Barələrində sənədli film hazırlanmış şuşalı şəhid analarının hər birinə İradə Məlikova al-əlvan kəlağayılar hədiyyə etdi ki, daha yasdan çıxmağın vaxtıdır
Şəhidlər haqqında nə qədər yazılsa, nə qədər deyilsə, yenə də azdır. Vətənin azadlığı yolunda canından keçmək hər adama nəsib olmur. Çünki şəhidlik zirvəsi, elə bir zirvədir ki, hər kəsin ora ucalması mümkün olmur. İstər I Qarabağ müharibəsində, istərsə də II Qarabağ müharibəsində canından keçən şəhidlər xalqımız tərəfindən heç vaxt unudulmur.
44 günlük Zəfərlə başa çatan II Qarabağ müharibəsində canını fəda etmiş şəhidlər də bizim üçün əzizdir, unudulmazdır. Vətən yolunda şəhid olanların taleyi eyni olsa da, qəhrəmanlıqları müxtəlifdir. Bu şəhidlərin hər biri əsl qəhrəmanlardır. Bu qəhrəmanlar orta məktəbdə, cəmiyyətdə tədricən yetişir. Vətən haqqında öyrənə-öyrənə onu sevir və nəhayət, vətənin bir parça daşına çevrilirlər.
44 günlük II Qarabağ müharibəsində Azərbaycanın bütün bölgələrindən asılı olmayaraq, hamı bir nəfər kimi bu döyüşə köklənmişdi. Bildiyimiz kimi, həmin döyüş zamanı işğaldan azad olunan ərazilər, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən elan olunduqca, hamını bir sual düşündürürdü: - Görəsən, Şuşa da azad olunacaqmı? Axı alınmaz qala olan Şuşa 1992-ci ildə xəyanətin qurbanı olaraq, ermənilər tərəfindən işğal olunmuşdu. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Şuşa yenə hər bir azərbaycanlının sanki qibləgahı idi. Ona görə də həmin döyüşlər zamanı bu barədə sual veriləndə Prezident cənab İlham Əliyev belə cavab vermişdi: “Şuşasız işimiz yarımçıq olar”. Yəni Şuşa mütləq alınacaqdır. Hamının ürəyində, qəlbində bu sözlər bir inam yaratmışdı...
Bəli, bu döyüşlərdə bütün bölgələr kimi şuşalı olub, Şuşanı görməyən oğullar da canlarından keçdilər. Maraqlıdır ki, Şuşanı görməyən bu igidlər daim Şuşaya can atıblar. Dəfələrlə evlərində bildiriblər ki, Şuşanı biz alacağıq. Belə də oldu. II Qarabağ döyüşlərində 9 şuşalı da şəhidlik zirvəsinə ucaldı. O şuşalılar ki, Bakıda doğulublar, orta məktəbi Bakıda oxuyublar və Şuşa haqqında ancaq valideynlərindən eşidiblər. Bununla belə, ata-ana yurduna qiyabi olaraq, necə bağlanıblarsa, bu yolda da canlarından keçməyi özlərinə borc biliblər.
Ötən həftə, məhz bu şuşalı şəhidlər haqqında Azərbaycan Nəşriyyatının akt zalında geniş tədbir keçirildi. Tədbir Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədovanın (Tahirə Şuşalı) 9 şuşalı şəhidin iki nəfəri haqqında hazırladığı sənədli filmin təqdimatına həsr olunmuşdu. Leytenant Həsənov Nurlan Nadir oğlu və əsgər Allahverdiyev Allahverdi Əli oğlu 9 şuşalı şəhiddən ikisidir. Bu iki nəfər haqqında Tahirə Məmmədova çox böyük əziyyətlər hesabına olduqca maraqlı sənədli film hazırlamışdır. Filmdə şəhidin doğmaları, qohumları, müəllimləri, döyüş dostları Nurlan Həsənov və Allahverdi Allahverdiyev haqqında xatirələrini bölüşdülər. Onların keçdiyi həyat və döyüş yolu tədbir iştirakçılarına canlı olaraq, təqdim olundu.. Bir daha məlum oldu ki, bu iki şuşalı şəhid, əsl elinə, obasına bağlı vətənpərvər gənclər olublar olublar. Allahverdi subay olsa da, Nurlanın azyaşl qızı və oğlu bizlərə yadigar qalıb. Valideynləri də öz çıxışlarında bildirdilər ki, bu şəhidlər Şuşanı görməyiblər, amma daim “Şuşanı biz alacağıq” deyirdilər. Əlbəttə, onlar öz dediklərinə əməl etdilər və Şuşanı bizlərə əmanət verib, getdilər.
Tədbirdə bir çox QHT rəhbərləri, şuşalı tanınmış şair və ziyalılar iştirak edirdi. Şairlərdən Ramiz Oğuz, Əyyub Şirlanlı, Şahmar İbrahimov, professor Sveta Həsənova, bir vaxtlar SSRİ ali sovetinin deputatı olmuş, tanınmış ziyalı Zivər Səfərova, qazilər, veteranlar və bir çox tanınmış ictimai-siyasi xadimlər iştirak edirdilər. Tədbir Azərbaycanın himni və şəhidlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükutla başladı. Tahirə Şuşalı tədbiri açıq elan edərək, həm QHT rəhbəri və ictimai xadim, həm də şairə kimi qeyd etdi ki, 9 şuşalı şəhidin iki nəfəri haqqında bu sənədli filmi hazırlamaqda yaranan bir çox çətinliklər onu narahat etməyib: “Bir şuşalı kimi bu, mənim borcum idi. Nurlanın anası deyəndə ki, oğlum “Ana, Şuşanı mən alacağam” təəccüblənirdim. Axı bu uşaqlar Şuşanı görməmişdilər. Tale elə gətirdi ki, Şuşanın alınmasında məhz Şuşanı görməyən şuşalılar canlarından keçdilər və 30 illik işğala son qoyaraq baş tacımız olan Şuşanı bizə qaytardılar. Belə igidlər bizim həmişə fəxrimizdir. Mən hələ iki şuşalı şəhid haqqında sənədli film hazırladım. Yerdə qalan 7 şəhid haqqında da belə sənədli film hazırlayacağam ki, gələcək nəsillər Şuşanı görməyən, lakin yolunda canından keçən belə igid şuşalıları tanısınlar və yadda saxlasınlar.
Tədbirdə çıxış edən Ramiz Oğuz, Əyyub Şirlanlı şəhidlərimizin necə qəhrəmanlıqlar göstərdiklərini xüsusi qeyd etdilər. R.Oğuz Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirini söylədi. I Qarabağ döyüşünün iştirakçısı, oğlumun isə II Qarabağ döyüşünün iştirakçısı olması qeyd edilərək, mənə də söz verildi. Mən öz çıxışımda şəhid analarına belə tədbirlərin bir təsəlli olduğunu və bu kimi tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladım: “Şəhid atalarını, analarını bir an da olsa, unutmaq olmaz. Onların döyüş zamanı nələr çəkdiyini, oğlu həmin döyüşlərdə olan bir ata kimi, mən yaxşı başa düşürəm. Şəhidlər Allahın seçilmişləridir. Bizlərə bu ad qismət olmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə şəfa tapsın, veteranlarımıza isə uzun ömür qismət olsun”.
“DODO” qəzetinin baş redaktoru İradə Məlikovanın çıxışı və şəhid analarına hədiyyəsi isə, qeyri-adi oldu. Bildiyimiz kimi, şəhid anaları bütün tədbirlərə qara paltarda və qara yaylıqda gəlirlər. İradə Məlikova haqlı olaraq, bu ənənəni pozmağı təklif etdi və şəhidlərimizin torpaqlarımızı azad edərək bizlərə böyük sevinc yaşatdıqlarını qeyd etdi. Ona görə də şəhid analarının qara yox, al-əlvan geyinməyə haqları olduğunu bildirdi. Axı onların övladları ona görə şəhid olmayıb ki, anaları qara geyinib, yas saxlasın. Bu igidlər ona görə şəhid olublar ki, bizim torpaqlarımız azad olsun və bizlər ağ günlərə çıxaq. Bu səbəbdən də, İradə Məlikova şəhid analarının hər birinə al-əlvan kəlağayılar hədiyyə etdi ki, daha yasdan çıxmağın vaxtıdır. İ.Məlikovanın bu addımı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Buna görə İradə xanıma sonsuz təşəkkürlərimizi bildiririk.
Tədbirə yekun vuran Tahirə Şuşalı, gələn qonaqların hər birinə təşəkkürünü bildirdi və hamını şəhidlərin adına açılmış kiçik ehsan süfrəsinə dəvət etdi.
Elçin MƏMMƏDLİ