(Sənədli hekayə-pamflet)
Ulu öndər Heydər Əliyevə ithaf edirəm.
Məmləkətin vəziyyəti çox qarışmışdı. Kommunistlər hakimiyyəti idarə eləyə bilmədiklərindən, Sovetlər ölkəsinin qırmızı terror olduğu ortaya çıxdığından, özlərini xalqın tərəfində olan kimi göstərən bəylər hakimiyyətə can atır və xalqa vədlər verirdilər.
Amma bu bəylərin arasına xarici kəşfiyyat tərəfindən təhlükəsizlik komitəsinin bəzi adamları və zatıqırıqlar yerləşdirildiyindən və xarici ölkələrdən lazım olan qədər pullar alındığından, çox yaxşı maskalanmış və xalqın ürəyinə yatan, beyninə təsir edən sözlər verməklə, küçələrdə, meydanlarda gur səslə qışqırırdılar. Bu yolla onlar xalqı aldadaraq, çaş-baş qoymuşdular... Hətta bu adamlar sadə, kasıb xalqı inandırırdılar ki, Sovetlərdən qalma zavodları, fabrikləri söksünlər, kolxozları, sovxozları dağıtsınlar. Onlar hakimiyyətə gələndən sonra bundan yaxşılarını tikəcək və xalqı süd gölündə üzdürəcəklər...
Doğrudan da artıq çaş-baş qalan, çörək almağa pul tapmayan, dəhşətli xaosun içərisində yaşayan xalqın böyük əksəriyyəti onlara inanır və bəylərin hakimiyyətə gəlməsi üçün ayağa qalxır, iqtidarda olanları devirmək istəyirdilər. Onlar bu ümidlə, istəklə özlərini “canıyanan” kimi göstərən həmin qaragüruhçu adamlara qoşulurdular ki, daha bundan sonra cavanlarımız pul qazanmaq üçün Rusiyaya və başqa ölkələrə getməyəcəklər. Subay oğlanlarımız Mariyaların, Sonyaların eşqilə xaricə köçməyəcək və qızlarımız da evdə qalıb qarımayacaqlar...
Belə bir vaxtda, xaosun, hərc-mərcliyin pik nöqtəsinə yaxınlaşdığı, hakimiyyət üstündə davanın qızışdığı zamanda doğma torpaqlarımızı erməni gavurlarından qorumağa nə əsəgər, nə də silah-sursat tapılmadığından, ermənilər rusların əlilə dədə-baba yurdlarımızı işğal eləyir, həmvətənlərimiz öz doğma evlərindən, obalarından didərgin, qaçqın düşürdülər...
Meydanlarda özlərini xalqın xilaskarı adlandıran bəzi bəylər qonşularımız olan rusların, farsların ünvanına təhqiramiz fikirlər işlətməklə, hətta tezliklə Dərbəndi, Borçalını və Cənubi Azərbaycanı da Şimali Azərbaycana birləşdirəcəklərini xalqa vəd edirdilər. Buna görə onların çoxlu silah-sursatı olduğunu, bəzi xarici ölkələrin də onlara kömək edəcəklərini ağ yalan kimi xalqa sırıyırdılar. Bu məkrli fikirləri eşidən ruslar və farslar ermənilərə həm silah, həm texnika və həm də canlı qüvvə ilə köməklik etməklə, kəndlərimizi, rayonlarımızı bir-bir işğal eləyir, həmvətənlərimizi öz doğma yurdlarından qovur, öldürürdülər...
Belə bir vaxtda Xocalı faciəsinin, Ağdaban fəryadının harayı artıq xalqı çaş-baş qoymuş və özünə inamını tam itirmişdi. Xalq demək olar ki, arxasız, başsız qalmışdı...
...Bundan istifadə eləyən bəylər hakimiyyəti ələ keçirdilər. Amma az bir vaxtda bəylərin dövlətçilik təcrübəsinin, yüksək savadının, təşkilatçılığının olmaması və onların içərisində böyük bir qrupun yalnız özünü düşünməsi, pul qazanmaq hərisliyi aydın oldu. Baxmayaraq onların içərisində xalqı düşünən, xalq üçün çalışanlar da vardı, amma əfsus ki, çox az idi...
Yusif-Sərrac kimi zorla hakimiyyətə gətirilərək prezident kürsüsündə əyləşdirilən Böyük bəy özü nə qədər təmiz olsa da, xalqı fikirləşsə də, amma güclü siyasətinin olmaması və ətrafında olanların onu eşitməməsi, “mənəm-mənəmliyi”, hətta onun kabinetini “siqaret çəkmək otağına” çevirmələrinin belə qarşısını ala bilmirdi. Böyük bəyin otağındakı tüstüdən o, danışanların kim olduğunu belə ayırd eləməyə çətinlik çəkirdi. Artıq bəylər bir-birini mətbuatda, televiziyada təhqir edir, bir-birinə əl qaldırır, küçə söyüşləri işlədirdilər. Torpaqlar isə bir-birinin ardınca boşaldılır, zavodlar, fabriklər bağlanır, onların lazımlı hissələri sökülərək, Türkiyəyə, İrana daşınırdı. Kolxozların, sovxozların mal-qaraları İrana aparılaraq, qəpik-quruşa satılırdı. Saqqıza dəyişdirilirdi...
Xalq başını artıq itirmişdi. Çünki bəylərin bu özbaşınalığını görən, yaxşı mütəxəssis olsa da “partokrat” damğası ilə işdən çıxarılan insanlar, artıq bəylərə qarşı mübarizəyə qalxmışdılar. Beləliklə, məmləkətdə vətəndaş qırğını başlayırdı...
Hətta “yuxarı eşalonda” tərbiyəsizlik, mənəm-mənəmlik, özündən müştəbehlik, prezidenti saymamaq, ona tabe olmamaq, onun sözlərini, fikirlərini qulaq ardına almaq, ona Yusif-Sərrac kimi baxmaq baş alıb gedirdi. Özünü “kapitan Kataniya” adlandıran Daxili işlər naziri və onun əsabələri məmləkətin rayonlarını gəzir, pullu adamların varidatını, xarici maşınlarını əlindən alır və böyük cəzalar tətbiq edirdilər. Onun və əsabələrinin yekəxanalığına, qəddarlığına dözməyən, əlində olan beş-üç manatı alınan adamların bəzilərinin ürəyi partlayıb ölürdü...
Həmin adamlardan bəzilərini yaxşı tanıdığıma və onların başına gətirilən dəhşətli hadisələri danışan vaxt necə hönkür-hönkür ağladıqlarının da şahidi olduğumdan ürəyimdən qara qanlar keçir və həmin “kapitan Kataniya”ya nifrətimi gizlədə bilmirdim... Bu adamın və əsabələrinin həyasızlığı, tərbiyəsizliyi o yerə gəlib çatmışdı ki, televizorda canlı yayım getdiyi vaxt, onun ünvanına Baş nazirin dediyi iradlara görə təcili studiyaya gəlmiş və veriliş gedən vaxt canlı yayıma girərək, onu söyüb təhqir eləmiş, onların əlbəyaxa döyüşü xalqa canlı yayımlanmışdı...
Xalq hakimiyyətdə oturan yüksək rütbəli məmur bəylərin bu özbaşınalığını nifrətlə qarşılasa da, qorxusundan heç nə deyə bilməmişdi. İnsanlar sadəcə onlara inanıb hakimiyyətə gətirdiklərinə görə özlərini yamanlayır, qınayırdılar. Hətta prezident “Yusif-Sərrac” onlardan qorxduğuna, çəkindiyinə görə heç birini işdən çıxarmamışdı. Xalq bu gördüklərinə, prezidentin sərt hərəkət etməməsinə, qəti addımlar atmamasına çaşıb qalmışdı. Xalq bir şeyi fikirləşirdi ki, bu bəyləri hakimiyyətə gətirməklə çox böyük səhv eləyib. Bəlkə elə, “partokratların” ardınca getsəydilər, başlarına bu hadisələr, müsibətlər də gəlməzdi, deyə düşünürdü...
Bütün bunları - ölkəni ağuşuna alan xaosu, hərc-mərcliyi, məmləkətin talan olunmasını, zavodların, fabriklərin sökülüb dağılmasını, Malıbəylinin, Xocalının, Ağdabanın və ən dəhşətlisi Kəlbəcər kimi böyük sərvəti olan yerin işğal olunmasını çox ağrılı qarşılayan və Naxçıvandan izləyən Heydər Əliyev xalqa heç bir köməklik göstərə bilmədiyindən böyük sarsıntılar keçirir, bir vaxtlar on beş respublikanın arasında ən varlı respublikalardan biri elədiyi Odlar yurdunun necə bataqlığa yuvarlandığını ürək ağrısı ilə seyr edirdi... Bir dəfə geniş infarkt keçirən, böyük iradəsi, səbri, dözümü ilə ölümə qalib gələn Ulu Öndər yenidən infarkt keçirəcəyindən qorxurdu... Əgər belə olsa, xalqa daha heç bir köməklik eləyə bilməyəcəkdi və ölkə parçalanacaqdı. Azərbaycan adlı ölkənin adı az bir vaxtda tarixdən silinəcəkdi...
