Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri bu gün Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində görüşüblər.
Dövlət başçıları, o cümlədən Rusiya Prezidenti Vladimir Putin Bişkeklə bitişik Çon-Arık kəndində, Ala-Too silsiləsinin ətəklərində yerləşən “Ala-Arça” (“Rəngli ardıc”) dövlət iqamətgahında toplaşıblar. Bir qayda olaraq, Bişkekdə yüksək səviyyəli xarici qonaqların iştirakı ilə bütün tədbirlər onun ərazisində keçirilir.
Sammit Qırğızıstan Prezidenti Sadır Japarovun görüşə gələn liderlərin qarşılanma mərasimi ilə başlayıb. Plana əsasən, sammit iştirakçıları ənənəvi olaraq kollektiv şəkil çəkdirərək, Ali Avrasiya İqtisadi Şurasının iclasının keçiriləcəyi zala keçəcəklər.
İclasın birinci hissəsi Aİİ ölkələrinin birbaşa iştirakı ilə dar formatda keçirilir. Daha sonra müşahidəçi dövlətlər - Kuba və Özbəkistanın da qoşulacağı geniş tərkibdə danışıqlar aparılacaq. Görüşdən sonra liderlər bütöv sənədlər paketini təsdiq edəcəklər.
Liderlərin ümumi qaz bazarının formalaşdırılması və enerji sektorunda idarələrarası şuranın yaradılması, Aİİ məkanında inteqrasiyanın daha da dərinləşdirilməsi, xidmətlər üçün vahid bazarın inkişafı məsələlərini müzakirə edəcəyi gözlənilir. Sammitdə həmçinin bütöv sənədlər paketinin təsdiqlənməsi və İttifaqın 2023-cü il üçün beynəlxalq fəaliyyətinin əsas istiqamətlərinin təsdiqlənməsi planlaşdırılır.
SEEC Avrasiya İqtisadi İttifaqının ali dövlətlərüstü orqanıdır. Bu, Ali Avrasiya İqtisadi Şurasının bu il ikinci iclasıdır. Bundan əvvəlki iclas mayın 27-də Qırğızıstanın sədrliyi ilə videobağlantı vasitəsilə keçirilib.
E.ŞİRİNOV