Qərbin Suriyaya dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında yardım etməkdən imtina etməsi qeyri-insani məntiqlə doludur.
Bu fikri cümə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova səsləndirib.
“Mövcud şəraitdə Suriyaya qarşı tətbiq edilən qeyri-qanuni birtərəfli sanksiyalar qalmaqdadır və bu, yumşaq desək, zəlzələnin nəticələrinin aradan qaldırılması, digər dövlətlər və qeyri-hökumət təşkilatları tərəfindən suriyalılara yardım göstərilməsi prosesini çətinləşdirir. Bu, birbaşa insanların təkcə iztirablarına deyil, həm də qurbanlarına gətirib çıxarır və Suriyada baş verən faciənin miqyasını nəzərə alsaq, Qərb dövlətlərinin bu cür davranışı insan əxlaqı normalarına ziddir və buna haqq qazandırmaq olmaz. Bu, sadəcə qeyri-insani məntiqdir”, -deyə Zaxarova qərbi sərt şəkildə tənqid edib.
Zaxarova qərbi “öz qeyri-insani mövqeyinə dərhal yenidən baxmağa, Suriyaya qarşı qüvvədə olan məhdudlaşdırıcı tədbirləri ləğv etməyə çağırırıq”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, BMT-nin baş katibi Antonio Quterreş də Suriya ilə bağlı dünyaya çağırış edib.
O, qeyd edib ki, sanksiyalar zəlzələdən zərər çəkmiş Suriya xalqına humanitar yardımın göstərilməsinə mane olmamalıdır.
Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyədə silsilə zəlzələ hadisələri baş verib. Yeraltı təkanlar Suriyanın Hələb, Latakiya, Tartus və Həma əyalətlərində də qeydə alınıb. SANA-nın xəbərinə görə, Hələb, Lazkiye, Hama və Tartus əyalətlərində rejimin nəzarətində olan bölgələrdə 1262 nəfər həyatını itirib, 2285 nəfər isə yaralanıb.
Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə çoxlu binalar dağıdılıb və ya zədələnib.
Suriya İnsan Haqları Şəbəkəsi (SNHR), Mülki Müdafiə (Ağ Dəbilqəlilər), yerli hakimiyyət orqanları, səhiyyə təşkilatları və yerli mənbələrdən əldə məlumata görə, Suriyanın İdlib və "Fərat Qalxanı" və "Zeytun Budağı" əməliyyatı bölgələrində ən azı 1900 adam həlak olub, 2950-dən çox adam yaralanıb.
Zəlzələdən sonra Suriya hakimiyyəti beynəlxalq ictimaiyyətdən zəlzələlərin nəticələrinə yardım göstərməyi xahiş edib.
JASMİN