Amma onun bir təskinliyi vardı ki, Naxçıvanda camaat ona Böyük Tanrı kimi inanır, hörmət eləyirdi. Bu torpağın blokadada olmasına baxmayaraq insanlar aclığa, susuzluğa, səfalətə, iqtisadi böhrana dözərək onun ətrafında daha sıx birləşərək, torpağı yağı düşməndən bacardıqları kimi qoruyurdular. Onun çox böyük təkidi, qorxmazlığı ilə qaldırılan üç rəngli milli bayrağı göz bəbəyi kimi qoruyurdular. Hətta artıq bir əsrdən çox farsların və rusların məkrli oyunu ilə iki yerə parçalanan Odlar yurdunun tikanlı məftillərini, sərhəd dirəklərini rus-fars əsgərlərindən qorxmadan qırıb atır, yandırırdılar. O taylı-bu taylı bacı və qardaşlarımız uzun illərin həsrətliləri kimi bir-birinə sarılırdılar... Bu qürurverici səhnələri gördüksə adamların ürəyi dağa dönürdü... Gözlərinə inanmırdılar ki, bu möcüzə məhz onların yaşadığı zamanda, gözlərinin qarşısında baş verir... Bundan həvəsə gələn, özündə güc-qüvvə toplayan bütün sərhədyanı bölgələrdəki həmvətənlərimiz də sərhəd dirəklərini, məftilləri söküb atırdılar. Çünki hər biri arxasında Ulu Öndəri görür, onun qorxmazlığından, qətiyyətindən ruhlanırdı... Bütün bu tarixi hadisələrdən dahi rəhbər ustalıqla nəticə çıxarmağa çalışırdı...
Farslar və ruslar Azərbaycanın yenidən birləşəcəyindən qorxuya düşərək Şimali Azərbaycanı bütövlükdə parçalamaq haqqında planlar cızırdılar. Məmləkət bu dəfə dörd yerə bölünməli idi. Cənub və Naxçıvan farslara verilməli, Bakı və Muğan bölgəsi rusların əlinə keçməli, Qarabağ-Gəncə ermənilərə peşkəş olunmalı, Qazax, Zaqatala bölgəsi də gürcülərə verilməliydi. Dahi şəxsiyyət Heydər Əliyev bütün bu oyunları aydın dərk edirdi, amma xalqa heç bir köməklik göstərə bilmirdi... Vəziyyət isə gündən-günə gərginləşir, xalq vətəndaş qırğını ərəfəsinə addım-addım yaxınlaşırdı. Xalqın önünə çıxıb, bu qırğının qarşısını ala biləcək rəhbər, lider isə paytaxtda yox idi.
...Artıq Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə Odlar yurdunun tezliklə parçalanacağını duyan ziyalılar Naxçıvana gedib Ulu Öndərdən kömək, imdad istədilər. İnsanlar isə küçələrə çıxıb, əllərində olan “Xalq Heydər-Heydər xalq” plakatları ilə polisin dəyənəklərinə rast gəlsələr də geri çəkilmədilər. Dahi rəhbər Bakıya dəvət edildi, xalqa arxa-dayaq olmaq ondan xahiş edilirdi.
Ziyalılara diqqətlə qulaq asan Heydər Əliyev bu işin reallaşmasını tam görə bilmirdi. O, yaxşı bilirdi ki, ruslar, farslar, ermənilər buna qarşı idilər. Həmçinin onların xəfiyyəsinə işləyən, düşmən dəyirmanına “su tökən” yüksək rütbəli məmurlarımız çoxluq təşkil edirdi. Qonşu xarici ölkələr də Azərbaycan adlı “yağlı tikəni”, böyük sərvəti, torpağının altı və üstü qızıl olan bir diyarı heç vəchlə əldən çıxarmaq istəmirdilər...
...Bütün bunları fikirləşən, yuxusu ərşə çəkilən böyük iradəli insan xalqının, millətinin dərd-ələm içərisində olduğunu bilən dahi rəhbər beynindən yalnız bu sualları keçirirdi: “Canımdan artıq sevdiyim xalqıma, məmləkətimə necə köməklik göstərim? Yetmiş ildən sonra yenidən müstəqillik qazanan ölkənin parçalanmasının qarşısını necə alım? Müqəddəs müstəqillik yolunda qan tökən həmvətənlərimizin ruhunu necə şad eləyim?”...
... Suallar çox, bütün cavablar isə qaranlıq bir dalana dirənirdi. İti ağlı, böyük səbri, dərin siyasəti ilə Moskvadakı düşmənlərinin əlindən sağ çıxaraq, doğma Vətənə dönən dahi rəhbər xalqı düşdüyü çamurluqdan çıxarmaqda elə bil ki, aciz idi... Çünki iqtidarda və müxalifətdə olanları bir araya gətirməli, ortaq məxrəc tapmalıydı ki, xalq qırğına, vətəndaş müharibəsinə getməsin. Bu, artıq onun üçün Hamletin “Ölüm, ya olum” monoloqundakı kimi çətin iş idi. O, bu suala dəqiq, qansız-qadasız cavab axtarırdı... Vaxt isə gözləmirdi. Torpaqlar işğal olunur, qaçqınların, köçkünlərin sayı durmadan artırdı. Axarlı-baxarlı, cənnətməkan yurdlarını qoyub gələnlər bu dərdlərə dözə bilmir və ürəkləri qubar eləyir, haqq dünyalarına qovuşurdular... Ölkəmizə qarşı daha çox müsibətlərin baş verməsinin qarşısı hökmən alınmalı idi...
... Kəlbəcərin işğalından sonra Böyük bəy başını tam itirmiş, onu bu oyuna salanlara lənətlər yağdırırdı. Onun xalqa cavab verməyə, onlara ümidli söz deməyə üzü yox idi. Prezident olmağa razılıq verdiyinə görə də o, çox peşman idi. Çünki Milli Məclisdə keçirilən iclasların necə böyük təhqirlə keçməsini görsə də heç nə deyə bilmir, yalnız siqareti-siqaretə calayardı. Arada demək istədiyi iradları isə heç kim eşitmirdi. Heç kim onu saya salmırdı. Heç kim ona qulaq asmırdı. O, tam çaşqınlıq içərisində idi... Xalqın ona olan inamı artıq itmişdi. Çünki öz işini bacarmadığından ölkəni bir neçə adam idarə eləyirdi...
Səmimiyyətlə desək, Böyük bəy Vətənini canından çox istəyirdi. O, hakimiyyətə gəlişilə tayfabazlığın, yerlibazlığın, qohumbazlığın, rüşvətin qarşısını var gücü ilə almağa çalışırdı. Ən böyük səhvi isə uzun illər rəhbərlik təcrübəsi olan, dövlətçilik sahəsində uğurlu işlər görən, Odlar yurdunu heç də ondan az sevməyən, yüksək savada malik adamlara “partokrat” damğası vumaqla işdən çıxarması, səriştəsiz, meydanda ucadan qışqıran, kopud, yalnız özünü düşünən, mütəxəssis olmayanları onların yerinə qoyması idi. Bu təsadüfi adamlar isə ölkəni talan eləyirdilər... Məmləkət gündən-günə çökürdü. Bir tərəfdən də Böyük bəyin qonşularımızla, farslar və ruslarla çox kobud siyasət aparması, ölkədə iqtisadi vəziyyətin dözülməz olması, maliyyə gəliri olmaması ucbatından güclü qoşun yaratmağın çətinliyi və digər səbəblərdən hakimiyyət artıq laxlayırdı. Farslardan Cənubi Azərbaycanı, ruslardan Dərbəndi, gürcülərdən Borçalını, ermənilərdən İrəvanı, Göycə gölünü, Zəngəzuru tələb eləməsi bu adamın siyasətdə naşı, “piyada” olduğunu göstərirdi... O, tam başa düşürdü ki, tezliklə vətəndaş qırğını başlayacaq və bunun qarşısını almaq mümkün olmayacaq. Çünki orduda bəzi komandirlər ona qarşı idi və qoşunları sərhəddən çıxararaq, Bakıya hücuma hazırlaşır, onu devirmək, hətta öldürmək istəyirdilər... Ətrafında olan bir qrup satqın “yanan odun üstünə benzin töküb” vəziyyəti daha da qızışdırırdılar...
...Böyük bəy də “Ölüm, ya olum” sualı qarşısında qalmışdı... İstəsə də, istəməsə də “Xalq-Heydər, Heydər- xalq” deyən xalqın səsini eşidib, hökmən Heydər Əliyevi köməyə çağırmalıydı. Başqa çıxış yolu yox idi...
... Nəhayət, özündə təpər, güc , qətiyyət taparaq dahi insana telefonla zəng elədi. Onu Odlar yurdunun düşdüyü bu bəladan xilas etmək üçün köməyə çağırdı. Onun fiziki aradan götürülməməsinə, qorunmasına tam təminat verdi... Hər ikisinin bir saatlıq söhbəti ümid işartısı yaratdı. Böyük şəxsiyyət bu işin necə çətin olduğunu bilsə də, Bakıya gəlməyə, ona köməklik eləməyə, qardaş qırğınının qarşısını almağa razılaşdı... Söz verdi.
...Dahi rəhbər Naxçıvanda olduğu üç illik əziyyətləri arxada qoyaraq Bakıya gəlməklə Naxçıvan camaatını blokadadan, aclıqdan, iqtisadi çətinlikdən çıxaracağına əmin idi. Azərbaycanda görəcəyi işlərin də palnı artıq onda hazır idi. Hətta canı bahasına olsa da ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmalı, vətəndaş qırğınının qarşısını almalı, məmləkətə düşmən kəsilən ruslarla, farslarla da özünün böyük siyasəti ilə dil tapmalı, yenidən onlarla dostluq əlaqələri yaratmalıydı. O, çox böyük siyasətçi kimi başa düşürdü ki, başqa cürə mümkün deyil. Ən əsas məqsəd isə Qarabağ müharibəsinin qarşısını almaq, atəşkəsə nail olmaqla xarici ölkələrdəki iş adamlarını, sahibkarları inandıraraq doğma yurdumuza gətirməklə dirçəlişə nail olmaq, güclü iqtisadiyyatla qüdrətli ordu yaratmaq və torpaqları geri almaq idi. Bu işlərin tezliklə reallaşacağına öz adı kimi inanırdı. Bu ali məqsədini millətimizə, xalqımza inandırmaq üçün tez-tez bu atalar sözünü deyirdi: “Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”.
...Naxçıvandan gələn təyyarə Bakı aerovağzalına yerə endi. Bir neçə dəqiqədən sonra dahi rəhbər trapda göründü. Buraya toplaşan insanların gurultulu səsləri eşidildi: “Xilaskar gəldi! Xilaskara eşq olsun!” Minlərlə insan onu gül-çiçəklə, alqışlarla qarşıladı. Söz yox ki, “Xalqın öz liderinə məhəbbətinin qarşısını almaq istəyənlər, özləri də bilmədən bu məhəbbəti daha da alovlandırır və onların qəlblərində əbədi heykələ çevirməsinə yol açırlar”.
Ulu öndər “Mən həyatımın bundan sonrakı illərini xalqıma, onun xoş günlərinə bağışlamalıyam. Xalqımın əvvəlki əzəmətini, özünə inamını geri qaytarmalıyam. Bu xalq tarixlər boyu döyüşkən olub. O, hökmən öz gücünə inanmalı və tezliklə işğal altında olan torpaqlarını geri qaytarmalıdır” fikrlərini beynindən keçirərək inamlı addımlarla trapdan düşüb, özünəməxsus gülüşlə əlini yuxarı qaldırıb, hamı ilə salamlaşdı. Televiziyalar isə bu tarixi məqamı təkcə məmləkətə yox, bütün dünyaya yaydı...
Artıq xalq dərindən nəfəs alaraq, fikirləşirdi: “Ölkənin sahibi nəhayət, geri qayıtdı. Bu ölkə bir daha parçalanmayacaq, vətəndaş qırğını olmayacaq. Azərbaycan həqiqətən müstəqil dövlət kimi öz sözünü hər zaman layiqincə deyəcək. Onun üç rəngli bayrağı dünyanın hər yerində dalğalanacaq. Xalq öz gücünü, nəyə qadir olduğunu yenidən bəşəriyyətə sübut edəcək. Sübut edəcək!”...
Ağalar İDRİSOĞLU,
Əməkdar Mədəniyyət işçisi