaraq ifa etməyə çalışıram. Solo (tək kamança, müşayətsiz) ifa etmək isə ən çox sevdiyim formatdır. Bu həm çətindir, həm də çox maraqlıdır. Çətindir ona görə ki, öncə vurğuladığım dəyərlərə sadiq qalaraq, monotonik (bir səsli) musiqini, ritmsiz və harmoniyasız ifa etmək məcburiyətində olduğun halda, elə ifa etməlisən ki, dinləyicilər onların yoxluğunu hiss etməsinlər. Maraqlıdır ona görə ki, bu proses zamanı kamançanın yeni-yeni ifa tərzlərini kəşf edərək, ona bir ifaçı olaraq inkişaf yolunda bələdçi olursan. Əgər dinləyiçi hər hansı bir əsəri eşidərkən onun fikrndə ifaçı ilə alət vəhdət təşkil edərək canlanırsa, demək həmən ifaçı öz yaradıcılığında həmin əsərə öz möhürünü vurmuş olub. Belə hallar çoxaldıqca, ifaçının özünə məxsus ifa tərzi yaranır. Çalışıram səhnəni  öz ifa etdiyi alətdə peşəkar olub, musiqi dünyası və fikirləri sərhədsiz olan sənətçilərlə bölüşüm.

– Rəhmətlik Çingiz Sadıqovla olan konserti və birgə məşqlərdən bir az danışın, mümkünsə…

– Çox sevimli pianoçumuz Çingiz müəllimi mən  uşaq yaşlarımdan tanıyırdım. 2005-ci ildə isə San Fransisko Dünya Musiqi Festivalında eyni səhnəni bölüşərək yaxından tanış oldum. O vaxtlar Çingiz müəllim Kaliforniya ştatının San Fransisko şəhərində, mən isə Virginia ştatının Herndon şəhərində yaşıyırdım. 5 günlük festival bitdikdən sonra mən Çingiz müəllimə Azərbaycan musiqi incilərindən ibarət bir CD albom yazdırmağı təklif etdim. O da çox məmnuniyyətlə təklifimi qəbul etdi. Amma müxtəlif ştatlarda yaşamağımız səbəbindən bu layihəmizin təməli mən həmin festivala musiqi direktoru vəzifəsinə təyin olunduğumdan sonra qoyuldu. Bizim mütəmadi məşqlərimiz Çingiz müəllimin evində olurdu. Bu məşqlər zamanı o, mənə keçdiyi sənət yolunda əldə etdiyi nailiyyət və təcrübələrindən danışırdı. O gözəl anlar bir sənətçi olaraq, mənim də hayatımda öz izlərini qoydu. Çingiz Sadıqov kimi karifey sənətkarın məni müşayət etməsi, mənim üçün böyük şərəf oldu. O, 25 yaşında olarkən ilk dəfə professor Bülbülü müşayət edərkən, müşayiətçi koriyerasına qərar verib. Sonralar isə bir çox vokalist və müğənniləri müşayət etmişdir. Onların sırasında Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev, Lütviyar İmanov, Fidan və Xuraman Qasımovalar və sairlərin adları vardır. 86 yaşında isə məni müşayət etdi… Fəxr edirəm ki, Amerikada Azərbaycanımı sərhəd tanımayan musiqimizlə təmsil edirəm…

Afət İSLAM,

"Bakinskiy raboçiy" qəzetinin şöbə müdiri

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN